Gənclərin əmək bazarına inteqrasiyası
Yeni iş yerlərinin 80.4 faizi Bakının, 18.4 faizi digər rayonların, 1.2 faizi Naxçıvanın payına düşür
Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bir sözlə, gənclik hər bir ölkənin gələcəyinin bünövrəsi, təməl daşıdır. Ona görə də gənclərin elmi biliklərə yiyələnməsi, sağlam ruh və bədənə malik olması, əmək bazarına inteqrasiyası, mənzil problemləri, milli dəyərlərimiz əhatəsində tərbiyəsi ən vacib məsələlərimizdəndir. Bəs bu məsələlərin davamlı olaraq təkmilləşdirilməsi, gənclərin hərtərəfli inkişafı ilə bağlı hansı addımlar atılır? Onların ən mühüm problemləri nədir?
Qəzetimizin bundan öncəki saylarında da mövzu ilə bağlı mütəxəssislərlə müsahibələr aparıb gəncləri narahat edən məsələləri işıqlandırmışıq. Onlar gəncləri, xüsusən də bölgələrdə yaşayanları narahat edən əsas məsələlərdən birinin işsizlik, işləyən gənclərin isə asudə vaxtlarının təşkili məsələsi olduğunu bildiriblər.
Qeyd edim ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin doqquz ayında Azərbaycanda 60.9 min yeni iş yeri açılıb. İllik müqayisədə yeni iş yerlərinin sayı 9.1 minə yaxın, yəni 17.6 faiz artıb. Lakin yeni iş yerlərinin 80.4 faizi Bakının, 18.4 faizi digər rayonların, 1.2 faizi Naxçıvanın payına düşür.
Mütəxəssislər qeyd edir ki, ilk növbədə peşə məktəbləri, təhsil müəssisələri kadr hazırlayarkən gündəmi nəzərə almalıdır. Bəzi ixtisaslar var ki, bu gün, ümumiyyətlə, heç nəyə yararlı deyil, onlar yenilənməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində hər il təhsil müəssisələri strateji baxış keçirir. İxtisasların təkmilləşdirilməsi zamanı əmək bazarının və iqtisadi dəyişikliklərin tələbləri göz önündə tutulmalıdır və s.
Düzdür, bu şərtlərə də əməl olunmalıdır. Amma bununla belə, yuxarıda qeyd etdiyim kimi, açılan yeni iş yerlərinin 80 faizinin paytaxtda yerləşməsi, tək bölgələrdə işsizlik problemi yaratmaqla kifayətlənmir, o cümlədən urbanlaşma prosesini daha da sürətləndirir, insanların iş tapmaq üçün şəhərə axışması nəticəsində rayon və kəndlərimizin boşalmasına, beləliklə də, orada iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin, bir sözlə, bütün sahələrin zəifləməsinə səbəb olur. Sözsüz ki, paytaxtda əhalinin sıxlığı da öz növbəsində bir çox qarşısıalınmaz, uzun vadəli çətinliklər yaradır.
Asudə vaxtlarının təşkili məsələsinə gəlincə isə, şəhərdə parklar, böyük mollar, alış-veriş mərkəzləri, idman zalları, ailəvi restoranlar, əyləncə, mədəniyyət mərkəzlərinin sayı günbəgün çoxalır. İmkan daxilində gənclər asudə vaxtlarında bu yerlərə üz tuta bilirlər. Rayon və kəndlərdə isə kitab evləri, mədəniyyət mərkəzləri, kino, teatr, böyük alış-veriş mərkəzləri, parklar və s. yox dərəcəsindədir. Gənc ailələr də övladları və ya dost-tanışları ilə gəzəcək, gedəcək bir yerin olmadığından şikayətlənirlər. İşdən sonra oğlanlar adətən günlərinin geri qalanını çay evlərində, qızlar isə ev işləri görməklə keçirirlər.
“Gənclər bizim genefondumuzdur, gələcəymizdir”- deyən Milli Məclisin deputatı Arzu Nağıyev qeyd etdi ki, sözsüz, bir sıra problemlər hələ də var. Bu məsələlərin həlli istiqamətində icra qurumları, qanunverici orqanlar və birbaşa cavabdeh olan təşkilatlar əməli fəaliyyət göstərməlidirlər. Düşünürəm ki, bu sahədə görüləcək işlərimiz də hələ çoxdur. Çünki bu gün gənclərə qoyulan hər hansı bir maddi və mənəvi sərmayə gələcəkdə Azərbaycanın çiçəklənməsi deməkdir. Ona görə də bu istiqamətdə vəhdət şəklində mühüm addımlar atmalıdır. Lakin qeyd edim ki, bu gün dövlət tərəfindən aparılan islahatlarda gənclər birmənalı olaraq ön plandadır. İstər təyinatlarda, istərsə də kadr islahatları ilə bağlı məsələlərdə gənclərə mühüm yer verilir: “Universitetlərdə, elm ocaqlarında təhsil aldıqdan sonra gənclərin işlə təminolunma prosesi, gənc ailələrlə bağlı atılan addımlar, onların mənzil şəraitinin yaxşılaşdırılması, ipoteka ilə bağlı yeniliklər mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Yəni bu proseslərdə həm dövlətin, həm də qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Deyərdim ki, bütün strukturlar bu istiqamətdə müvafiq addımlar atır ki, gələcək genefondumuz üçün perspektivlər açılsın. Çünki onların problemlərinin həlli gələcəyimizə gedən yollarda yaşıl işıqların yandırılması deməkdir.
Millət vəkili Fazil Mustafa bildirdi ki, Azərbaycanda bütövlükdə gəncliklə bağlı hazırda yürüdülən siyasətdə kifayət qədər boşluqlar var. Bunun da fəlsəfi təməli doğru qurulmayıb. Ona görə ki, gənclik deyəndə, sadəcə, mexaniki bir yaş müddəti üzərindən fikir yürüdülür. Bunun əsasında da gənclər evi və digər modellər yaradıldı. Onların da ciddi effekti olmadı. Gənclərlə bağlı təhsildən tutmuş idmana qədər, miqrasiya və başqa məsələləri də əhatə edə biləcək ölkənin dövlət siyasəti formalaşmalıdır. Bu məsələ ciddi, kompleks müzakirə tələb edir. Gənclərlə bağlı ipotekadan tutmuş erkən nikah, təhsil, işlə təminolunma və digər məsələlər sistemli bir proqram tələb edir.
Millət vəkili qeyd etdi ki, biz ilk növbədə gəncliyin savadlı yetişməsinə nail olmalıyıq. Bunun üçün qızlara məxsus ayrıca proqram tərtib olunmalıdır. Birmənalı olaraq ölkədə təhsilsiz qız uşağı qalmamalıdır. Azərbaycan ailəsinin savadsız ana üzərində qurulmasının qarşısını almalıyıq. Çünki savadsız ata da olanda daha acınacaqlı vəziyyət yaranır. Hesab edirəm ki, bunun üçün də biz xeyli gecikmişik. Yenə də ciddi cəhdlər, müzakirələr aparılmalıdır. Yerlərdə gənclərin asudə vaxtının səmərəli təşkili, işsizliyin aradan qaldırılması və digər məsələlər üzərində işləmək lazımdır.
Gənclik sabaha inam, böyük həvəs, hadisələrə yeni baxış deməkdir. Ölkə əhalisinin 23,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Biz necə gənclər yetişdirsək, tərbiyə etsək, deməli, dövlətimizin sabahı, gələcəyi də o cür olacaq. Onların hərtərəfli inkişafının, problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, milli siyasətin prioritet məsələlərindən birinə çevrildiyini hər birimiz aydın şəkildə görürük. Lakin görməklə qalmayıb, hər birimiz Azərbaycanın arzuolunan gələcəyi üçün bu sahədə əlimizdən gələn dəstəyi əsirgəməməliyik.
"Hər bir ölkə olduğu kimi Azərbaycanda da gənclərin səmərəli məşğulluğa cəlb olunması və iqtisadi inkişafa yönəldilən investisiyalar cəmiyyətin gələcək davamlı tərəqqisinə və gənclər siyasətinin güclənməsinə xidmət edir. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin cəmiyyətdə öz layiqli yerini tutmasına da zəmin yaradıb". Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirdi. Dedi ki, xüsusilə son illər gənclərimizin yüksək səviyyəli təhsilə yiyələnməsi, ictimai-siyasi proseslərdə fəallığı onları cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Azərbaycan MDB məkanında və Şərqi Avropada gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda ölkə əhalisinin 23 faizə yaxını gənclərdir. Bu vaxta qədər bir neçə dövlət proqramları, eləcə də “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin inkişaf Strategiyası” təsdiq edilib. Bütün sahələrdə gənc, istedadlı, kreativ gənclərə ehtiyac var. Əmək bazarında da mövcud tələblər gənclərimizin öz üzərlərində işləməsini, bilik və bacarıqlarını artırmasını, onların əmək bazarının tələblərinə uyğunlaşmalarını şərtləndirir. Mütəxəssislərin hesablamalarına görə, ölkədə hər il əmək bazarına 100 minə yaxın gənc daxil olur. Məlumdur ki, uzun illər gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olması idi. Peşə təhsili sistemində həyata keçirilən islahatlar bu problemin həllinə təkan verib. Əhalinin, xüsusən də gənc nəslinin əmək məşğuliyyətini təmin etmək üçün onların peşə hazırlığına dövlət tərəfindən yüksək səviyyədə dəstək nümayiş olunmaqdadır. Təhsilin məzmunu işəgötürənlərin tələblərinə uyğunlaşdırılır. Aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Xüsusilə turizm, informasiya texnologiyaları sahəsində gənclərin fəallığı müşahidə olunmaqdadır. Təsadüfi deyil ki, ölkəmizdə gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını yüksəltmək üçün müxtəlif xidmətlər tətbiq olunur. Yəni, bu gün dövlət gənc nəslin yüksək səviyyəli peşə və kadr hazırlığına malik bir fərd kimi yetişməsində maraqlıdır. Eyni zamanda təhsil səviyyəsini yüksək standartlara uyğunlaşdırmaq üçün xaricdə təhsillə bağlı dövlət proqramları icra olunmaqdadır. Ən böyük üstünlüklərdən biri də xaricdə təhsil alan gənclərimizin ölkəyə qayıtması, öz bilik və bacarıqları sayəsində ölkəmizin inkişafına töhfə vermələridir. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Əmək bazarında və ya təhsildə olmayan gənclərin xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, o cümlədən də gənclərin layiqli əməyə cəlb olunmasına nail olmaq əsas hədəflərdən biridir. Həyata keçirilən məşğulluğuq proqramları da xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi əldə etməsinə və əmək bazarında rəqabətin artırılmasına töhfə verməkdədir. Hesab edirəm ki, gənclərimiz məşöuılıuq proqramlarına maraq göstərmli, yaradılan şəraitdən səmərəli istifadə edərək, düzgün karyera planlamaları etməlidirlər. Çünki Azərbaycan gənclərinin potenasialı böyükdür. Biz də bütün vasitələrlə gənclərimizə daim dəstək götərməliyik.