Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bütün proseslər Azərbaycanın haqlı marağına uyğun cərəyan edir

Müharibədən sonrakı dövrdə Azərbaycanın siyasi, ideoloji və diplomatik mübarizəsi necə həyata keçirilir? Məğlub Ermənistanı təxribatçı əməllər törətməyə sövq edən qüvvələrin məqsədi nədir?

22.09.2021 10:27
20
A+
A-

Sentyabrın 27-də Azərbaycanın öz qanuni haqqından istifadə edərək 30 ilə yaxın müddətdə erməni silahlı qüvvələrinin işğalı altında qalmış torpaqlarının azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin bir ili tamam olur. Tariximizə qızıl hərflərlə həkk olunan II Qarabağ müharibəsi Azərbaycanın əzmkar qələbəsi ilə başa çatıb. İşğala son qoyulub, torpaqlarımız düşməndən azad olunub. Müharibə başa çatsa da, məğlub olmuş Ermənistan yenə də qeyri-konstruktiv davranışlarını davam etdirir. Həm döyüşlərin getdiyi ərəfədə, həm də postmüharibə dövründə müəyyən qrup ölkələrin Ermənistana dəstək verməsi onu bu çirkin əməllərini davam etdirməyə sövq edir. Onlar yenə də Azərbaycana qarşı təxribatlardan çəkinmirlər.

Müharibədən sonrakı dövrdə Azərbaycanın siyasi, ideoloji və diplomatik mübarizəsi necə həyata keçirilir? Məğlub Ermənistanı təxribatçı əməllər törətməyə sövq edən qüvvələrin məqsədi nədir?

Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, bütün proseslər Azərbaycanın haqlı marağına uyğun cərəyan edir: “Ötən il noyabrın 10-da birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan dinc yolla Ağdam, Laçın və Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılmasına nail oldu. Hesab edirəm ki, bu postmüharibə dövründə əlamətdar hadisə idi. Onun ardınca 2021-ci il yanvarın 11-də Moskvada növbəti sənəd imzalandı. Mahiyyət etibarilə bu sənəd də Azərbaycanın keçmiş münaqişə bölgəsi ilə bağlı baxışlarına uyğundur. Kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi və bunun üçün də İşçi qrupunun yaradılması bütövlükdə postmüharibə mərhələsində Azərbaycanın strategiyasına uyğun proseslər idi. Təbii ki, bu, ölkəmizin uğurlarıdır. Bu uğurları həzm edə bilməyən dairələr də var. Bu dairələrin kimliyi haqqında aydın təsəvvürlər də mövcuddur. Yəni Vətən müharibəsinin gedişində işğalçı Ermənistanı aşkar şəkildə dəstəkləyən, onun yanında olduğunu bildirən dövlətlər bəllidir. Bu mənada Fransanı ayrıca qeyd etmək olar. Təbii ki, geosiyasi maraqlarına uyğun olmayan vəziyyəti dəyişməyə çalışan təkcə Fransa deyildi. Azərbaycanın qardaş Türkiyə ilə birgə Cənubi  Qafqaz regionunda özünün düz mövqeyini formalaşdırması, kommunikasiyaların sürətlə açılmasını şərtləndirən addımların atılması, Zəngəzur dəhlizinin açılması istiqamətində təsirli cəhdləri Fransa ilə yanaşı ABŞ-ı da narahat edirdi. Onlar hələ də münaqişənin bitmədiyini, onun ATƏT-in Minsk qrupu formatında müzakirəsinin vacibliyini bildirirlər. Məqsədləri də aydındır: ATƏT-in Minsk qrupu çərçivəsində regionda mövcudluqlarını bərpa etmək imkanlarını genişləndirsinlər. Rusiyanın vasitəçiliyi ilə birgə Bəyanatın imzalanması ABŞ və Fransa tərəfindən həzm olunmurdu. Ona görə də Ermənistana olan böyük təsir imkanlarından istifadə edərək Rusiya sülhməramlılarının xidmət keçdiyi ərazilərdə intensiv təxribatların törədilməsinə nail olurdular. Məqsəd ondan ibarət olub ki, birincisi münaqişənin hələ davam etdiyi təəssüratı yaradılsın və onun tənzimlənməsinin ATƏT-in Minsk qrupu formatında vacibliyini bir daha qabartsınlar. İkincisi, Azərbaycan ilə Rusiya arasında olan münasibətlərə soyuqluq gətirməyə çalışırlar. Yəni bunu da ehtimal etmək olar. Amma Azərbaycan bütün bunlara rəğmən, öz strategiyasını inamla həyata keçirməkdədir. Ölkə Prezidenti İlham Əliyevin uğura əsaslanan fəaliyyəti konkret konsepsiyaya söykənir”.

Millət vəkili deyib ki, biz siyasi, hərbi yolla torpaqlarımızı işğaldan azad elədik.  Suverenliyimizin bütün ərazilərimiz boyunca təmin olumasının növbəti strategiyası iqtisadi xətdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə çox sürətlə nəqliyyat infrastrukturu quruculuğu həyata keçirilməkdədir. Burada iqtisadi layihələrin gerçəkləşdirilməsi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə paralel aparılır.

Füzuli aeroportunda artıq sınaq işləri həyata keçirilib, Laçında və Kəlbəcərdə aeroport inşası ilə bağlı qərar qəbul olunub. Bu aeroportlar Azərbaycan-Ermənistan dövlət sərhədinə yaxın ərazilərdə yerləşir. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə aeroportun tikilməsi hərbi təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Yəni artıq Ermənistanın sərhədlərinə yaxın ərazilərdə hərbi taktiki tapşırıqların yerinə yetirilməsi, qarşı tərəfin mümkün təxribatlarının qarşısının alınması imkanları olduqca genişlənmiş olur. Məhz bu, gələcəkdə Ermənistanın Azərbaycana qarşı hər hansı bir iddialarla çıxış etməsi, təxribatlar törətməsi imkanlarını minimuma endirmiş olur. Təbii ki, bütün bunları görən bəzi dairələr qıcıqlanmaya bilmir, çünki Ermənistanı hər zaman bir alət rolunda görüblər və istifadə ediblər. Azərbaycan da bütün hədəflərin, yəni Ermənistanın alət kimi istifadə olunmasının qarşısını almaqdadır. Belə olan halda bəlli dairələr də blef xarakterli addımlar atır və hər hansı bir formada gərginlik yaratmağa çalışırlar. Amma özləri də çox gözəl dərk edirlər ki, Azərbaycanın inkişafına hər hansı formada mane ola bilməzlər.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: