Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bələdiyyələr müstəqil qərar qəbul edirlərmi və iclaslarında hansı məsələləri həll edirlər?

- Konstitusiyanın 144-cü maddəsinə əsasən  Bələdiyyələr iclaslarında aşağıdakı məsələləri həll edirlər:

15.09.2021 12:11
11
A+
A-

Bələdiyyələr müstəqil qərar qəbul edirlərmi və iclaslarında hansı məsələləri həll edirlər?

 

Rasim ƏSGƏROV, Abşeron rayonu.

- Konstitusiyanın 144-cü maddəsinə əsasən  Bələdiyyələr iclaslarında aşağıdakı məsələləri həll edirlər:

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.

Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sistemimizə daxildirmi? Milli qanunvericilik sisteminə daxil olan normativ- hüquqi aktlarla belə müqavilələr arasında ziddiyyət yaranarsa,  hansına üstünlük verilir?

Saleh ƏLİZADƏ, Bakı şəhəri.    

- Konstitusiyanın 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar göstərilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsində Beynəlxalq aktların hüquqi qüvvəsi təsbit edilmişdir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.     

Şəxsin dağınıq skleroz xəstəsi olmasına görə onu işə götürməkdən imtina etmək olarmı?

Şəfəq QULİYEVA, Şəki şəhəri.

- Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.

İnzibati Xətalar Məcəlləsinin 192.11-ci maddəsinə əsasən, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.    

ETİKETLƏR: