Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsilimizin bu günü...

.

24.04.2024 14:03
39
A+
A-

Müsahibim pedaqoji elmin müasir problemlərinin tədqiqatçılarından olan dosent İlham Əhmədovdur.

 -İlham müəllim, hazırda təhsil sahəsində  vəziyyəti necə dəyərləndirirsiniz?

- Respublika Prezidenti İlham Əliyev  ölkənin sosial-iqtisadi inkişafının yeni ideyalar əsasında  Yeni Eraya keçidini təklif edir. Bu keçid isə təhsildən başlayır. Çünki keyfiyyətli təhsil milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, ölkənin bütün istiqamətlərdə inkişafının əsas  təminatçısıdır.

Ali təhsil sistemimizdə 30 il ərzində yüzlərlə problem qalaqlanıb.Təəssüf ki, bu problemlər nə ciddi müzakirə obyekti olur, nə də həll edilir.

Əsas problemlərdən biri kütləvi hal almış repetitorluqdur. Bunun da günahı orta məktəblərdədir. Orta ümumtəhsil məktəblərində normal tədris prosesi təşkil edilməlidir ki, şagirdlər 5-6 fəndən repititor hazırlığına getməsinlər. Çünki 11 illik təhsil materialını 2 ilə sığdırmaqla şagirdləri həddən artıq yükləyirlər. Dünyanın hər yerində repetitorluq var, amma Azərbaycandakı kimi kütləvi deyil.  Repetitorların hazırladıqları şagirdlərin əksəriyyəti isə 150-200 balla universietlərə qəbul olur. Onlar daha sonra universitetin proqramını qavramaqda çətinlik çəkirlər və semestr imtahanlarında keçid balını toplaya bilmirlər.  Ona görə də universiteti qurtarandan sonra yenidən işə qəbul üçün imtahanlar təşkil olunur. Təəssüf ki, universitet məzunları işə qəbul üçün yenidən repetitor yanına hazırlığa getməli olurlar. Çünki imtahan zamanı həmin məzunların 80 faizi kəsilir.  Əgər universitet həmin sahə üzrə tələbəyə diplom verirsə, yenidən imtahana nə ehtiyac var? 80 faiz məzun işə qəbul zamanı kəsilirsə, bəs onda təhsil aldıqları 4-5 ilin nə əhəmiyyəti var? Bir sözlə, problem kökdən, kompleks şəkildə həll edilməlidir. Çünki savadlı kadr çatışmazlığı ölkənin gələcəyi üçün birbaşa təhdiddir.

-Bildiyiniz kimi, buraxılış imtahanında bu il 39 nəfər 300 bal toplayıb. Bu, son illərin rekord göstəricisidir.

-Bunu təhsilimizin uğuru saymaq sadəlövhlük olardı. Sadəcə olaraq, imtahan sualları sadələşdirilib. Az müddət ərzində universitetlərə qəbul planının 2 dəfə artırılması (2026-cı ildə 75 min plan yeri olacaq) və eyni vaxtda imtahan suallarının əvvəlki kimi saxlanması nəticəsində universitetlərə giriş balı ilbəil enir, 150 bal ətrafında olurdu. Bu isə keyfiyyətsizlik göstəricisi idi.

Qəbul planının artırılması özlüyündə yaxşı təşəbbüsdür,  amma buna xüsusi hazırlaşmaq lazım idi. Təbii ki, məktəbdə təhsilin keyfiyyətini yüksəltməklə.  Bu isə çətin idi. Düşünürəm ki, imtahan suallarını asanlaşdırmaqla təhsilin “keyfiyyətinin kəskin yüksəlməsi”nə, həm də universitetlərə qəbul ballarının artmasına nail olunacaq.

Bundansa bizim dəfələrlə təklif etdiyimiz kimi, universitetlərə imtahansız (attestatla) qəbul aparılması daha yaxşı olardı. Bu halda repetitorluq  da yox olacaqdı.

-Rəqabətli insan kapitalı yaratmaq  hər bir dövlətin strateji məqsədlərindəndir. Qeyd etdiniz ki,  bunu isə yalnız rəqabətədavamlı milli təhsil sistemi yarada bilər. Təhsilimizin rəqabətədavamlı olması üçün nə etmək lazımdır?

-İlk növbədə təhsil menecerləri korpusunun özü rəqabətədavamlı olmalı, yüksək elmi-metodik səriştəyə sahib olmalıdırlar. Bunsuz təhsilimiz rəqabətədavamlı ola bilməz.

Son 20 ildə heç bir universitetimiz boloniya prosesi tələbləri səviyyəsinə yüksələ bilmədi, Avropa Təhsilin Keyfiyyəti Agentliyində Beynəlxalq Akkreditasiyadan keçmədi.

Universitetlərimizin verdiyi diplomlar Avropada keçərli deyil. Yəni hazırda, təəssüf ki, təhsilimizin rəqabət qabiliyyəti yoxdur.

-İlham müəllim, sizin araşdırmalarınıza əsasən, Azərbaycan təhsilində hansı islahatlara ehtiyac var?

-Cəmiyyətin inkişafının təminatçısı olan təhsil sistemində ciddi islahatlara ehtiyac var. Təhsil islahatları iqtisadi islahatlardan daha mürəkkəb və daha çətindir. Bu uzunmüddətli bir  meqalayihədir.

Yalnız düzgün strategiya və dəqiq icra planı əsasında, uzun müddət ərzində bu proses  reallaşa bilər.

Bu işdə 4 mühüm tələb var:

1. Təhsil siyasətini və beynəlxalq təcrübəni bilən peşəkar insanlardan və  müəllimlərdən ibarət komandanın mövcudluğu.

2. Təhsil islahatlarının elmi bazaya əsaslanması. İslahatların tədqiqat bazası, kadr təminatı və maliyyələşməsi olmalıdır.

3. Strategiyanın icrasının illər ərzində normal (tam və şəffaf) maliyyələşməsi.

4. Müəllimin əməyi yüksək qiymətləndirilməlidir.

Bu  amillər olarsa, uzunmüddətli təhsil islahatı prosesi müsbət  nəticə verə bilər.

Bu yaxınlarda təhsil naziri  də vurğuladı ki, “Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tətbiq etmək olar”.

Sevindirici haldır ki, müstəqillik illərində ilk dəfədir ki,  təhsil islahatlarının elmi təminatı məsələləri gündəmə gəlir. Təhsil Nazirliyinin (TN) bu qənaətə gəlməsi müsbət haldır. Amma nə dərəcədə buna nail olacaqlar? Hesab edirəm ki, bu problemlərin həlli, bu işlərin icrası TN və Təhsil İnstitutunun məhdud imkanları ilə heç cür reallaşa bilməyəcək. Bu istiqamətdə universitetlərin, xüsusilə pedaqoji profilli universitetlərin elmi potensialından, müstəqil ekspertlərin təcrübəsindən, elmi potensialından geniş istifadə edilməli, müvəqqəti elmi-tədqiqat və layihə qrupları yaradılmalı, onların bu istiqamətdə elmi tədqiqat fəaliyyəti büdcədən maliyyələşdirilməlidir (qrant layihəsi və ya dövlət proqramları çərçivəsində). TN bilməlidir ki, elmə əsaslanmayan islahat, maliyyələşməyən elmi araşdırma əbəs yerə vaxt itkisidir. Elmi araşdırma maliyyə tələb edir. Bu məsələlər nəzərə alınarsa, islahatların irəliləməsinə şans yarana bilər.

Ali təhsildə aparılan islahatlar heç vaxt maliyyələşməyib, universitetlərin sərəncamına buraxılıb ki, necə bacarırsınız elə edin. Amma heç bir ölkədə heç bir sahədə ödənişsiz islahat həyata keçirilmir. Çünki burada yüzlərlə insan aylarla, illərlə işləməlidir.

-Dövlət büdcəsindən təhsilin inkişafı üçün kifayət qədər vəsait ayrılırmı?

-Təhsilin inkişafına  büdcədən 5 milyarda yaxın vəsait ayrılır. Hesab edirəm ki, bu, kifayət qədər yetərli məbləğdir, amma düzgün sərf olunarsa. Məsələn, il ərzində 400-500 layihə hazırlanır. Bunlara 600-700 milyon manat xərclənir.  Bu layihələr haqqında istərdim icimaiyyətə məlumat verilsin ki, necə layihələrdir, onlar nə işə yarayacaq.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: