Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bəzi məktəblər birləşdiriləcək,

bəziləri isə ləğv ediləcək

27.03.2024 12:06
10
A+
A-

Bir neçə gün öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək. Demək olar ki, bu nəticə gözlənilən idi, səbəblər illərdir hayqırırdı.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, məsələyə səthi yanaşmamaq lazımdır. Ona görə ki, problemin kökü dərindir. Bu islahatın kökündə daha çox şagirdlərin kəndlərdən şəhərlərə, xüsusilə də Bakıya axını durur. Bu proses kənd məktəblərində  problem yaratmaqla bərabər, şəhərlərdə də siniflərin sıxlığına səbəb olur.

Elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü bildirib.

Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə optimallaşmaya gediləcək, bu, birmənalıdır. Bəs optimallaşmanın özü hansısa problemləri yarada bilərmi?

Beynəlxalq təcrübəyə görə, bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır. Bizdə bu sahədə iki cür problem daha qabarıq şəkildə görünür: ilk növbədə bəzi kəndlərdəki məktəblərdə şagird sayının 30-dan az olması və məktəblər birləşdirildiyi halda şagirdlərin bir kənddən digər kəndə hər gün kilometrlərlə yolu qət etmək məcburiyyətində qalmasıdır. Məsələn, Qubada 3-4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə, ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o, daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bunların əksəriyyəti dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan hesab edirəm ki, o məktəblərin optimallaşması istənilən nəticəni verməyəcək. Ancaq elə bölgələr var ki, məsələn, Mərkəzi Aran rayonlarında olan məktəblərdə birləşdirmə optimal ola bilər. Ancaq biz 1 şagirdi olan məktəbi bağlamaqla, heç də vəsaitə qənaət etməyəcəyik. Elə addım atılmalıdır ki, bu, şagirdin məktəbdən yayınmasına gətirib çıxartmasın.

Digər problem isə, bir məktəbin tərkibində bir neçə məktəbin olmasıdır. Bu, əsasən keçmiş məcburi köçkünlər üçün istifadəyə verilmiş məktəblərə aiddir. Məsələn, vaxtilə Sabunçu rayonu ərazisində salınmış Kürdəxanı məcburi köçkün qəsəbəsində 7 nömrəli Şuşa, 45 nömrəli  Füzuli, 38, 39 nömrəli  Ağdam məktəbləri bir məktəb binasında fəaliyyət göstərir. Belə məktəblərin birləşdirilməsi zamanı şagird kontingentinə heç bir maneçilik törədilmir. Bu zaman da birləşdirmə optimal ola bilər. Lakin həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlərin iş yerini itirmək təhlükəsi yarana bilər.  Yəqin bu təhlükənin reallaşmaması üçün nazirlik tərəfindən müəyyən addımlar atılacaq.

K.Əsədov bir şagirdə görə ayrılan vəsait barədə nazirin açıqladığı rəqəmi inandırıcı saymadı: düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin. Ona görə ki, az şagirdi olan məktəblərdə uzağı 2 müəllim işləyir və onlar da tam dərs yükü ilə təmin olunmurlar. Yəni dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı aylıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz.

Belə məktəb binalarının elektrik, istilik xərclərini də hesablasaq, 15 min manatı aşmayacaq bir məbləğ ortaya çıxır.

Bir sözlə, bu məsələyə həssas yanaşılmalıdır,  işlər görülərkən, addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi, şagirdlərin gələcək aqibəti müəyyənləşdirilməlidir. Bu kimi işlər araşdırıldıqdan sonra qərar qəbul edilməlidir.

Əsli ƏHMƏDOVA

 

ETİKETLƏR: