Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məzuniyyət vaxtı müdir işçini işdən çıxarda bilərmi?

Zeynal ƏLİZADƏ, Bakı şəhəri.

06.03.2024 12:46
8
A+
A-

- Əmək Məcəlləsinin 111-ci maddəsində məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları müəyyən edilmişdir. Belə ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.     

İşçi onun razılığı olmadan başqa işə keçirilə bilərmi?

Aygün HƏSƏNOVA,

Biləsuvar rayonu.

 

- İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirir və onun razılığı olmadan onun işi və əmək funksiyası dəyişdirilə bilməz. Lakin Əmək Məcəlləsində 60-cı maddə işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmədən bəhs edir.

Maddəyə əsasən, işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından aşağı olmamaqla ödənilir.

 

Bir xətaya görə neçə intizam tənbehi verilə bilər?

Əminə SƏFƏROVA, Gəncə şəhəri.

 

- İntizam tənbehinin verilməsi şərtləri Əmək Məcəlləsinin 189-cu maddəsi ilə tənzimlənir.

Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

 

Eşitmişəm ki, əmək kitabçası ləğv edilir. Elədirsə, işə girəndə onun əvəzinə hansı sənəd verilir?

Səlimə VEYSƏLOVA, Gəncə şəhəri.

 

- Əmək kitabçası ləğv edilməyib, qüvvədədir. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

 

Uşağımın xroniki xəstəliyi ilə əlaqədar natamam iş vaxtı ilə işləyirəm. Mənə növbəti əmək məzuniyyəti neçə gün verilməlidir?

Gülnarə MƏMMƏDOVA, Bakı şəhəri.

- Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Sizin əmək müqavilənizdə əmək məzunyyətinizin müddəti qeyd edilmiş olmalıdır. Natamam iş rejimində  işləməyinizə baxmayaraq, sizə əmək müqavilənizdə göstərilən müddətə - yəni 30 gün əsas əmək məzuniyyəti verilməlidir.

ETİKETLƏR: