Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə hansı güzəştlər verilir və məzuniyyətin müddəti nə  qədərdir?

Nuranə HÜSEYNOVA, Füzuli rayonu.

28.02.2024 12:16
10
A+
A-

Nuranə HÜSEYNOVA, Füzuli rayonu.

         

- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Məcəllənin 21-1.1-ci madədəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər Əmək Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Lakin buna görə müəyyən şərtlər mövcuddur ki, bu şərtlər birgə mövcud olduğu hallarda həmin mütəxəssislər qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edə bilərlər. Belə ki:

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

- mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

Məcəllədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyətləri də nəzərdə tutulmuşdur.

118-1. maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə qeyd edilən şərtlər nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Yuxarıda qeyd edilən şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

 

Hansı işçilərə əsas əmək məzuniyyəti 30 gün verilir?

 

Fərid QULİYEV,

Biləsuvar rayonu.

 

- Əmək Məcəlləsinin 114-cü maddəsində işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti müəyyən edilmişdir.

Həmin maddəyə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğ

u işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Onu da qeyd etmək lazımdır ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. 

 

Əmək müqaviləsi ləğv olunanda müəssisə rəhbəri bu barədə əmr hazırlamalıdırmı?

 

Çingiz VƏLİYEV,

Daşkəsən rayonu.

 

- Bəli,istənilən səbəbdən əmək müqaviləsinin ləğv olunması işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən göndərilənləri işə qəbul edərkən işəgötürən bu haqda harasa məlumat verməlidirmi?

 

Samir QULİYEV, Ucar rayonu.

 

- “Məşğulluq haqqında” qanuna müvafiq olaraq, işəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsi üçün kvota ilə müəyyən edilmiş iş yerlərinə işçi qəbul etməklə yanaşı, həm də boş iş yerləri, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında da müvafiq rayon məşğulluq mərkəzlərinə məlumat verməlidirlər.

Adıçəkilən Qanunun 18-ci maddəsinə əsasən, idarə rəhbərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müəyyən etdiyi orqana (quruma) həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.

Qeyd olunan məlumatların təqdim olunmamasına görə işəgötürənlər inzibati qaydada  məsuliyyət daşıyırlar. Bu məsuliyyət İXM-nin 540-cı maddəsində müəyyən edilmişdir. Məcəllənin 540.2. maddəsinə görə ƏƏSMN-ə, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə məsul şəxslər altmış manat məbləğində cərimə edilir.

ETİKETLƏR: