Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır?

ölkəmizdə psixoloqlara niyə inam yoxdur? Gəlin öncə aydınlaşdıraq, psixoterapiya nədən ibarətdir?

01.05.2024 00:33
150
A+
A-

Müasir dünyamızda informasiya çoxluğu, daim dəyişən həyat şəraiti, siyasi, iqtisadi və emosional sarsıntılar insanın psixi sağlamlığında iz buraxır. Cəmiyyətdəki stres, həddindən artıq gərginlik və narahatlıq şəraitində psixoloqa müraciət ehtiyacı gündən-günə artır. Psixoloqların ümumi məşğulluğunun 2020-ci ildən 2030-cu ilə qədər təxminən 8% artacağı proqnozlaşdırılır.

Lakin Azərbaycan reallığına nəzər yetirsək, cəmiyyətimizdə psixoloqlara münasibət birmənalı deyil. Müəyyən təbəqə müraciət etmir. Müraciət edənlərə isə boş yerə vaxt və pul itirən insan kimi baxırlar. Bu təfəkkürün səbəbləri nədir? Həll yolları varmı? Klinik psixoloq Leyla Məmmədova ilə diskussiyamız bu suallar ətrafında oldu.

- Leyla xanım, sizcə, ölkəmizdə psixoloqlara niyə inam yoxdur? Gəlin öncə aydınlaşdıraq, psixoterapiya nədən ibarətdir?

- Əfsuslar olsun ki, vəziyyət doğrudan da belədir. Amma onu da nəzərə almaq lazımdır ki, bu sahə ilə maraqlanan və məşğul olan insanların sayı ildən-ilə sürətlə artmaqdadır. Lakin psixologiya elmi ilə həqiqətən dərindən məşğul olanların sayı, təəssüflər olsun ki, azdır. Adətən psixoloqlar haqqında neqativ düşüncələr bu şəkildə formalaşır: bir insan psixoterapiya dəstəyi almağa qərar verir, mütəxəssis seçimi edir, ona müraciət edir. Terapiya zamanı psixoloq ilə düzgün emosional kontakt qurulmur və yaxud özünü əvvəlkindən daha pis hiss etməyə başlayır və beləliklə, “bu psixoloq pisdir, qeyri-mütəxəssisdir” kimi düşüncələr formalaşır insanlarda. Amma məsələni analiz etsək görərik ki, burda iki faktor rol oynayır. Birincisi, mən müşahidə etdiyim qədəri ilə, insanlar bir psixoloqa müraciət edəndə psixoterapiya haqqında məlumatlı olmurlar. Burada məsuliyyət psixoloqun üzərinə düşür. Hər bir mütəxəssis psixoterapiyanın gedişatını düzgün şəkildə pasiyentə anlatmalıdır. Bəzən terapiya zamanı həqiqətən də enişli-çıxışlı dönəmlər olur. Bu, təbiidir. Çünki insan həyatında hər hansı bir dəyişikliklər etməyə başlayırsa, o zaman köhnə “fundamenti” dağıtmalıdır ki, onun yerinə yeni əsaslı təməl  yarada bilsin.

İkincisi, insanlar düşünür ki, psixoterapiya rahatlayıcı bir məşğuliyyətdir və psixoloqa müraciət edəndə mütəxəssis onların yerinə problemlərini çözmüş və həll etmiş olacaq. Lakin bu, yanlış təsəvvürdür. Psixoterapiya, sadəcə, rahatlamaqla özünü büruzə vermir. Əksinə, bəzən yaralı nöqtələrə toxunmaq gərəkir. Çünki insanların şüuraltında hökmdarlıq edən travmaları, loru dildə desək, silməliyik. Elə etməliyik ki, beyin onları emal etsin. Təbii ki, insan da buna hazırdırsa və travmalardan qurtulmaq istəyirsə. Bəli, bu proseslərin öhdəsindən gəlmək asan deyil. Amma bu yolçuluğa peşəkar mütəxəssislə çıxanda, o  sizi dəstəkləyir, yönəldir, ən əsası məsləhət və tövsiyələr vermədən, sadəcə, sizə qulaq asaraq,  qəbul edərək, ekoloji və güvənli bir atmosfer yaradaraq, sizinlə terapevtik üsullarla işləyərək psixoloji dəstək verir. Peşəkar psixoloqun vəzifəsi elə bir ortam yaratmaqdır ki, pasiyent ruhsal olaraq şəfalanıb, problemlərinin öhdəsindən gələ bilsin. Beləliklə, pasiyent resurslu vəziyyətə gələndən sonra öz həyatında hər hansı bir qərar verməyə hazır olur.

Psixoloqun əsas məqsədi danışana emosional stresi aradan qaldırmağa kömək etmək, seçimlərini, davranış strategiyalarını genişləndirmək və ən əsası problemlərin öhdəsindən təkbaşına gəlmək qabiliyyətini bərpa etməkdir.

- Psixologiyada adətən hansı miflərlə qarşılaşırsınız?

-Həqiqətən bizim sferada bir çox miflərlə üzləşirik. İlk növbədə onu vurğulamaq istəyirəm ki, cəmiyyətdə belə bir  stereotip müşahidə olunur ki, psixoloqlar xəstə və ağır pozuntulu insanlarla çalışır. Əksinə, biz yalnız müəyyən çətinliklər yaşayıb və buna görə həyat keyfiyyəti aşağı düşmüş  sağlam insanlarla çalışa bilərik.

Digər mifə səbəb psixoloq - psixoterapevt və ya psixiatr arasındaki fərqin çoxuna məlum olmamasıdır. Bu məlumatsızlığın nəticəsidir ki, əksər halda pasiyentlər psixoloqun dərman yazmamasına təəccüblə yanaşırlar.

Psixoloqlara ekstrasens kimi baxanlar da var. Mənim özümə: “Bax gör məndə nə görürsən”? davamlı olaraq soruşan pasiyentlər olub. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir.

Digər toxunmaq istədiyim məqam, cəmiyyət arasında hazırda bir deyimdir: “O psixoloqun özünə də psixoloq lazımdır”. Əslində, doğrudan da, peşəkar psixoloq mütləq şəkildə özü də şəxsi psixoloji terapiyadan keçməlidir. Əgər bir insan psixoloqdursa, bu o demək deyil ki, o, həyatında heç bir travma yaşamır, hər bir vəziyyəti mükəmməl şəkildə idarə edir və ideal həyatı var.

- Ümumiyyətlə, peşəkar psixoloq seçimini necə etmək lazımdır? Nələrə diqqət etmək vacibdir?

- Burada bir neçə məqamı qeyd etməyimiz gərəkdir: ilk növbədə təhsil. Sonra ixtisası mütəmadi artırmaq, təkmilləşdirmək. Hər insanın psixotipinə uyğun metod seçmək və sair. Bunları bilməyimiz şərtdir.

Daha öncə də qeyd etdiyim kimi, önəmli göstəricilərdən biri psixoloqun minimum bir il (100 saat olmaqla) şəxsi terapiya almasıdır. Bu, mütəxəssisin öz problemlərini və travmalarını danışana yansıtmamağına zəmanətdir.

Psixoloq mütləq şəkildə interviziyalardan və superviziyalardan keçməlidir. Özündən daha təcrübəli mütəxəssislərdən pasiyenti ilə bağlı çətin vəziyyətlərdə geridönüş almalıdırlar.

Çünki bu görüşlərdə ağır vəziyyətlər və situasiyalar müzakirə olunur. Psixoloqun bəlkə də etdiyi səhvlər ortaya çıxır. Yəni superviziyalara nə qədər çox vaxt sərf olunubsa, bir o qədər həmin mütəxəssisin şəriştəsi yüksəkdir.

Daha bir göstərici isə psixoloqun uğurlu keysləridir, yəni öncəki pasiyentlərin bölüşdüyü rəylər. Düzdür, bizim sahədə ən önəmli faktor etik kodeksdir. Bir pasiyentlə psixoloq arasında işlənən mövzuların  konfidensiallığını qorumaq şərtdir.  Amma pasiyentin icazəsi ilə geridönüşlər paylaşıla bilər. O zaman potensial müştərilər də mütəxəssisin uğurlu terapiya təcrübələri ilə tanış olmaq şansı qazanır. Beynəlxalq konfranslar və seminarlarda iştirak etmək də bir psixoloq üçün önəmlidir.

Son olaraq onu qeyd etmək istəyirəm ki, əgər özünüz üçün psixoloq axtarışınızdasınızsa, çalışın şəxsi dəyər sisteminizə yaxın bir mütəxəssis seçin. Beləliklə, bu yolda daha rahat, asan və effektiv nəticələr almış olacaqsız.

 

Günel RAFAYILQIZI

 

ETİKETLƏR: