Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Küçə və bazar satıcılarının fəaliyyətinin qanuniləşdirilməsi,

əmək və sosial hüquqlarının müdafiəsi ilə bağlı təkliflər səsləndirilib

15.03.2024 23:59
165
A+
A-

Martın 11-də Bakıda Azərbaycan “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə “StreetNet İnternational” Beynəlxalq Həmkarlar İttifaqının küçə və bazar satıcılarının sosial dialoq daxilində əmək və sosial hüquqlarının müdafiəsi mövzusunda yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Bildirib ki, dünyada işsizlərin sayı 190 milyon nəfərdən artıqdır: “800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan yoxsulluqdan əziyyət çəkir. İki milyarda yaxın insan isə gündəlik tələbatını qeyri-formal məşğulluq sahəsində çalışmaqla ödəyir. Təbii ki, bu şəxslərin qazancı onların ən zəruri ehtiyaclarını minimum səviyyədə ödəməyə imkan verir. Özü də onlar bu ehtiyacların ödənilməsi üçün əlverişsiz iş şəraitində və rejimində, təhlükələrlə üzləşməklə, sığortasız, sosial təminatlar olmadan işləməyə məcburdurlar.

AHİK sədri əlavə edib ki, qeyri-formal məşğulluq probleminin Azərbaycanda tamamilə aradan qaldırılması üçün mühüm addımlar atılır: “2017-ci ildə ölkəmizdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiyanın işində həmkarlar ittifaqlarının da əməkdaşları mütəmadi olaraq iştirak edirlər. Həmçinin Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” da qəbul olunub. Azərbaycan həmkarlar ittifaqları bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatının xətti ilə xeyli tədbirlər və layihələr həyata keçirib. Respublikamızda küçə ticarətinin əsasən bazarlarda və xüsusi ayrılmış yerlərdə təşkilinə böyük diqqət yetirilir. Bu məqsədlə bazarlarla yanaşı, istirahət və bazar günlərində kənd təsərrüfatı mallarının satışı yarmarkalarının təşkili, məhsulların saxlanmasına, satışına nəzarət olunmasına imkan yaradılır. Bazar və yarmarkalarda sanitar-epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması, satıcıların istirahəti üçün şərait yaradılması, xüsusi yerlərin ayrılması satıcıların alıcılar qarşısında məsuliyyətini gücləndirir, onların qeyri-formal məşğulluqdan rəsmi qaydada özünüməşğul statusuna keçməsinə imkan yaradır.

Səttar Möhbalıyev vurğulayıb ki, küçə ticarətçilərinin qeyri-formal məşğulluqdan leqal fəaliyyətə keçməsi təkcə inzibati metodlarla deyil, həmçinin maarifləndirmə və maraqlandırma üsullarından istifadə olunması yolu ilə tənzimlənməlidir və bu məsələdə də həmkarlar ittifaqları böyük rol oynaya bilər: “Digər vasitələr həmin şəxslərin hüquqlarının qorunması üçün müvafiq normativ sənədlərin işlənib hazırlanması, küçə ticarəti ilə məşğul olanların təşkilatlanmasıdır. Hesab edirəm ki, bugünkü tədbirdə dünyanın müxtəlif ölkələrində küçə ticarətinin necə tənzimləndiyi haqqında faydalı fikir mübadiləsi aparılacaq, problemlər aşkarlanacaq və onların həlli yolları müəyyənləşdiriləcəkdir”.

Federasiyanın vitse-prezidenti və “StreetNet İnternational”in katibi Cəmaləddin İsmayılov, “StreetNet İnternational”ın prezidenti Lorreyn Sibanda, vitse-prezident Alberto Sontana, digər yerli və beynəlxalq iştirakçılar çıxışlar edərək küçə və bazar satıcılarının fəaliyyətinin qanuniləşdirilməsi, onlar üçün səmərəli iş şəraitinin yaradılması, əmək və sosial hüquqlarının müdafiəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyev iştirak edib. 

Qeyd edək ki, küçə, qeyri-formal bazar, qanunsuz transsərhəd ticarətçiləri və alverçilərinin qlobal beynəlxalq ittifaqı olan “StreetNet İnternational” 2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində təsis edilib. Təşkilat müxtəlif ölkələrdə küçə və bazar ticarətçilərini təmsil edən və onların əmək hüquqlarını qoruyan həmkarlar ittifaqlarını, birlikləri, formal və qeyri-formal kollektivləri özündə birləşdirir. Ali orqanı hər bir üzv təşkilatın nümayəndələrindən ibarət Beynəlxalq Konqresdir və 4 ildən bir toplanır. Qurumda həmçinin Beynəlxalq Şura və onun tərkibində İcraiyyə Komitəsi də fəaliyyət göstərir. Azərbaycan “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası “StreetNet İnternational”ın üzvüdür.

Tədbir martın 15-dək davam edib.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto