Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səsvermə günü hansı istehsalat sahələrində işçilərin işə cəlb edilməsinə yol verilir?

Şəfəq HƏŞİMOVA, Bakı şəhəri.

31.01.2024 15:01
12
A+
A-

- Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

Lakin istisna hal kimi bəzi sahələrdə səsvermə günü işçilərin işə cəlb olunmasına yol verilir. Belə ki, Əmək Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş hallarda:

- dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi;

- su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsinin təmin edilməsi;

- habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində müstəsna hal kimi səsvermə günü işçilər işə cəlb olunur.

 

Atalıq məhkəmə qaydasında necə həll olunur?

 

Səlim MƏMMƏDOV, Gəncə şəhəri.

 

- Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması Ailə Məcəlləsi ilə tənzimlənir. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə isə, atalığın tanınması faktı məhkəmə qaydasında Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq müəyyən oluna bilər.

 

Rayon qeydiyyatında olub Bakı şəhərində işləyən (müvəqqəti yaşayan) şəxslərə xəstəlik vərəqəsi qeydiyyat yerindən, ya yaşayış yerindən verilməlidir?

 

Adil ƏLİYEV, Bakı şəhəri.

 

- Nazirlər Kabineti tərəfindən 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarla təsdiq olunmuş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”a əsasən, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.

Təlimatın “Xəstəlik vərəqələrinin qeydiyyatı, saxlanılması və verilməsinə dair ümumi qaydalar” adlanan bölməsində qeyd olunur ki, sığorta haqqını ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti olaraq itirilməsi daimi yaşayış və ya iş yerindən kənarda (məsələn, ezamiyyət zamanı, istirahət etdikdə və i.a) müvəqqəti olduqları yerdə tibb müəssisəsinin baş həkiminin təsdiqi ilə verilir.

Yaşayış və ya iş yerindən kənarda ilk xəstəlik vərəqəsi alan xəstələrin xəstəlik vərəqələrinin müddətləri onların digər yerlərə getməyinin mümkünlüyünü nəzərə alaraq başqa yerdə tibb müəssisəsinin rəyi əsasında uzadılır (bənd 31,32).

 

Sosial xidmətin hansı formaları mövcuddur?

 

Mahirə ŞƏFİYEVA, Sumqayıt şəhəri.

 

- Sualınıza cavab olaraq bildiririk ki, sosial xidmətin aşağıdakı formaları mövcuddur:

- evdə (səyyar) sosial xidmət;

- yarımstasionar (günərzi) sosial xidmət;

- stasionar sosial xidmət;

- sosial-məsləhət yardımı.

ETİKETLƏR: