Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tariximizin ən şərəfli səhifələrindən biri

Bakının azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması qədər mühüm bir hadisə idi.

15.09.2021 10:24
11
A+
A-

103 il bundan əvvəl - 1918-ci il sentyabrın 15-də Əlahiddə Azərbaycan Korpusu və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək, Azərbaycan dövlətinin tarixinə şərəfli bir gün yazdılar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri - tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova bu əlamətdar hadisəni şərh edərkən bildirdi ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunanda ölkənin şimalının bir hissəsi tamamilə Azərbaycan maraqlarına zidd olan qüvvələrin əlində idi. Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi ki, o da özünü Sovet Rusiyası hakimiyyətinin bir hissəsi hesab edirdi. AXC-nin qarşısında dayanan ən mühüm vəzifələrdən biri Bakının azad olunması idi. Bakı həmin dövrdə təkcə sənaye, iqtisadi mərkəz deyildi, eyni zamanda Qafqaz müsəlmanlarının milli fikir mərkəzi idi. Buna görə də Bakı uğrunda həm diplomatik, həm də hərbi savaş gedirdi. Diplomatik yolla Bakının azad olunmasının mümkün olmadığını görən Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı dövlətindən yardım istədi. Beləliklə, Osmanlı hərbi hissələri və Azərbaycanın yenicə formalaşmaqda olan hərbi qüvvələrinin birgə iştirakı ilə Bakı uğrunda qanlı savaş başladı. Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam Ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu. Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. 36 saat çəkən bu döyüşdə Bakı azad olundu.

Bakının azad olunmasına qədər Gəncə şəhəri müvəqqəti olaraq AXC-nin paytaxtı elan edilmişdi. Bütün bu hadisələrdən sonra Bakı məsələsi artıq beynəlxalq məsələyə çevrilmişdi. Çünki paytaxt sadəcə ölkə daxilində siyasi qüvvələrarası bir mübarizə deyildi. Belə ki, Xəzər hövzəsi və Cənubi Qafqaza öz ərazisi kimi baxan Böyük Britaniya bura hərbi ekspedisiya gətirmişdi, Sovet Rusiyası bu əraziləri özünün bir parçası hesab edirdi, Almaniyanın isə Bakı nefti ilə bağlı Qafqazlarda öz marağı var idi.  Digər tərəfdən də Osmanlı İmperiyası Azərbaycanın yardımına gələn bir dövlət idi. Göründüyü kimi, dünyanın aparıcı dövlətləri olan Böyük Britaniya, Rusiya, Almaniya və Osmanlı İmperiyası Bakı uğrunda mübarizə aparırdılar. Ancaq təbii ki, məqsədlər fərqli idi: əgər Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti müttəfiq idisə, birgə savaşırdısa, digər tərəflər isə öz maraqları naminə Qafqaz İslam Ordusuna qarşı birləşmişdilər. Üstəlik də ermənilərin “Daşnaksütun” partiyası “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün digər cəbhələrlə müttəfiqlik quraraq Osmanlı və Azərbaycan hərbi hissələrinə qarşı mübarizə aparırdı. Yəni, göründüyü kimi, Bakı məsələsi sıradan bir məsələ deyildi, beynəlxalq əhəmiyyət kəsb edən bir məsələ idi. Bakı azad olunmayana qədər Azərbaycan hökuməti öz qüvvələrini səfərbər edib digər ərazilər üzərində hakimiyyətlərini bərqərar edə bilmirdi. Belə ərazilərdən biri də Qarabağ ərazisi idi. Qarabağda həmin dönəmdə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən, özünü Ararat respublikasından, yəni Ermənistan hökumətindən ayrı elan edən Andranik müsəlmanlara, xüsusən də azərbaycanlılara divan tuturdu. Dəfələrlə Nuru paşanın xəbərdarlıqlarına baxmayaraq, yenə də silahı yerə qoymur, Azərbaycan hakimiyyətini tanımır, özlərinin qanlı əməllərini davam etdirirdilər. Ancaq Bakı azad olunduqdan sonra Qafqaz İslam Ordusu Qarabağ hərəkatına başladı. Və bu hərəkat həmin dönəmdə Qarabağ üzərində Azərbaycan hakimiyyətinin bərqərar olunması ilə nəticələndi. Bu, strateji əhəmiyyətə malik bir hadisə idi. Belə ki, Osmanlı dövləti I Dünya Müharibəsində məğlub olmuş bir vəziyyətdə idi və oktyabrın 30-da Mudros müqaviləsini imzalayıb qoşunlarını Cənubi Qafqazdan çıxartmalı idi. Həmin ərəfədə Qarabağın azad olunması, Şuşada rəsmi qələbənin gerçəkləşməsi ermənilərin Azərbaycan hakimiyyətini tanıması ilə nəticələnmişdi. Əgər buna vaxtında nail olunmasaydı, ermənilərin müttəfiq qüvvələrin yardımından istifadə edərək öz niyyətlərinə çatmaq imkanları yarana bilərdi. Ona görə də, Bakının azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması qədər mühüm bir hadisə idi.

Vacib hadisələrdən biri də Dağıstan hərəkatı, yəni Şimali Qafqazın azad olunması məsələsi idi. Belə ki, Şimali Qafqaz faktiki orada fəaliyyət göstərən Rusiya tərəfdarı olan dağlı xalqları ittifaqı tərəfindən işğal olunmuşdu. Amma Qafqaz İslam Ordusu Dağıstanı azad etməklə Azərbaycanın şimal tərəfindən təhlükəsizliyini təmin etmiş oldu. Qeyd edim ki, həmin hərəkatda Azərbaycan hərbi hissələri də vuruşurdu. Onların içərisində şəhid olanlar da var idi. Bütün bunlar o deməkdir ki, 103 il əvvəlki Osmanlı, yəni Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bizim müştərək şərəfli tarixi əməkdaşlığımızdır. Bu əməkdaşlıq əsrlər sonra bir daha özünü göstərdi: hər iki dövlət Qarabağ torpağının azadlığı uğrunda aparılan 44 günlük haqq savaşında yenə çiyin-çiyinə olduğunu dünyaya nümayiş etdirdi.

Sonda onu da qeyd etmək istərdim ki,   44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgəri dünyada görünməmiş bir şücaət göstərərək yalnız modern savaş nümunəsini tarixə yazmadı, eyni zamanda cəngavərlik ruhunu, türk savaş əxlaqını ortaya qoyaraq mərdi-mərdanə bir döyüş apararaq, başda Şuşa qalası olmaqla, işğalda olan torpaqlarımızı yağı düşməndən azad etdi. Və bunun nəticəsində, Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Bakıda keçirilən möhtəşəm “Zəfər” paradı əsrlər öncə başlayan qardaşlığın, bütün beynəlxalq konyekturalara baxmayaraq, davam etdiyini dünyaya bir daha nümayiş etdirdi”.

 

Aliyə SƏMƏDOVA

Foto