Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AMEA-nın alimləri Nizami Gəncəvinin vəfat gününə

həsr olunmuş konfransa qatıldılar

27.03.2024 11:56
2
A+
A-

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Samux Rayon Sərkar Kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi, ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq

“Nə qədər şair var, söz var, şeir var

Dünyada onlardan mənəm yadigar” adlı elmi - bədii konfrans keçirilmişdir. Öncə Gəncə şəhərində ulu Nizaminin məqbərəsi ziyarət olunmuş, qəbri üzərinə tər çiçəklər düzülmüşdür. Sonra Samux Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Könüllü teatr”ın könüllüləri Nizami Gəncəvinin “Xəmsə”sində əksini tapmış obrazlardan olan yeddi gözəl əllərində üzərində Nizami Gəncəvinin hikmətli sözləri yazılmış açıqcalarla qonaqları qarşılamışlar. Daha sonra ekspozisiya zalında şairin əsərlərindən götürülmüş mövzular əsasında şəkilləndirilmiş keramika, zərbetmə nümunələri, həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət fotosərgiyə baxış keçirilmişdir. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbiri Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq iştirakçıları salamlamış, ulu Nizami Gəncəvinin söz xəzinəsindən qaynaqlanan konfransın əhəmiyyətini diqqətə çatdırmışdır. Çıxış üçün söz siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun alimi Sənan Həsənova verilmişdir. S.Həsənov dahi Nizami Gəncəvi irsinin öyrənilməsi istiqamətində ölkəmizdə elmi məktəblərin rolundan danışmış,  son illər AMEA-da Nizamişünaslığın geniş tədqiqat obyektinə çevrildiyini və AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqətini qeyd etmişdir. Bu zəngin irsin öyrənilməsində Heydər Əliyev mərkəzləri ilə əməkdaşlığın rolunun böyük olduğunu demişdir.

2023-cü ildə AMEA-da çap olunmuş elmi əsərlərin hesabatlarından ibarət kitablar mərkəzə təqdim edilmişdir.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlham Həsənov çıxış edərək tədbiri Nizami Gəncəvi irsinin təbliğində mühüm addım adlandırmış və bu istiqamətdə təhlillər aparmışdı. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Nizami Gəncəvi dühasının elmi mahiyyətini, onun təfəkkür sistemindəki humanizm, bəşərilik, ədalət amillərinin elmi təhlilini önə çəkmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvi yaradıcılığının milli mentalitetimizə əvəzsiz töhfələrini, bəşəriliklə milliliyin sintezində azərbaycanlı milli kimliyinin dərk olunmasında dahi şəxsiyyətin əsərlərinin əhəmiyyətini geniş təhlil etmişdir. Gəncə Dövlət Tarix - Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Nizami Gəncəvi irsinin mühüm rolunu qeyd etmişdir.

Tədbirdə Samux Rayon Heydər Əliyev Mərkəzində yaradılmış “Könüllü teatr”ın 4 illik fəaliyyəti müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş səhnələrdən yığılmış videoçarx təqdim edilmişdir. Tədbirin bədii hissəsində Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən nümunələr təqdim olunmuşdur.

Tədbirdə dahi şairin Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tərəfindən parçadan hazırlanmış (14 m. uzunluğunda) portreti nümayiş etdirilmişdir. Ölkəmizdə və dünyada Nizami Gəncəvinin bu böyüklükdə parçadan portreti yoxdur.

Tədbir “açıq mikrofon”la yekunlaşmışdır.

ETİKETLƏR:

Foto