Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsilin inkişafı dövlət siyasətinin  prioritet istiqamətlərindəndir

Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır.

15.09.2021 10:29
36
A+
A-

2004-cü il avqustun 21-də Respublika Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. Fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və həmin gün “Bilik günü” kimi qeyd edilir.

Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə təhsilin inkişafı, həyata keçirilən layihələr, təlim-tədris ocaqlarının yeni dərs ilinə necə hazırlığı barədə suallarımıza  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım və təhsil eksperti Kamran Əsədov aydınlıq gətirdi.

 “Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin  prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir”. Bu fikirləri  millət  vəkili Fatma Yıldırım bildirdi.

Dedi ki, bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində vacib addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur.

Millət vəkilinin sözlərinə görə, təhsil infrastrukturunun yenilənməsi də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 18 il ərzində 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub ki, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Ümumiyyətlə, son 18 ildə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib, eyni zamanda, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilib. Eləcə də, dövlət başçısının müvafiq sərəncamları ilə bölgələrdə modul tipli məktəblər tikilib istifadəyə verilir.

Fatma Yıldırım vurğuladı ki, təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır: “Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlər reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi vurğulanmalıdır. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.

Deputat onu da əlavə etdi ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri qara qızılın intellektual kapitala çevrilməsidir. Bu istiqamətdə reallaşdırılan tədbirlər sırasında müasir çağırışlara cavab verən, yüksək keyfiyyətli tədris prosesinin həyata keçirilməsi mühüm yer tutur: “Doğrudur, koronavirus pandemiyası təhsilə də öz təsirini göstərmiş oldu. Ötən il pandemiya səbəbindən ənənəvi təhsil distant təhsillə əvəz olundu, tədris prosesində müəyyən dəyişikliklər edildi. Həm məktəbəqədər, həm orta, həm də ali təhsil sistemi müəyyən çətinliklər yaşadı. Amma çətinliklərə baxmayaraq, dövlətimiz maksimum dərəcədə bu çətinliklərlə mübarizə apardı. Bu ilki qəbul imtahanlarında çox yüksək nəticələr əldə edən gənclərimiz az deyil. Bu o deməkdir ki, pandemiya, xüsusi karantin rejimi onlara qarşıya qoyduqları məqsədlərə çatmaqda mane ola bilmədi. Ümid edirəm ki, koronavirus bəlası tezliklə aradan qalxacaq,  2021-2022-ci tədris ili daha uğurlu olacaq”.

 “Pandemiya dövrü ilə əlaqədar olaraq 2021-22-ci tədris ilinin 1 və 4-cü siniflər üçün senytabrın 22-sində, digər siniflər və ali məktəblər üçün isə sentyabrın 29-da başlanmasına baxmayaraq, 15 sentyabr “Bilik Günü”dür.  Bu sözləri təhsil eksperti Kamran Əsədov bildirdi. Dedi ki, hazırda 4447 orta ümumtəhsil orta məktəbimizdə 1.6 milyon şagird təhsil alır. Bu il birinci siniflərə 160 min şagird gedəcək. Onların 48 mini paytaxt Bakının payına düşür. Bundan başqa 120 minə yaxın uşaq oktyabrın 1-də məktəbəhazırlıq qruplarına gedəcək.

Kamran müəllim bildirdi ki, ölkənin 52 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. Onlardan da 46 minə yaxını bu il ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alacaq. Bu kifayət qədər böyük rəqəmdir: “Ümumilikdə  Azərbaycan təhsil sistemi pandemiya dövründə çox çevik qərarlar qəbul edərək təhsilin əlçatanlığına, əhatə dairəsinin genişlənməsinə böyük imkanlar yaratdı. Qeyd edim ki, ölkədə təhsil sisteminə ayrılan vəsaitlər qonşu dövlətlərlə müqayisədə daha qənaətbəxşdir. Belə ki, təhsil sisteminin saxlanmasına bu il 4 milyard manatdan çox vəsait xərclənəcək. Həmçinin Azərbaycan dünya ölkələri arasında təhsil müəssisələrinin tikintisinə diqqət ayıran ilk üçlükdə olan ölkələrdən biridir. Son illər kifayət qədər yeni məktəb binası  tikilib istifadəyə verilib. Həmçinin məktəblərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb”.

K.Əsədov vurğuladı ki, pandemiya dövründə təhsilalanlarımızın internet imkanlarının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib. Hətta pandemiya dövründə, müəyyən şərtlərlə, 75 faizə qədəri məsafədən tədris prosesində iştirak etmişdi. Hazırda təhsil sisteminin şəffaflaşdırılması istiqamətində böyük addımlar atılır. Ölkədə təhsil sistemi “Bilik Günü”nə tam hazırdır və artıq məktəblərdə pandemiya dövrünün qaydalarına uyğun tədris prosesinin təşkili üçün zəruri addımlar atılır. Bir sözlə, Azərbaycan “Bilik Günü”ndə təhsilin əlçatanlığını 100 faiz təmin edən ölkələrdəndir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto