Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsildə, ictimai işlərdə fərqlənən tələbələrə adlı təqaüdlər təqdim olundu

“Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır”

15.03.2024 23:49
14
A+
A-

Martın 15-də 2023-2024-cü dərs ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə adlı təqaüdlərin verilməsi  və “Nə? Harada? Nə zaman?” İntellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi olub.

Mərasimdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. O, adlı təqaüdə layiq görülmüş tələbələri salamlayıb və bu münasibətlə onları təbrik edib. Hər birinə təhsildə, şəxsi həyatlarında uğurlar, elmdə, istehsalatda yüksək zirvələr fəth etməyi arzulayıb. Deyib ki, sizin kimi dərs əlaçısı, ictimai işlərdə fəallıq göstərən gənclərlə görüşmək mənim üçün həmişə xoş olub.

Biz bu təqaüdü 1995-ci ildə təsis edəndə məqsədimiz tələbələrdə elmə, təhsilə marağı artırmaq, gələcəyin ictimai fəalı kimi yetişmələrinə kömək göstərmək, ümumilikdə dövlətimizin Azərbaycanda həyata keçirdiyi uğurlu gənclər siyasətinə dəstək vermək idi. Sonrakı illər göstərdi ki, biz istədiyimizə nail olduq. Ötən 20 il ərzində ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2914 nəfər tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək.

Hələ bu rəqəmlərdən dəfələrlə çox sayda tələbənin də müsabiqədə iştirak etməsini nəzərə alsaq görərik ki, nə qədər gənci stimullaşdıra bilmişik.

Qeyd edim ki, gənclər siyasəti Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Gördüyümüz bu işlər həm də siz gənclərin asudə vaxtını səmərəli keçirməsinə xidmət edir. Sizi zərərli vərdişlərdən uzaqlaşdırır.

Bilirsiniz ki, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Ölkədə həyata keçirilən dövlət gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır.

Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi.

Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu.

Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu.

2022-ci ilin fevral ayında cənab Prezident gənclərin inkişafına istiqamətlənmiş daha bir sənədə imza atdı. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olundu. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Bu Dövlət Proqramının icrası müddətində ümumilikdə 2000 nəfərədək azərbaycanlı gəncin xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd müasir, müstəqil Azərbaycanın inkişafında gənclərin potensialından səmərəli istifadə etməkdir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük   Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.

Səttar müəllim COP29 tədbirinin noyabr ayında Azərbaycanda keçirilməsini ölkəmizin dünya miqyasında nüfuz sahibi olması ilə əlaqələndirdi. Bildirdi ki, dövlətimiz, hökumətimiz bu qlobal tədbirə mükəmməl bir şəkildə hazırlaşır. Tədbirin təşkilində, gedişində gənc könüllü fəallara da etimad göstəriləcək. Yəqin burada əyləşən gənclər arasında da həmin könüllülər sırasına qatılanlar olacaq.

İnanırıq ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər. Qarşıdan xalqımızın milli bayramı-Novruz gəlir. Mən hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, təhsilinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram!

Sonda 65 tələbəyə TİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 nəfər qalibinə diplom və pul mükafatı verilib.

Mərasimdə ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

 

***

Şəkildəki bu gənclərlə hələ görüşün başlanmasına bir neçə dəqiqə qalmış söhbətləşdik. Azərbaycan Neft Sənayesi Akademiyasının tələbələri idilər. Adlarını öz xətləri ilə blaknotuma yazmağı xahiş etdim. Sonra dəqiqliyini yoxlamaq üçün eşidiləcək səslə oxudum: Şahniyar Qasımov, Sərxan Səfərov, Dilbər Qasımova, Nərmin Mirzəyeva və     Fatma İsmayılova.

- Düz oxudum?

- Düzdür.

- İndi mənə deyin görüm, Adlı təqaüd sizin üçün nədir?

Şahniyar dedi, ilk növbədə zəhmətimizə, ictimai işlərdə çalışqanlığımıza verilən dəyər. Gənc də olsaq bildik ki, zəhmət hədər getmir. Gec-tez kimsə tapılıb zəhməti qiymətləndirir.

Digər həmsöhbətlərim də tələbə yoldaşlarının sözlərini təsdiqlədilər.

- Bunu bildik. Bəs puldan necə istifadə edəcəksiniz? Bax, burada fikirlər haçalandı. Sərxan dedi: telefonumu təzələyəcəyəm.

Dilbər 100 manat uşaq fonduna köçürəcəyini, iki yüz manatı gündəlik tələbatlarına xərcləyəcəyini söylədi. Nərmin ingilis dili kursuna aylıq ödəyəcək. Fatma isə qaldığı mənzilin kirayə haqqını ödəyəcək.

Vəssalam. Tədbir başladı, söhbət bitdi.

ETİKETLƏR: