Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağ iqtisadi rayonu iqtisadi artıma görə lider bölgəyə çevrilib

.

03.04.2024 13:29
12
A+
A-

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ildə Azərbaycanın iqtisadi rayonları üzrə yaradılan əlavə dəyər, vergi yığımı potensialı, iqtisadi inkişaf templəri ilə bağlı göstəriciləri açıqlayıb. İqtisadi təhlil respublikanın rayonlarında sənaye, tikinti, bərpa, nəqliyyat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, rabitə, ticarət və digər sahələrin ümumi göstəricilərinin ümumi təsnifatına əsaslanır. Maraqlıdır ki, ötən il ölkəmizdə ən yüksək iqtisadi artım tempi nümayiş etdirən iqtisadi rayonlar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları olub. Belə ki, Xocalıda məhsul istehsalı və yaranan əlavə dəyərin həcmi digər rayonlarla müqayisədə nisbi baxımdan 14,6 dəfə yüksək olub. Yaxud Laçında inkişaf dinamikası 5 dəfə, Kəlbəcərdə isə 2,1 dəfə artıb. Bu, həmin rayonlarda torpaqlar azad olunduqdan sonra dayanmadan aparılan tikinti-quraşdırma işləri nəticəsində yaranan yüksək əlavə dəyərin yüksəlməsi, həmçinin kənd təsərrüfatı, ələlxüsus da heyvandarlıq sahələrinin dirçəlməsi ilə bağlıdır.

Azad edilmiş rayonlardan Qubadlıda iqtisadi artım dinamikası 61 faiz, Ağdamda isə 53 faiz təşkil edib. Xankəndi və Ağdərədə artım meyilləri qeydə alınmayıb. Yaxud Xocavənd rayonunda artım əvəzinə, 32 faiz geriləmə baş verib. Bunun da səbəbi Xankəndi, Ağdərə və Xocavənddə tikinti işlərinin hələ yeni başlanması, ötən ilin son aylarında bərpa-quruculuğa start verilməsi, biznes və xidmət sektorlarının əsasən 2024-cü ilin əvvəllərindən dirçəlişi ilə bağlıdır. Ona görə də bu rayonlarda əlavə dəyər və iqtisadi dövriyyələr yenicə formalaşdığından ümumi dinamika hələlik zəifdir. Ancaq yaxın müddətlərdə həmin rayonlarda da iqtisadi layihələrin icrasının genişlənməsi bu bölgədə məhsul buraxılışının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Qeyd edək ki, artıq azad edilmiş iqtisadi rayonlarda yerli vergi xidməti orqanları yaradılıb ki, burada da məqsəd bu bölgənin vergi potensialının təşviqi və qiymətləndirilməsini təmin etməkdir.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki, ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat, Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama 568 milyon manat olub.

Ötən il Azərbaycanın digər rayonlarında artım tempi orta göstərici üzrə 9-20 faiz civarında olub. Bakı və Sumqayıtdan sonra ən iri sənaye mərkəzləri olan Mingəçevir və Gəncə şəhərləri 6 faiz artım nümayiş etdirib.

Ən az iqtisadi artıma malik rayonlar isə Lerik, Beyləqan, Biləsuvar, Quba, Astara olub, bu rayonlarda cəmi 1 faiz inkişaf qeydə alınıb. Sumqayıt və Şirvan şəhərlərində, Goranboy, Oğuz, Masallı, Gədəbəy, Şabran, Siyəzən, Göygol rayonlarında əksinə - 1-10 faiz arasında iqtisadi geriləmə baş verib.

2023-cü ildə ümumilikdə istehsal və xidmət sektorlarında baş vermiş artım dinamikası məhsul buraxılışının dəyərinin 42 milyard manatı ötməsinə səbəb olub. Regionlarda yaradılan əlavə dəyərin həcmi birbaşa istehsalın və ixracın artmasını da təşviq edib ki, ötən il qeyri-neft məhsullarının ixracı 15 faiz artıb.

Ötən il ölkəmizin iqtisadi rayonlarında iqtisadi artımın və məhsul buraxılışının dinamikasındakı müsbət tendensiya vergi yığımlarının də həcminin yüksəlməsində mühüm rol oynayıb. 2023-cü ildə regionlardan 1,5 milyard manat vergi yığılıb ki, bu da əvvəlki illə müqayisədə 21 faiz artım deməkdir. Əlavə edək ki, 2023-cü ildə vergi orqanları tərəfindən dövlət büdcəsinə köçürülmüş cəmi vergi daxilolmalarının həcmi 16,1 milyard manat təşkil edib ki, onun 9,7 milyard manatı qeyri-neft sektorundan daxilolmalardır. Yəni regionlardan yığılan vergilərin həcmi ümumi olaraq qeyri-neft vergilərinin 15,5 faizinə bərabərdir.

Regionlardakı vergi yığımı potensialının yüksək artımının nəticəsində respublikanın rayonlarının 90 faizi öz vergi yığımları və gəlirlərini tam təmin etməyə nail olub. Hazırda ölkə üzrə 66 şəhər və rayondan 59-u özünü yerli gəlirləri ilə maliyyələşdirir, cəmi 7 rayon və şəhər dövlət büdcəsindən, yəni vahid mərkəzdən vəsait alır.

Bir məqamı da qeyd etmək lazımdır ki, regionlarda iqtisadi dəyərin artmasında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində icra edilən tədbirlər də xüsusi əhəmiyyət kəsb edib. Məhz bu tədbirlər planı çərçivəsində bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsulların inkişaf etdirilməsi,        istehsalın böyüməsinə nail olunub.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: