Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ana cəfakeşi, Vətən şəhidi

Mənim oğlumdan çox, oğlumun mənim üstümdə əziyyəti böyük olub...

22.09.2021 11:00
53
A+
A-

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz millətinə tanıtdı. Neçə-neçə igid oğul Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Torpağı, Vətəni üçün canından keçən belə qəhrəmanlardan biri də Kürdəmir rayonundan olan Cəmil Həşimlidir. Cəmil 1995-ci il avqustun 11-də dünyaya göz açıb. 2002-2013-cü illərdə Kürdəmir rayonu Famil Həşimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Hərbi xidmətini Astara rayonunda keçirib. Cəmilin çox qısa tərcümeyi-halı var. Amma bir məktəbli dəftərinin üçdə biri qədər də olmayan bu tərcümeyi-hal uzun ömrə sığmayan qəhrəmanlıqlarla zəngindir. Xüsusilə bu ömrün Vətən müharibəsinə düşən sayılı günlərinin hər biri ilə istənilən insan fəxr edə bilər. Mən Cəmil haqqında ilk məlumatı anası Simuzər xanım Bağıyevadan aldım. Qəzetimiz üçün yazı hazırlamaq məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasına getmişdim. Simuzər xanım ilə orada tanış oldum. Övlad itkisi yaşamış ananın gözlərində əbədi kədərlə birlikdə qürur da məskən salmışdı. O, Cəmil barədə iftixarla, sanki nəyisə unudacağından ehtiyat edərək aram-aram danışırdı.

3 qardaşın ikincisi olan Cəmil ailəsinə xüsusi bağlı olub. Onları təkbaşına böyüdən Simuzər xanım deyir ki, o, artıq uşaqlıqdan kiçik çiyinlərinə dünya qədər yük götürmüşdü. 4-cü sinfə kimi əla oxuyan Cəmilin birdən-birə dərslərinin zəifləməsi, evə gec gəlməsi anasında şübhə yaradır: “Hər dəfə süfrənin altından 40-50 qəpik tapırdım. Düşünürdüm ki, yəqin nə vaxtsa qoymuşam, yadımdan çıxıb. Artıq Cəmilin evə gec gəlmələri məni lap narahat etməyə başlamışdı. Əvvəl böyük qardaşı Mərahimi arxasınca məktəbə göndərdim, ancaq tapa bilmədi. Sonra özüm getdim. Müəllimi ilə görüşəndə dedi ki, məktəbin arxasında “moyka”da işləyir. Getdim ora. Onu orda görəndə yarı məyusluq, yarı hirslə üzünə şillə vurdum. Mən oğlumu təhsilli, sənət sahibi görməyi arzularkən, o, orda maşın yuyub pul qazanırdı. Dedim “nə üçün belə edirsən? Çətin də olsa, birtəhər dolanarıq”. Onun orda gözlərinin dolmağı hələ də yaddaşımdan silinmir. Heç nə demədi, başını aşağı saldı. Sonra bildim ki, xəbər tutub hirslənərəm deyə qazandığı pulu gətirib süfrənin altına qoyurmuş ki, mən görüb o pulları götürüm”.

Həyata bu qədər erkən yaşlarında atılan “balaca uşaq” artıq 6-cı sinifdən sənət sahibi olmağa qərar vermişdi. Anasından güclə icazə alaraq maşın ustasının yanında işə düzəlmişdi. Ancaq bir şərtlə: məktəbi bitirəcəkdi: “Çox çətinlik çəkdi. Səhər dərsə gedirdi, günorta dərs bitən kimi çantasını balaca qardaşına verib qaçırdı ustasının yanına. Axşam evə əlləri mazut içində gəlirdi. Bir müddətdən sonra özü artıq işini mükəmməl bilən bir ustaya çevrilmişdi. Qazancının bir qəpiyini belə xərcləməzdi, hamısını gətirib mənə verirdi. O illərdə böyük oğlum orta məktəbi bitirib ali məktəbə qəbul oldu. Onda Cəmil hələ də işləyirdi. Daha sonra Mərahim Əfqanıstana əsgərliyə getdi. Cəmil özü də ali məktəbə uğurla imtahan verdi. Amma qəbul olsa da, fikrini dəyişdi, sənədlərini ordan götürüb texnikuma verdi. Ancaq orda da təhsil almaqdan imtina etdi. Səbəbini soruşdum. Dedi: “Ana, qardaşım əsgər, mən də oxusam, bəs sən neyləyəcəksən?”.

2013-cü ilin oktyabrında Dövlət Sərhəd Xidmətindən Cəmilin adına çağırış gəlir. Ancaq bu xəbər onu sevindirmir. “Sərhəd xidmətində şəhid olmur” deyir. Astarada ən ucqar nöqtəyə düşür. 2015-ci ilin aprelində hərbi xidmətini bitirir. Elə həmin ilin iyununda Mərahim də əsgərlikdən Vətənə geri dönür. 2016-cı ilin Aprel hadisələrindən sonra hər iki qardaş hərb sahəsində olmağa qərar verir. Elə həmin il Mərahim Təlim-Tədris Mərkəzinə qəbul olur və Qazaxda yerləşən “N” saylı hərbi hissəyə düşür. Noyabrda Cəmil də qəbul olaraq Füzulidə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayır. Beləliklə, arzusunda olduğu hərb həyatına atılır: “3 ay orda qaldı. Deyirdi, ana, ən ön xətdə xidmət etmək istəyirəm. Deyirdim, özün bilərsən, onsuz da hər yer sakitlikdi. Ancaq Xüsusi Təyinatlı Qüvvələrdə olmağı çox arzulayırdı. Keçən il bununla bağlı Türkiyədən gələn komanda ilə təlimlərə qatılmışdı”.

Simuzər xanım deyir ki, oğlu hərbi sahədə olduğu üçün ölkədə baş verə biləcək hadisələri qabaqcadan təxmin edə bilirdi. Çünki sərhəddə tez-tez atəşkəsin pozulması artıq nələrinsə baş verəcəyinə bir işarə idi. Ona görə də 6 aylıq XTQ təlimini yarımçıq qoyub hərbi hissəyə geri qayıtdı. Şükür Həmidovun qrupunda təlimlərə qatıldı. Onun vətənpərvər ruhunu Şükür Həmidov da hiss etmişdi. Ona görə də ona xüsusi önəm verirdi: “Sentyabrın 26-sı mənə zəng vurdu, danışdıq. Səhər müharibənin elan olunması xəbərindən sonra Cəmillə heç cür əlaqə qura bilmədim. 28-i Mərahim zəng elədi. Hərbi sirr verməmək üçün mənimlə şifrəli danışırdı. Cəbrayılda bir yer var, orda şəlalə axır. Mənə “ana, narahat olma, “şəlaləni” qaçırdıq” dedi. Başa düşdüm ki, həmin ərazini işğaldan azad ediblər. Dedim “gözümüz aydın, əlinizdə-ovcunuzda qalsın”. Daha bir maraqlı məqamı da qeyd edim. Bizim bir Bahar adlı tanışımız var. Cəbrayıl rayonundandır. Cəbrayıl işğaldan azad olunan gün Cəmil mənə zəng vurub “ana, Bahar xalagildəyik, artıq tam yerləşmişik” dedi. Mən də “yeriniz-yurdunuz möhkəm olsun” dedim. Dedi, “ana, mən burdan Füzuli dayıgilə gedəcəm. Bəlkə uşaqları da apardım”. Elə bir müddət sonra öyrəndim ki, Cəmili Cəbrayıldan Füzuliyə aparıblar”.

Ailə ilk dəhşətli xəbəri elə bu vaxtlarda eşidir. Cəmilgil döyüşə yollanan zaman maşınları atəş dalğasına düşür və qrupun bir hissəsi neytral zonada qalır. Mərahimə zəng edib qardaşının şəhid xəbərini verirlər. Ana artıq nəsə pis bir hadisə baş verdiyini, qohumların ondan nəyisə gizlətdiyini təxmin edir. Elə bu zaman Cəmildən zəng gəlir. Boğuq səslə “ana, narahat olma, hər şey yaxşıdı” deyir: “Cəmil özünə gələn kimi rabitə ilə şəhid və yaralılar haqda ordakılara xəbər verib. Xoşbəxtlikdən özü neytralda qalmayıb, necə olubsa, sağ-salamat çıxa bilib. Elə o vəziyyətdə ilk mənə zəng edib, sağ olduğunu demişdi”.

Cəmil gizir də olsa, şücaətinə görə 3 qrupa rəhbərlik edib. Təkcə öz qrupu ilə 2 kameralı postu alıb, hansı ki, oranı almaq mümkünsüz kimi bir şey olub. 3-cü kameralı posta yaxınlaşanda isə şəhid olub. Sonradan o qrupun digər üzvləri Şuşanın işğaldan azad olunmasında iştirak ediblər.

Oktyabrın 5-i səhər Cəmil anasına zəng edib Bakıya getməsini xahiş edir: “Mənə dedi “dur get Bakıya, istəmirəm orda tək qalasan”. Mən də onun sözünü yerə salmadım, getdim. Hətta məndən onun üçün namaz qılmağımı da istədi. Ayın 6-sı səhər saat 6-da Mərahim zəng vurdu. Dedi, Cəmilə zəng etdim, cavab vermədi. Demişdi “qız qaçırtmağa” gedəcəyik, elə biz də “qız qaçırtmağa” gedirik. Əgər sənə zəng vursa, deyərsən, ordan qayıdanda özüm ona zəng vuracağam. Dedim “yaxşı”. Axşam saat 9-a qalmış mənə Kürdəmirdən tanış bir adam zəng etdi. Dedi, Cəmil yaralanıb, rayona qayıt. Ancaq mən o dəqiqə hiss etmişdim ki, oğlum yaralı yox, şəhid kimi qayıdır. Komendant saatının başlamasına təxminən 15 dəqiqə qalmışdı. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək oğlumun yaralandığını və təcili Kürdəmirə qayıtmağım üçün mənə maşın təşkil etmələrini tələb etdim. Gecə ilə gəldim rayona, birbaşa morqa getdim. Artıq  Mərahim də çatmışdı, bütün rayon camaatı orda idi. Morqun qarşısına getdim ki, içəri girim, dəqiqləşdirim. Mərahim qarşıma gəlib “ana, çox şiddətli döyüşlər gedib, qarmaqarışıqlıqda buşlatının üstündəki ad düşüb. Deyirlər, Cəmil deyil” dedi. O an dizlərim üstə çöküb əllərimi göyə qaldırıb dedim: “Ya Rəbbim, nə olursa, olsun, hansı formada olursa, olsun, əgər Cəmil şəhid olubsa, o tabutdakı Cəmil olsun”. Çünki eşitmişdim ki, həmin gün çox dəhşətli döyüş olub. Qorxurdum elə vəziyyətdə olar ki, onu tanıya bilmərəm.

Tabutu açdırdım, ürəyindən snayper gülləsi almışdı. Bir kəlmə “bala, axı bunu mənə niyə etdin?” deyə bildim. Üzündən öpüb “haqqını halal elə” dedim. Mənim oğlumdan çox, oğlumun mənim üstümdə əziyyəti böyük olub...”.

Cəmilin qəhrəmanlığından çiyin-çiyinə vuruşduğu döyüş yoldaşı qazi Amil Bədəlov da söz açdı. Dedi ki, Cəmil çox vətənpərvər ruhda böyümüşdü. Vətəni uğrunda canından keçib şəhid olmaq onun sanki arzusu idi: “İki sözündən biri “şəhid olacağam” idi. Həmişə deyirdik “niyə elə fikirləşirsən?”. Hətta bizdə Cəfərov Tərlan var idi, o da deyirdi ki, “sənin 5 kəlməndən biri “şəhid olacağıq” sözüdü. De ki, “öldürəcəyik”. Biz ora ölməyə yox, öldürməyə gedirik”. Deyirdi “bilmirəm, nəsə ürəyimə damıb ki, şəhid olacağam”.

Biz çox yaxın dost idik. Bir-birimizdən uzağa düşəndə də rabitə ilə əlaqə saxlayırdıq. Deyirdim “necədi vəziyyətin?”. Zarafatla deyirdi “necə olacaq? Bomba kimi. 30 ildi bu günü gözləyirik”. Sanki Cəmil bunun üçün yaranmışdı, o qədər bağlı idi Vətəninə.

Mən oktyabrın 1-i ağır yaralandım: boğazım kəsilmişdi, əlimdən yara almışdım, qıçım sınmışdı. Məni ordan şəhid bilib təxliyə etmişdilər. Cəmil həmin vaxt anasına zəng edib “mənim bir qardaşım var, şəhid olub. Gedib onun ailəsinə başsağlığı verərsən” demişdi. Təəssüf ki, özü bir neçə gün sonra, Şuşanın ətraf ərazilərində gedən gərgin döyüşlərdə Şəhidlik arzusuna qovuşdu. 5-6 dəfə əməliyyat keçirdiyim üçün dəfn olunan gün gedə bilməsəm də, bir az özümə gələn kimi gedib anası ilə görüşdüm”.

Amil deyir ki, Cəmil heç vaxt ehtiyatı əldən verməyən, hər şeyə hər an hazır olan əsgər idi: “Posta gedəndə, silaha ehtiyac olmasa belə, yenə də silahla gedərdi. Deyirdi, ön xətdə olacağıq, hər an hər şey ola bilər. Diqqətcil və ehtiyatlı idi. Həqiqətən çox qəhrəman oğlan idi Cəmil”.

Simuzər xanım oğlunun son mesajlarını da bizimlə paylaşdı. Mesajında Cəmil belə yazır: “Ana, məni bağışla. Mənə nəsə olsa, sənə güvənirəm. Heç nədən narahat olma. Özünüzə yaxşı baxın. Sizə güvənirəm. Nəsə olsa, bilin ki, Vətənim uğrunda öldüm. Söz ver ki, möhkəm olacaqsan, 100 yaş yaşayacaqsan...”

Kiçik qardaşı Cavid Cəmilin şəhid olduğundan 4 ay xəbərsiz olub. Naxçıvanın Şahbuz rayonunda hərbi xidmətdə olduğu üçün narahat olmasın deyə ailəsi ona bildirmək istəməyib. Anası deyir ki, komandirləri onu hər şeydən təcrid ediblər ki, xəbər tuta bilməsin. Ancaq təəssüf ki, bu, çox çəkməyib. O, təsadüfən sosial şəbəkələrin birində qardaşının şəhid xəbərini oxuyur. Simuzər xanım deyir ki, yanvar ayında komandirin telefonundan ona zəng gəlib: “Danışan Cavid idi. Dedi “ana, Cəmil şəhid olub?”. Özümü itirmədim, tez dedim, “yox. Cəmilin yoldaşı gecə üşüdüyü üçün durub,  Cəmilin buşlatını üstünə atıb. Əslində şəhid olan həmin o yoldaşıdı. Buşlatın üstündə Cəmilin adı yazıldığı üçün yanlışlıq olub. Sən harda rast gəlsən, narahat olma”. Həmin vaxt inandı. Ancaq təbii ki, gizlətmək bir yerə qədər olacaqdı. Korpus komandirinə zəng edib Cavidin artıq şübhələndiyini dedim. Xahiş etdim ki, onu məzuniyyətə buraxsınlar. Elə gəldiyi gün dayısı onu birbaşa qardaşının məzarı üstünə aparmışdı.

Mənim 3 oğlumun 3-ü də hərbçidi. Mən hər zaman bir şey deyirəm. Cəmil nə qazi, nə də veteran kimi gəlməyəcəkdi. Cəmil elə şəhid kimi gələcəkdi. 3 oğlun hərbçi ola, onun 2-si müharibədə ən qaynar nöqtələrdə düşmənlə üz-üzə vuruşa və heç biri də şəhid olmadan geri qayıda?...”.

Bu sözləri deyən ananın Cəmil kimi də övladı olmalı idi. Qəhrəman ananın qəhrəman oğlu, ruhun şad, yerin behişt olsun! Biz Qarabağın yenidən ulu sakinlərinə qovuşmağına görə sizin kimi igid oğullara borcluyuq... Qarşınızda baş əyirik!

Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Cəmil Həşimli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Söhbət apardı:

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto