Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağda quruculuq işlərinin həcmi və sürəti

dövlətimizin, xalqımızın iradəsinin, gücünün parlaq ifadəsidir

22.09.2021 10:30
192
A+
A-

30 illik erməni işğalına 44 gün ərzində son qoyan Azərbaycan artıq postmüharibə dövrünü yaşayır. Erməni vandallarının viranəyə çevirdiyi cənnət Qarabağımızda bərpa və quruculuq işləri aparılır. Millət vəkili Fatma Yıldırımla da söhbətimiz bu quruculuq işləri, onun necə həyata keçirilməsi barədə oldu. Həmsöhbətim bildirdi ki, Qarabağın bərpasına diqqətin bariz nümunəsi kimi bu yaxınlarda ilk sınaq uçuşu baş tutmuş Füzuli aeroportunu göstərə bilərik. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu hava limanının qısa müddətdə, nəzərdə tutulan vaxtdan da əvvəl istifadəyə hazır olması Azərbaycan dövlətinin gücünün, iradəsinin və əzmkarlığının nümunəsi hesab edilə bilər. Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafına töhfə verəcək. Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək. Qarabağın incisi hesab olunan Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsünkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan xarici turistlər Füzuli limanından istifadə etməklə səyahətlərini gerçəkləşdirmiş olacaqlar. Eyni zamanda, liman Qarabağa sərmayələrin cəlb edilməsində, dayanıqlı məşğulluğun təmin olunmasında da mərkəzi tranzit rolunu oynayacaq. Fatma xanım onu da qeyd etdi ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi tarixi-siyasi əhəmiyyət daşıyır.

İqtisadçı ekspert Rəşad Həsənov isə dedi ki, ilkin olaraq, sosial, iqtisadi infrastrukturun formalaşdırılması, yolların çəkilməsi, elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı layihələr həyata keçirilir. Artıq Şuşa “Qoruq və Mədəniyyət Mərkəzi” statusu müəyyən edilib,  Ağdam ilə bağlı baş plan hazırlanıb. Maliyyə mənbələrinin şaxələndirilməsi  məqsədilə qəbul edilən qərarlar,  o cümlədən “Qarabağ Dirçəliş Fondu”nun yaradılması,  fərqli mənbələrdən vəsaitlərin bu prosesə cəlb edilməsi, xarici sahibkarlıq subyektləri və investorlar ilə aparılan müzakirələr,  onların müəyyən mərhələlərdə bu prosesə cəlb edilməsi düşünürəm ki, əslində Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən addımlardır. Burada xüsusilə iqtisadi, sosial mühit üçün vacib olan məsələlərdən biri də məhz texniki və siyasi təhlükəsizliyin təmin edilməsidir.

Bunu son dövrlərdə atəşkəsin pozulması, erməni hərbi qüvvələrinin destruktiv davranışı və başqa amillər də tələb edir. Yaxşı haldır ki, bu istiqamətdə tədbirlər görülür. Məsələn, minalanmış ərazilərin bəzilərinin xəritələri Azərbaycana təqdim edilib. Xəritələr imkan verir ki, həmin ərazilərin minalardan təmizlənmə prosesi daha sürətli şəkildə icra olunsun.

R.Həsənov onu da qeyd edib ki,  mediada yayılan məlumatlardan bizə  məlumdur ki, artıq  həmin ərazilər  üçün xüsusi bir zona statusnun verilməsi və yaxud həmin ərazilərə xüsusi güzəştlərin, fiskal və vergi güzəştlərinin verilməsini nəzərdə tutan, təşviq mexanizmlərini özündə əhatə edən layihə üzərində konkret iş gedir: “Ümid edirəm ki, bu layihə dövlət, özəl və xarici investisiyaların həmin bölgəyə yönləndirilməsini stimullaşdırılacaqdır”.

Ekspert dedi ki, doğma torpaqlarımızın düşmən tapdağından azad olunmasının il dönümü hər bir Azərbaycan vətəndaşına fəxarət və qürur hissi verir. Bu, ölkəmiz, xalqımız üçün çox böyük uğurdur.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: