Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Saatlıq əməkhaqqı sisteminə keçid nə vəd edir?

- Bu sistemin tətbiq olunduğu inkişaf etməkdə olan ölkələrlə müqayisədə bizdə vəziyyət necədir?

15.05.2024 12:53
172
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək tapşırılıb. Bu təşəbbüs hansı ehtiyacdan yaranıb? Əməkhaqqı sistemində dəyişiklik ilk növbədə işçilərin sosial vəziyyətinə hansı təsirləri göstərəcək? Bu suallarla millət vəkili Vüqar Bayramov və iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət etdim. Vüqar müəllim dedi ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq əməkhaqqının hesablanması və ödənilməsi ilk növbədə minimum əməkhaqqının artırılmasına səbəb olacaq. Bundan əlavə, vətəndaşlar üçün yeni imkanlar açacaq. Bu imkanlardan biri də onların bir neçə yerdə işləyə bilməsi olacaq.

- Bu qanunun bütün əmək sferasını əhatə edəcəyi gözlənilirmi? Yəni aylıq əməkhaqqı sistemi tam qüvvədən düşəcəkmi?

- Xeyr, saatlıq əməkhaqqının tətbiq olunması, aylıq əməkhaqqı sisteminin tam sıradan çıxacağı anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə də minimum əməkhaqqının hesablanması mümkün olacaq. Yəni nəticədə baza olaraq saatlıq əməkhaqqından istifadə edilə bilər. Burada məqsəd aylıq əməkhaqqının qüvvədən düşürülməsi deyil, vətəndaşın əməyinin daha yaxından qiymətləndirilməsidir.

- Vətəndaşlara fərqli mənbələrdən əməkhaqqı almaq imkanının verilməsi onların hazırda aldıqları əməkhaqqı məbləğini bir neçə müəssisədən alacağı anlamına gəlir, yoxsa daha çox gəlir əldə edəcəkləri?

- Hesab edirəm ki, onlar həm dövlət, həm özəl sektorla əməkdaşlıq edə biləcəklər və nəticə etibarılə bu, onların daha yüksək əməkhaqqı almasına imkan yaradacaq. Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı məbləği müəyyənləşəcək. Praktik olaraq hazırda bu məbləğin nə qədər olacağını söyləmək mümkün deyil. Məbləğ mexanizmi sistemin tətbiqi hazır olandan sonra orada istifadə olunacaq meyarlar əsasında müəyyənləşəcək. Əlbəttə, saatların haqqı elə hesablanmalıdır ki, vətəndaşların maaşları hazrkı minimum aylıq əməkhaqqından az olmasın, hətta daha yüksək olsun.

- Sizcə, yeni prosesə keçid ən çox hansı işçilər üçün faydalı olacaq?

- Burada əsas özəllik ondan ibarətdir ki, vətəndaş bayram günləri, qeyri-iş günləri, iş saatlarından sonra çalışırsa, bu halda o saatlar xüsusi əmsalla, adi iş saatlarından iki dəfə artıq hesablanacaq. Hesab edirəm ki, saatlıq əməkhaqqının hesablanması ən çox bu işçilərə fayda verəcək. Daha çox işləyən daha çox maaş alacaq. Bir sıra inkişaf etmiş ölkələrdə bu əmsallar artıq qanunvericilikdə öz əksini tapıb. Biz təklif edirik ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun və inanıram ki, olacaq da. Çünki ölkəmizdə də qeyri-iş günlərində, iş saatlarından sonra çalışan kifayət qədər vətəndaşımız var.

Millət vəkili qeyd etdi ki, minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb. Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi.

2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əməkhaqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bunlar nəzərə alınsa, minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər.

Bununla belə, minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, bu, əslində dünya praktikasına uyğun mexanizmdir. Dünyanın bir çox ölkəsində belə mexanizm var. Britaniya və ABŞ 30-cu illərdən, bəzi Avropa ölkələri isə 80-90-cı illərdən bu sistemə keçib. İdeya maraqlıdır, amma bunun tətbiqindən çox şey asılıdır. Məsələn, burada onların əsas qayəsi ondan ibarət olub ki, işçiyə 1 saat iş üçün ən azı nə qədər maaş verilə biləcəyini müəyyənləşdirsinlər. Sonra ona uyğun olaraq həm dövlət, həm də özəl sektorda əməkhaqqı hesablansın. Ölkəmizdə bu sahə ilə bağlı hazırda problemlər var. Bizdə minimum əməkhaqqı təyin olunub, bugünkü əməkhaqqını saat hesabına böləndə isə saata 1 manat 80 qəpik düşür. 8 saatlıq iş rejimini götürsək, bu, çox azdır. Bu, məbləği saatlarla əvəz etmək hazırda Azərbaycan reallığında mümkün olmayacaq. Hesab edirəm ki, burada əməkhaqlarının kəskin artımından söhbət gedəcək.

- Bu sistemin tətbiq olunduğu inkişaf etməkdə olan ölkələrlə müqayisədə bizdə vəziyyət necədir?

 - Qeyd edim ki, inkişaf etməkdə olan ölkələrdə minimum 1 saat əməkhaqqı 2 dollardan başlayır. Bu da 3 manat 40 qəpik edir. Deməli, bizdə əməkhaqqı saat hesabı olacaqsa, saata düşən əməkhaqqı ən azı iki dəfə artırılmalıdır.

 Natiq müəllim bildirdi ki, burada müəyyən narahatedici məqamlar var. Məsələn, bizdə bayram günlərinin sayı kifayət qədər çoxdur. ABŞ-də il ərzində cəmi 9 gün bayram var, bizdə Novruz, Yeni il bayramlarının hər birində az qala 9 gün tətil olur. Bəs işçi bayram günlərində işləməyəcəksə ona ödəniş ediləcəkmi?

Bundan başqa, ölkədə 8 minə yaxın vətəndaş VÖEN ilə çalışır. Yaxşı bilirik ki, işçilər və işəgötürənlər vergini az ödəməkdə maraqlıdırlar. Əgər saat hesabına keçsələr və orda saatın minimum ödənişi təsdiq olunsa, bu zaman rəsmi müqaviləni elə bağlayacaqlar ki, hər iki tərəf az ödəsin və qara mühasibatlıqla ödənişlər olsun. Və ya işəgötürənlər qanun qüvvəyə minəndən sonra iş yerlərinin optimallaşdırılması ilə bağlı qərar verəcəklər. Məsələn, deyə bilərlər ki, işçinin gün ərazində 1 saatlıq işi varsa, niyə də onlara 8 saatlıq əməkhaqqı ödənilməlidir. Bu hal ciddi konfliktlərə gətirib çıxara bilər. Ona görə də bu işin mexanizmi elə şəkildə hazırlanmalıdır ki, işəgötürən və işçilər üçün də əlavə problemlər yaşanmasın. Yəni sistemin realizə olunması üçün ciddi ictimai müzakirələrə ehtiyacı var. Özəldən daha çox dövlət işlərində belə problem çıxa bilər. Ona görə də  bu təkliflər hazırlanarkən həmkarlar təşkilatları ilə, vətəndaş cəmiyyəti ilə, sahənin mütəxəssisləri, ekspertləri ilə ciddi müzakirə edilməlidir.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: