Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanın uğurlu enerji strategiyasının göstəriciləri ilbəil yüksəlir

ölkəmiz bərpaolunan enerji üzrə böyük potensiala malikdir və ortada aydın proqram var

06.03.2024 11:21
11
A+
A-

“Ölkəmizdə daha bir mötəbər tədbir - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası baş tutdu. Tədbirdə 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunması, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələrin iştirakı Dəhlizin əhəmiyyətini, ona artan marağı və bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Məlumdur ki, Cənub Qaz Dəhlizi nəhəng bir layihədir, böyük bir missiyanı uğurla icra edir. Xüsusilə son illərdə regionda baş verən mürəkkəb proseslər fonunda Dəhlizin nə qədər vacib bir layihə olduğunu göstərir. Həmçinin məlumdur ki, bu layihə iştirakçı dövlətlər arasında dostluq münasibətlərinin yaranmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri layiqincə, dəqiq və vaxtında icra edir, inkişafı, nəzərdə tutulmuş bütün hədəflərin reallaşması üçün səylə çalışır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Tədbirdə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətini, Azərbaycanın bu layihəyə verdiyi önəmi, həmçinin ölkəmizin enerji sahəsində mövcud imkanlarını iştirakçıların diqqətinə çatdırdı. Bir daha görürük ki, ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayan ölkələr sırasına yüksəlib. Bu da, təbii ki, digər sahələrdə olduğu kimi, dövlətimizin uğurlu və effektli enerji strategiyasının nəticəsidir. Bu gün Azərbaycan qazına artan maraq göz qabağındadır, tələbat yüksəkdir, bu sahədə də Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Məncə, bir daha xatırlatmaq yerinə düşər ki, bu həm də Azərbaycanın sınanmış, güvənli və etibarlı tərəfdaş olması ilə sıx bağlıdır. Bu məqama Prezident İlham Əliyev də çıxışında toxundu. Bunu illərin təcrübəsi sübut edir ki, Azərbaycan atdığı hər bir imzasına yüksək dəyər verir. Məsələn, götürək elə Cənub Qaz Dəhlizini. Ölkəmiz heç bir gecikməyə yol verməyib, imzalanan sənədlərdə dəyişikliklər etməyib. Bu da dövlətimizin məsuliyyətindən irəli gəlir”, - AHİK sədri bildirib.

“Dövlətimizin başçısı toplantıda həmçinin Azərbaycanın yaşıl enerji strategiyasından da bəhs etdi. Bildiyimiz kimi, ölkəmiz bərpaolunan enerji üzrə böyük potensiala malikdir və ortada aydın proqram var. 2030-cu ilədək hədəflər arasında 5 Milli Prioritetdən biri də “təmiz ətraf mühit” və “yaşıl artım”dır. Və bu istiqamətdə real addımlar atılmaqdadır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 230 MVt gücündə Qaradağ Günəş elektrik stansiyaları ilə bağlı görülən işlər bunun əyani təzahürləridir. Azərbaycanın qarşıdakı hədəfləri arasında 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması da nəzərdə tutulub. Eləcə də işğaldan azad edilmiş ərazilərimiz “Yaşıl enerji” zonası elan edilib. Bunlar ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi əhəmiyyətin göstəriciləridir”, - Milli Məclisin deputatı qeyd edib.

AHİK sədri əlavə edib ki, bu il iqlim dəyişikliyi ilə mübarizədə son dərəcə mühüm və dünyanın ən vacib tədbirlərindən biri - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkəmizdə baş tutacaq və Azərbaycanın yaşıl iqtisadiyyat naminə gördüyü işləri beynəlxalq aləmə göstərəcək.

ETİKETLƏR: