Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Komandan dəyişdi münasibət dəyişəcəkmi?

Bundan sonra baş verəcək proseslər, rus sülhməramlılarının davranış formaları və həyata keçirəcəkləri planlar Ağdam bölgəsində yerləşən rus-türk monitorinq mərkəzi və müvafiq dövlət qurumlarımız tərəfindən diqqətlə izlənilir.

15.09.2021 10:50
113
A+
A-

Azərbaycan ictimaiyyəti rus sülhməramlılarının Qarabağda davranışına birmənalı şəkildə mənfi yanaşır. Missiyanın keçmiş komandanı general-mayor Rüstəm Muradov, açıq-aşkar şəkildə ermənipərəst mövqe tutmaqda ittiham edilir. Artıq bir neçə gündür ki, sülhməramlıların komandanı dəyişdirilib. Bu vəzifəyə general-mayor Mixail Kosobokov gətirilib. Yeni təyinatdan tərəflərə münasibətdə ədalətli mövqe gözləmək olarmı? Əməkdaşımız bu sualla millət vəkili Ramil Həsənliyə, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədova və hərbi ekspert Şair Ramaldanova müraciət edib.

 R.Həsənli deyib ki, Rüstəm Muradovun sülhməramlıların komandanı kimi fəaliyyəti hamıya məlumdur. Sosial şəbəkədə, mətbuatda onun separatçıların Qarabağda quldur əməllərini həyata keçirmələri üçün yaratdığı şərait barədə faktlar əsasında nifrət dolu məlumatlar yayılırdı. Sülhməramlıların yerləşdiyi ərazilərdən hərbçilərimizin postlarına, mülki əhaliyə atəş açılırdı. Hücumlar olunurdu. Bu neqativ hallara dövlət, hökumət məsullarımız da münasibətini bildirmişdi.

Yeni komandanın təyin olunduğu ilk günlərdən atdığı addımlar göstərdi ki, o, da sələfindən fərqlənməyəcək. Bunu onun, sülhməramlıların Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq ilk səfərini Ermənistana etməsi, bu ölkənin müdafiə naziri ilə görüşməsi də təsdiqlədi. Yəqin ki, bu faktı qəbul zamanı hörmətli müdafiə nazirimiz Zakir Həsənov M.Kosobokovun nəzərinə çatdırıb. Amma komandanların, hansısa siyasi dairələrin kimə nə cür münasibət bəsləməsindən asılı olmayaraq, Azərbaycan güclü dövlət olaraq özü öz taleyini həll etməyi bacarır. Və dövlətimizin, ordumuzun əlində maraqlarımıza toxuna biləcək istənilən məsələlərə kifayət qədər təsir rıçaqları var.

Bundan sonra baş verəcək proseslər, rus sülhməramlılarının davranış formaları və həyata keçirəcəkləri planlar Ağdam bölgəsində yerləşən rus-türk monitorinq mərkəzi və müvafiq dövlət qurumlarımız tərəfindən diqqətlə izlənilir.

Zaur Məmmədov bildirdi ki, Rusiya və İrandakı bəzi qüvvələr sülhün möhkəmləndirilməsini, Azərbaycan- Ermənistan arasındakı münaqişənin arxada qalmasını istəmirlər. Onlar Azərbaycan və Ermənistan münaqişəsinin davam etməsində maraqlıdırlar. Azərbaycanın İrana nota təqdim etməsinə baxmayaraq, həmin qüvvələrin himayəsi altında Laçın dəhlizi vasitəsilə İrandan, Ermənistandan və bizim bilmədiyimiz digər ölkələrdən Xankəndindəki separatçılara hərbi və sair təyinatlı materiallar göndərildi. Bu hallar, eləcə də Qarabağda hələ də erməni hərbi birləşmələrinin saxlanılması Rusiyanın bölgədə qarant kimi imicinə zərbə vurur.

Politoloq əlavə edib ki, Rüstəm Muradov və yeni təyin edilən komandan Mixail Kosobokov hərbçidirlər və Moskvadan gələn təlimatlara uyğun hərəkət edirlər. Lakin R.Muradovdan fərqli olaraq, M.Kosobokov Kırımda, Abxaziyada, ümumilikdə MDB məkanındakı münaqişə zonalarında daha çox təcrübəyə malikdir. Azərbaycan tərəfinin isə əsas istəyi odur ki, yeni komandan, kim olursa olsun, rus sülhməramlıları unutmasınlar ki, müvəqqəti yerləşdikləri Laçın dəhlizi də, Xankəndi də, digər torpaqlar da Azərbaycan əraziləridir. Misal olaraq deyim ki, Abxaziya və Cənubi Osetiyada rus sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı hüquqi sənəd var idi və həmin hüquqi sənədə uyğun olaraq, rus sülhməramlıları bütün bölgədə fəaliyyət göstərirlər. Lakin Azərbaycan və Rusiya arasında belə bir hüquqi sənəd yoxdur. Rus sülhməramlılarının yerləşəcəkləri nöqtələr 3 tərəfli bəyanatda göstərilib. Bunlar Laçın dəhlizi boyu ərazi və təmas xəttidir. Yəni sülhməramlılar başa düşməlidirlər ki, bura hər hansı xüsusi statuslu ərazi deyil, bura Azərbaycan torpaqlarıdır, ermənilər hazırda orada kompakt halda yaşayırlar. Əsas məqsəd bölgənin inteqrasiyasıdır, orada yaşayan ermənilərin gələcəkdə Azərbaycan vətəndaşlığını almasıdır və Azərbaycan qanunlarının bərqərar olması, bayrağımızın orada dalğalanmasıdır.

Ş.Ramaldanov isə rus sülhməramlılarının ermənilərlə daim təmasda olduqlarını, vəzifələrindən sui-istifadə etdiklərini bildirib. Həmçinin əlavə edib ki, biz ermənilərin niyyətlərini, hiyləgərliyini, ermənipərəst xarici diasporalar tərəfindən idarə olunduqlarını bilirik. Bugün əgər biz deyiriksə, sülhməramlı qüvvələr nəzarət etdiyi ərazilərdə  atəş açılır və yaxud hansısa digər hadisələr baş verir, bu, sülhməramlıların vəzifələrini layiqincə yerinə yetirmədiklərindən irəli gəlir. Düşünürəm ki, Azərbaycan dövlət qurumları sülhməramlı qüvvələrin Azərbaycan ərazisində fəaliyyətinə  nəzarət mexanizmini daha çox  gücləndirsə, ancaq o zaman  bu məsələlər həllini tapa bilər. Hələlik nəzarətə bir monitorinq qrupu baxır. Bəli, o monitorinq qrupunda qardaş  Türkiyənin nümayəndələri  də var, lakin ərazimiz olduqca böyükdür, həm say, həm də texniki cəhətdən onlar da tam şəkildə nəzarət edə bilmirlər.

Hərbi ekspert onu da qeyd edib ki, Azərbaycan R.Muradovun komandan olduğu dövrdən etibarən rus sülhməramlıları ilə bağlı təcrübəyə malikdir və buna əsaslanaraq  müvafiq addımlar atılacağına, bundan sonra sabitlik yarancağına inanırıq.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: