Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dövlət-özəl tərəfdaşlığı azad ərazilərdə tikintinin miqyasını artıracaq

Dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verilməsində məqsəd nədir?

28.03.2024 17:18
6
A+
A-

Nazirlər Kabineti “Dövlət-özəl tərəfdaşlığı qaydaları”nı təsdiq edib. Qərara əsasən, ölkədə həyata keçirilən investisiya layihələrinin icrasında dövlətin sərmayələri ilə yanaşı, özəl sektorun kapitalından istifadə olunacaq. Belə ki, tikinti və infrastruktur obyektlərinin inşasında birgə maliyyələşmə sxemi tətbiq ediləcək. Ümumi dəyəri 30 milyon manata bərabər olan investisiya layihələri dövlət-özəl tərəfdaşlığının modeli hesab olunacaq.
Hökumət belə bir modelin tətbiqinə pilot layihə kimi MİDA-nın timsalında 2 il əvvəl start verib və investorlar tərəfindən “tik-idarə et-təhvil ver” formatı (TİT modeli) əsasında gerçəkləşən layihə yaşayış tikintisini nəzərdə tutub.
Dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verilməsində məqsəd nədir?
Hazırda işğaldan azad olunmş ərazilərdə dövlət sərmayələri hesabına böyükhəcmli infrastruktur və tikinti işləri icra olunmaqdadır, həmin layihələrin hər birinin xərci birbaşa dövlətin üzərinə düşür. Hökumət bu ərazilərdə aparılan işlərin böyük miqyasını və artan tələbatları nəzərə alaraq, tikinti layihələrinə xarici investorları, o cümlədən də yerli biznes dairələrini cəlb etməkdə qərarlıdır.
Azad ərazilərdə dövlət-özəl tərəfdaşlığının qurulması Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulmuş əsas tələblərdən biridir. “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda işğaldan azad edilmiş ərazilərin bərpasında dövlət-özəl sektor tərəfdaşlığına geniş yer verilməsi və ən əlverişli biznes mühiti əsasında onların birgə iqtisadi fəaliyyətinin canlandırılması prioritetlərindən biri kimi müəyyənləşib. Həmin sərəncamdan və digər sənədlərdən irəli gələn tələblərə əsasən, bölgəyə xarici investisiya şirkətləri və fondlarının, həmçinin fərdi biznes dairələrinin cəlb edilməsi üçün bir çox iqtisadi-hüquqi təminatlar yaradılıb. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəmcamlara əsasən, həmin bölgədə çalışan investorlar üçün əhatəli güzəşt paketləri qüvvəyə minib, 2023-cü ildən etibarən vergi, gömrük güzəştləri və iqtisadi stimullar tətbiq olunur. Eləcə də özəl biznes icmasının bu bölgədə çalışması üçün kredit ehtiyaclarını ödəmək və maliyyəyə çıxış imkanlarının artırılmasını təmin etmək məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platforma hazırlanır.
Dövlətin bu siyasəti öz səmərəsini verməkdədir və həmin ərazilərdə ötən il inşaat sektorunda ilk özəl biznes layihələrinə başlanılıb, Ağdam şəhərində özəl tikinti şirkəti “PMD Group” tərəfindən “Ağdam Rezidens” yaşayış kompleksinin inşasına start verilib. Özəl sektorun Ağdam şəhərində digər bir layihəsi “Park Hill” şirkəti tərəfindən yaradılan “Park Qarabağ” yaşayış kompleksidir. Bundan başqa, özəl sektor Suqovuşanda, Hadrutda inşaat işlərinə başlayıb. Xankəndində özəl investisiya layihələrinin icrası üçün sahibkarların təklifləri nəzərdən keçirilir. Digər rayon və qəsəbələrdə də dövlətlə yanaşı, özəl şirkətlərin inşaat işlərinə cəlb edilməsi üçün təşəbbüslər davam etdirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nda sahibkarların bölgədə biznes fəaliyyətinin inkişaf etdirilməsi üçün prioritetlər müəyyənləşib və hökumətə bu istiqamətdə tədbirlərin ahəngdarlığını artırmaq tövsiyə edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ilə dair fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas çağırışlardan biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan layihələrin sürətləndirilməsi, bu bölgəyə özəl sərmayələrin cəlb edilməsinin təşviqi olacaqdır. Dövlət başçısının ötən ay təsdiq etdiyi “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşib ki, bu da həmin məqsədlərə xidmət edir.
Dövlət-özəl tərəfdaşlığının faydası nə olacaq?
Strategiyaya uyğun olaraq böyük tikinti layihələrində, yəni dəyəri 30 milyon manatdan yuxarı olan inşaat işlərində sərmayəni dövlət və özəl tikinti şirkəti paritet olaraq qoyacaq. Özəl sektor təmsilçisi investisiya portfelində tələb olunan vəsaiti kredit kimi cəlb etmək hüququna da malikdir. Yeni qaydalara əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsi kreditorlar tərəfindən maliyyələşdirilə bilər və bu zaman tərəflər arasında kredit müqaviləsi bağlanacaq. Dövlət tərəfindən təmsil olunan şirkətin vəsaiti büdcə hesabına təmin olunacaq, tikinti başa çatdıqdan sonra kommersiya şərtləri ilə satışa çıxarılacaq mənzil və obyektlərdən əldə ediləcək gəlirlər hesabına özəl şirkət kreditora borcunu qaytaracaq.
Dövlət və özəl şirkətlərin birgə əməkdaşlığı azad ərazilərdə, eləcə də ölkənin digər bölgələrində aparılan inşaat işlərinin miqyasının artmasına təkan verəcək, ölkədə mənzil bazarının həcminin genişlənməsinə və mənzilə olan tələbin tam ödənilməsinə səbəb olacaq. Xüsusilə də özəl layihələr Qarabağda dövlətin maliyyə yükünə əlavə güc verməklə tikinti sektorunda çalışan insanların davamlı məşğulluğunun təmin olunmasına da töhfə verəcək, iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM-in böyüməsinə imkan yaradacaq.

Elbrus CƏFƏROV

ETİKETLƏR: