Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan qazını almaq istəyən Avropa dövlətlərinin sayı artacaq

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir.

06.03.2024 12:27
4
A+
A-

“Prezident cənab İlham Əliyevin neft-qaz, eləcə də yaşıl enerji sahəsində yaratdığı strategiya Avrasiya materikindəki geosiyasi vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verir. Bir vaxtlar bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və siyasi iradəsi sayəsində reallaşdı. Artıq üç ildən çoxdur ki, Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac olunur. Yaşıl enerji istehsalı sahəsində də Azərbaycanda böyük layihələr həyata keçirilir. Bu da ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa dövlətlərinə ixracını təmin edəcək”. Bu sözləri müxbirimizə millət vəkili Kamilə Əliyeva bildirdi. Əlavə etdi ki, İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslnda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqətə çatdırdı. Azərbaycanın zəngin təbii qaz yataqlarına malik olması, istismarda olan yataqlarla yanaşı, yeni yataqların da yaxın vaxtlarda qaz hasil etməsi istiqamətində görülən işlər barədə məlumat verdi.

Millət vəkili dedi ki, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər tutulur. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir.

2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” yatağında təbii qazın kommersiya hasilatına başlandı. Bu yataqda qaz hasilatının ilkin həcmi 1,5 milyard kubmetr oldu. İkinci fazada isə 4-5 milyard kubmetrə çatdırılması gözlənilir. Hasil ediləcək qazın böyük hissəsi beynəlxalq bazarlara nəql olunacaq. Nəhəng xarici şirkətlər, maliyyə institutları Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərinin nəhəng enerji şirkəti olan “ADNOC” “Abşeron” layihəsinin səhmdarıdır.

Növbəti ildə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsindən, sonrakı illərdə “Ümid” yatağından qaz hasil ediləcək. Bununla da Azərbaycandan Avropaya ixrac ediləcək təbii qazın həcmi artırılacaq. Eyni zamanda Azərbaycan qazını almaq istəyən Avropa dövlətlərinin sayı artacaq. Görülən işlər, həyata keçirilən layihələr Azərbaycanda təbii qazın azalmasını iddia edən qüvvələrə, dövlətlərə layiqli cavabdır.

Millət vəkili fəxr hissi ilə dedi ki, ölkə başçımız çıxışında Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, yaşıl enerji sahəsində də böyük layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdirilməsini vurğuladı. Ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa olunub. Bu cür stansiyaların tikintisi davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsində yaxından iştirak edir. Ölkəmizin bərpa olunan enerji ehtiyatları baxımından böyük potensialı var və bu sahədə digər xarici şirkətlərlə də əməkdaşlıq edilir. Azərbaycanın yaşıl enerji sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri və beynəlxalq təşkilatlar yüksək qiymətləndirir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Avropaya ixrac ediləcək. Bir çox dünya dövləti Azərbaycanın etibarlı tərəfdaş dövlət olduğunu vurğulayır. Bütün bu amilləri nəzərə alaraq dünya dövlətləri yekdilliklə COP-29 kimi nüfuzlu konfransın Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın dünyada böyük nüfuza malik olmasının göstəricisidir və ölkəmizin uğurudur.

K.Əliyeva onu da qeyd etdi ki, ixrac ediləcək təbii qazın digər dövlətlərə çatdırılması üçün bir neçə Avropa dövlətində interkonnektorlar tikilmişdir.

İlham Əliyev müsahibəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin dəstək olduğunu da vurğuladı. Bu, Prezidentimizə olan inamın, etimadın nümunəsidir.

Müsahibim yeri gəlmişkən onu da qeyd etdi ki, 10 il ərzində ölkəmizdə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə daxili bazarda təbii qaz istehlakını da azaldacaq. Ölkə başçımızın yürütdüyü uzaqgörən müdrik siyasəti sayəsində neft və qazdan gələn gəlir inkişafa, tərəqqiyə, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəldilir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: