Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Savadlı psixoloqlara ehtiyac var

.

17.04.2024 16:34
415
A+
A-

Son dövrlərdə qlobal problemə çevrilmiş və demək olar ki, qarşısı alına bilməyən məsələlərdən biri insanların ömrünün çox hissəsini virtual həyatda, sosial platformalarda keçirməsidir. Burada vaxt itkisi insanlara təsir edən zərərlərin ən yüngülüdür.  Bu yaxınlarda Milli Məclisin deputatı Hicran Hüseynova da məsələyə münasibət bildirdi. Dedi ki, insanlar ailə üzvləri ilə deyil, virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə böyüməkdə olan uşaqların psixologiyasına mənfi təsir edir. Valideynlik səriştəsinin inkişaf etdirilməsi ilə bağlı iş aparılmalıdır. Efirlərə çıxan psixoloqların da çoxunun cəmiyyətimizə nə qədər ziyan vurduğunu görürük. Bununla bağlı ailə psixoloqu institutu yaradılmalıdır. 

Problemin səbəbləri və həlli yolları barədə kliniki psixoloq Gülşən Rüstəmova ilə dialoq apardıq.

- Ümumiyyətlə, ailə qurmağa hazırlaşan gənclərin psixoloji cəhətdən valideyn olmağa hazır olub-olmadıqları yoxlanılırmı və ya yoxlanılmalıdırmı?

- Ailə planlaması ilə bağlı boşluqlar çoxdur. Nə üçün çoxdur? Biz bunu uzun illər əvvəldən müzakirə etməyə, hətta efirlərdə də səsləndirməyə  başlamışdıq ki, insanlar ailə qurmamışdan öncə mütləq şəkildə psixoloq qəbulunda olmalı və mütəxəssis rəyi almalıdırlar ki, onlar ailə qurmağa hazırdır, ya yox. Çünki biz bilməliyik ki, ailənin, uşaq dünyaya gətirməyin mahiyyətini başa düşürükmü? Bəzən gənclər ailədə hansı vəzifə daşıyacaqlarından, necə valideyn olacaqlarından  xəbərsiz olurlar. Son dövrlərdə isə özləri bir yana qalsın, hətta uşaqlarından istifadə edib sosial platformalarda pul qazanmağa çalışan valideynlərə çox rast gəlirik. Onlar bilməyərəkdən uşaqlarının hüquqlarını tapdalayırlar, onların gələcəklərini düşünmürlər. Eynilə virtual həyatda çox vaxt keçirib övladlarına vaxt ayırmayan valideynlər var. Biz həmin valideynlərə bu gün başa salmalıyıq ki, gec olmadan övladının gündəlik qayğıları ilə maraqlansınlar. Gündəlik qayğılarından əlavə, uşaqların mental olaraq nə düşündükləri, onları narahat edən məsələlər, gün ərzində nələrlə qarşılaşdıqları və s. bunlar hesabat şəklində hər gün valideynə məlum olmalıdır.

-Yaxın gələcəkdə ailə psixoloqu  institutunun yaranması bu sahədə necə rol oynaya bilər?

-Hesab edirəm ki, ailə institutunun yaradılması məsələnin həllinə heç bir təsir etməyəcək. Virtual həyatın bu qədər qloballaşması zəminində institut yaradıla bilər, amma bu institut bir qurum kimi qeydiyyatdan keçib ancaq formal xarakter daşıyacaq.

-Bəs, sizcə, bu sahədə hansı işlər görülməlidir?

-Düşünürəm ki, ilk olaraq hər yaş qrupunun marağına uyğun fəaliyyət növləri təklif olunmalıdır. Tutaq ki, biz övladımızın yeniyetmə yaş dövründə istəmirik sosial şəbəkələrdə vaxt itirsinlər və daha çox virtual həyata üz tutsunlar. Bəs bunun əvəzində biz uşaqlarımıza nə təklif edə bilirik? Bunun müqabilində, uşaqların maraq dairəsində ola biləcək nələr var ki, biz onlara təklif edə bilərik? İnsanların, xüsusilə də uşaqların fiziki cəhətdən sağlam böyüməsi cəmiyyətimizin nə qədər maraq dairəsindədir? Harda biz sosial çarxlar, bilbordlar, reklam çarxlarına rast gəlirik ki, övladınızın ildə bir dəfə mütləq qan analizini verin, bunun xeyirləri nələrdir, müəyyən yaş qruplarında, keçid dövründə endikronoloji müayinələrdən keçirin və s. Və ya heç ödənişsiz və güzəştli təkliflərlə idman dərslərinə, üzgüçülüyə, dərnəklərə, kurslara yazılın tipli  şüarlara rast gəlirikmi? Xeyr. Biz gənc nəslin ziyanlı vərdişlərə yiyələnməyini istəmiriksə, bu yaşa uyğun xüsusi məşğuliyyət növləri, aktivitələr və s. hazırlayıb təklif etməliyik. 

Psixologiyada bütün münasibətlərin, davranışların, həyat tərzinin və seçimlərin bir açıqlaması var. Bizim bütün davranışlarımız nəyəsə söykənir. Bu ya genetikamızdan, ya  aldığımız tərbiyədən, ya da düşdüyümüz mühitdən asılı olur. Əgər mühit bizim əlimizdədirsə, biz hansısa töhfələr verə biləriksə, gərək buna şərait də yaradılsın.

 -Millət vəkilimiz  qeyd edib ki, şərait yaradılan, efirlərə çıxan psixoloqların əksəriyyəti insanlara daha da mənfi təsir göstərir. Bu fikirə münasibətiniz?

-Düzdür. Televiziyada, bir-iki dövlət kanalını çıxmaqla, efirə çıxan qonaqları ödənişli qəbul edirlər. Yəni kim ödənişi ödəyə bilirsə, onlar çıxır efirə. Məsələ bu qədər bəsitdir. Bunun üçün xüsusi bir yoxlama, embarqo, tərtib olunmuş müəyyən qaydalar sistemi yoxdur.

-Bəs peşəsinin mütəxəssisi olan psixoloqu   necə seçmək olar?

-İlk növbədə mütəxəssisin  təcrübəsinə baxmaq lazımdır. Kommersiya xarakterli efirlərdə və sosial şəbəkələrdə çıxış edənlər, təcrübə proqramı keçməmiş, ya universiteti yeni bitirmiş, ya da hər hansı sertifikatlaşdırılmış təlimə  qoşulan “psixoloq”lardır. Sözsüz ki, onların təcrübəsi yoxdursa, dövlət müəssisələrində, təhsil və səhiyyə nazirliklərinin tabeliyində olan hansısa qurumlarda və ya xarici təhsil müəssisələrində təcrübə proqramı keçməyibsə, o psixoloq insanlara nə edə bilər, hansı informasiyanı verə bilər. Özümü misal gətirmək istəyirəm. Mən Səhiyyə Nazirliyinin nəzdində Psixoloji Sağlamlıq Mərkəzində 1 il 8 ay valunteer( könüllü) işləmişəm. Ödənişsiz  olaraq 1 il 8 ay işə gedib-gəlmişəm. Artıq 23 ildir peşəmlə məşğul oluram. Düşünürəm ki, insanlara mən indi sözümü deyə bilərəm. Bu işə kommersiya kimi yanaşmaq olmaz. Məsələnin kompleks şəkildə öhdəsindən gəlməyə çalışmasaq, belə bir qlobal və ağır məsələni tək institut açmaqla və ya tək çağırışlar etməklə həll etmək mümkün deyil.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: