Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki işimlə təmin olunmaq üçün hara müraciət etməliyəm?

Fərid MƏMMƏDOV, Bakı şəhəri.

03.04.2024 13:04
12
A+
A-

- Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən, işçinin hərbi və ya alternativ xidmətə çağırılması tərəflərin iradəsindən asılı olmayan hallardan hesab edilir və bu zaman əmək müqaviləsinə xitam verilir.

Hərbi xidmətə çağırılmaqla əlaqədar əmək müqaviləsinə xitam verilən işçi hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerində işləmək istəyirsə, bu zaman onun vəzifəsinə götürülmüş işçi ilə bağlanan əmək müqaviləsi ləğv edilir. Belə ki, həmin maddənin “ə” bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, həmin vəzifəyə götürülən işçi ilə bağlanmış əmək müqaviləsi də tərəflərin iradəsindən asılı olmayaraq ləğv edilir.

Qanunvericilikdə əmək müqavilələrinə xitam verilərkən bəzi hallarda işçilər üçün təminatlar da nəzərdə tutulur  ki, bu təminatlardan biri də həqiqi hərbi xidmətdə olduğu vaxt onun iş yerinin saxlanılmasıdır. Aydındır ki, Sizin müraciətiniz də bu hüquq müstəvisi baxımındandır. “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəyə 2008-ci ildə (“Gənclər siyasəti haqqında” qanunun tətbiqi ilə əlaqədar) edilmiş əlavələrə əsasən, maddəyə 9-cu hissə əlavə edildi və 2009-cu ildəki dəyişikliklə həmin hissə aşağıdakı kimi verildi:

“9.Qanunvericiliklə müəyyən edilmiş qaydada, müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən gec 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər”.

Siz hərbi xidmətdən buraxıldıqdan 60 təqvim günü ərzində əvvəl işlədiyiniz təşkilata müraciət edib öz işinizə qayıda bilərsiniz.

 

Hansı hallarda işçi maddi məsuliyyətə cəlb edilmir?

 

Ənvər MƏMMƏDOV, Bakı şəhəri.

 

- İşçinin maddi məsuliyyətini istisna edən hallar Əmək Məcəlləsinin 201-ci maddəsi ilə müəyyən edilir.

Belə ki, işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət - sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

 

Əmək məzuniyyətimin istifadə etmədiyim hissəsi növbəti ilin əmək məzuniyyəti ilə birləşdirilə bilərmi? Məzuniyyətin qalan hissəsi sonradan mənə verilməlidirmi?

Nisə SƏMƏDOVA, Sumqayıt şəhəri.

- İşçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının möhkəmləndirilməsi məqsədilə 21 təqvim günündən az olmayan əsas və qanunvericilikdə nəzərdə tutulan hallarda əlavə məzuniyyətdən istifadə etmək hüququ var. Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək üçün əmək məzuniyyətləri növbəlilik əsasında verilir. Lakin əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Başqa vaxta keçirmə dedikdə növbədə nəzərdə tutulan aydan başqa aya, bir iş ilindən növbəti iş ilinə və ya təqvim ilinə keçirilməsi başa düşülməlidir.

Əmək qanunvericiliyi həm də məzuniyyətin hissələrə bölünərək verilməsini də nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Əmək Məcəlləsinin 134-cü maddəsinin 5-ci hissəsində də bu haqda qeyd olunur: “Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə olunmayan hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyətilə birləşdirilə bilər”.

Əgər Siz əmək məzuniyyətinin istifadə etmədiyiniz hissəsini növbəti iş ilinin əmək məzuniyyəti ilə birləşdirmək istəyirsinizsə, buna işəgötürənin qarşılıqlı razılığı ilə nail ola biləcəksiniz.

ETİKETLƏR: