Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri, Milli Məclisin deputatı, BHİK-in və PARŞ-ın vitse -prezidenti Səttar Möhbalıyevin PARŞ-ın İcraiyyə Komitəsinin 16-cı iclasında çıxışı

Hökumətlər və işəgötürənlər üçün koronavirusdan sonrakı dövrdə əməyin mühafizəsi, sağlamlığın və sosial müdafiənin təşkili kimi minimum beynəlxalq əmək standartlarına riayət edilməsi əsas prioritetlər sırasında olmalıdır.

06.10.2021 10:23
9
A+
A-

-Hörmətli həmkarlar,

xanımlar və cənablar!

Hamınızı salamlayıram.

İlk növbədə nəzərinizə çatdırmaq və təəssüf hissi ilə qeyd etmək istərdim  ki, dünyada müşahidə edilən COVID-19 pandemiyası və onun yaratdığı fəsadlar fonunda həyatımızda baş verən dəyişikliklər bizim canlı - üzbəüz ünsiyyətimizi texnoloji müstəvidə ünsiyyətlə əvəz etmişdir. Koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi təsirləri hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. İnkişaf səviyyəsindən, coğrafi genişliyindən və əhali sayından asılı olmayaraq, dünya dövlətləri ciddi problemlə üzləşdilər. Hətta dünyanın aparıcı ölkələri belə, pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində operativ qabaqlayıcı tədbirlər görə bilmədilər və çox böyük zərərlə qarşılaşdılar. Azərbaycan dünyanın azsaylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən həyata keçirdiyi qabaqlayıcı tədbirlər və düzgün strategiya nəticəsində bir sıra uğurlara nail olub.

Pandemiyanın ilk günlərindən COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.  Pandemiya zamanı məşğulluğa , sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda koronavirusla bağlı işini itirən və qeyri-formal məşğul insanlardır. Halbuki dövlət başçısı tərəfindən qeyri-formal məşğul insanlara formal məşğulluğa keçmələri üçün indiyədək dəfələrlə çağırışlar edilib və xüsusi dövlət proqramları təsdiq olunub.

Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən azsaylı ölkələrdəndir. Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Nəzərinizə çatdırmaq istəyirəm ki, kütləvi vaksinasiyaya başlayan ilk ölkələrdən biri də məhz Azərbaycan olub. Hazırda da ölkəmizdə peyvəndləmə kampaniyası gedir və bu günə qədər vaksinasiya olunanların ümumi sayı 8 milyon 485 min 952 nəfər təşkil edir. Bu da yetərincə yüksək göstəricidir.

Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz - iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.

Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan Prezidenti növbəti unikal təşəbbüslə çıxış edərək, BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub.

Artıq Azərbaycanda post-COVID-19 dövrünün atılacaq addımları haqda düşünmək mümkündür. Təbii ki, post-COVID-19 dövründə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar da müəyyənləşdirilməkdədir. Eyni zamanda torpaqlarımız işğaldan azad edilib və həmin ərazilərin potensialı da ümummilli iqtisadi inkişaf dövriyyəsinə əlavə ediləcək. Həmin ərazilərdə iqtisadi infrastrukturun yaradılması məşğulluq səviyyəsinə kifayət qədər təsir edəcək.

Hörmətli həmkarlar, onu da qeyd etməliyəm ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqları da yaxından iştirak edib. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən addımlar atıb. AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 98 507 aztəminatlı ailəyə 3 925 985 manat, 92 254 nəfərə isə ümumilikdə        6 500 762 manat yardım göstərib.

Hesab edirik ki, COVID-19 pandemiyasının alovlanması və onun nəticələri ilə əlaqədar görülən tədbirlərin effektivliyinin təmin olunması üçün sosial dialoq və üçtərəfli danışıqlar vasitəsilə etibar mühitinin formalaşması zəruridir. Böhrandan sonra dayanıqlı iş modeli yalnız və yalnız dövlətlə tərəfdaşlığa əsaslanacaqdır. Sosial dialoqun başlıca məqsədi iş dünyasında maraqlı tərəflər arasında konsensus qurulması və demokratik iştirakın təşviq edilməsidir. Uğurlu sosial dialoq prosesləri olan ölkələrin tarix boyu cəmiyyətə dərindən təsir edən iqtisadi böhranları həll etmək potensialı olmuşdur. Keçmiş böhranlardan ibrət götürərək yaranmış şəraitdə sosial-iqtisadi siyasətin formalaşmasında sosial əməkdaşlığın vacibliyi nəzərə alınmalıdır.

Hökumətlər və işəgötürənlər üçün koronavirusdan sonrakı dövrdə əməyin mühafizəsi, sağlamlığın və sosial müdafiənin təşkili kimi minimum beynəlxalq əmək standartlarına riayət edilməsi əsas prioritetlər sırasında olmalıdır. Sosial dialoq, kollektiv müqavilələr və sektor səviyyəsində razılaşmalar yeni məşğulluq sahələrində çalışan insanları qorumaq baxımından hər zamankından daha əhəmiyyətli olacaq.

AHİK, Azərbaycan Respublikası da daxil olmaqla, ölkələrin qarşısına qoyulan Dayanıqlı İnkişaf Məqsədlərinin layiqincə həyata keçirilməsini də vacib hesab edir. Əminik ki, hökumət və ölkənin İşəgötürənlər Konfederasiyası ilə bağlanan Baş Kollektiv Sazişin uğurla həyata keçirilməsi və “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının məqsədlərinə nail olmaq sayəsində nəinki işsizlik səviyyəsinin artımının qarşısı alınacaq, eləcə də  qeyri-formal  məşğulluğa qarşı mübarizə daha ardıcıl xarakter kəsb edəcək, habelə ölkədə işsizlik 4%-ə qədər azalacaq; formal məşğulluq (aqrosənaye kompleksi istisna olmaqla) 80%-ə çatdırılacaq; əmək bazarında və təhsil sahəsində fəal olmayan gənclərin (15-24 yaş) nisbəti 15%-ə endiriləcək, regional peşə təhsili mərkəzlərinin sayı 10-a çatdırılacaq və daha çox ailəni əhatə edəcək özünüməşğulluq proqramları və aktiv əmək bazarı proqramlarının maliyyələşdirilməsi artırılacaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının müzakirə olunan mövzu ilə əlaqədar atdığı addımları təqdirəlayiq hesab edir və eyni zamanda onları dəstəkləyirik.

ETİKETLƏR: