“Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub
S.Möhbalıyev bildirib ki, bu gün açılışında iştirak etdiyimiz istirahət mərkəzi oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün tam müasir üslubda tikilib.
“Üzvlərimizin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri hesab olunur. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün bütün şərait yaradılır”.
Bu sözləri avqustun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Şəki” İstirahət Mərkəzində jurnalistlərə müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
S.Möhbalıyev bildirib ki, bu gün açılışında iştirak etdiyimiz istirahət mərkəzi oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün tam müasir üslubda tikilib.
Mərkəzdə 100 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf və digər vasitələrlə təchiz olunub. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri də mövcuddur. Mərkəzin ərazisində ikimərtəbəli müalicə korpusu da var ki, birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri yerləşir. Qapalı hovuz da istifadəyə verilib. Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait var.
Mərkəzin müalicə korpusu vanna otaqları, sualtı duş-masaj, funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, müalicəvi masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Ərazidə yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
AHİK sədri deyib ki, ümumiyyətlə, ölkə vətəndaşlarımızın sağlamlığının qorunması həmişə dövlətimizin diqqət mərkəzində olub. Həmkarlar ittifaqları da bunu özünün fəaliyyətinin təməl prinsipi hesab edərək hər il minlərlə üzvünə sağlamlıqlarının bərpası üçün güzəştli şərtlərlə yollayışlar verir. Hər il yüz mindən artıq üzvümüz istirahət və sağlamlıq mərkəzlərinə getmək üçün yollayışlarla təmin edilir. İldən-ilə sanatoriyalarımızın maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, təmir işləri aparılaraq dövrün tələblərinə uyğunlaşdırılır. Burada müalicə olunmaq üçün hər cür şərait yaradılır, pasiyentlərə peşəkar səviyyədə xidmətlər göstərilir. Əlimizdən gələni edirik ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun.
S.Möhbalıyev bildirib ki, digər sanatoriyalarda da növbəli şəkildə təmir işləri aparılır. Bilirsiniz ki, sanatoriyalarda qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Dövlətimiz tərəfindən onlar yeni mənzillərlə təmin olunduqdan sonra boşalan korpuslarda təmir işlərinə başlandı. Biz bu təmir-quruculuq işlərini öz gücümüz, maddi vəsaitimiz hesabına mərhələli şəkildə aparırıq.
Bu yaxınlarda Xaçmaz rayonunun Nabran qəsəbəsində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” İstirahət Mərkəzinin yeni tikilən korpusu istifadəyə verilib. Korpusun açılışı mərasimində mən və sahə Hİ respublika komitələrinin məsul əməkdaşları da iştirak etdi. Üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si üçnəfərlik, 33-ü isə beşnəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub. 2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir. Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar (ümumilikdə 3), ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir.
Sədr həmçinin Buzovna qəsəbəsində yenidənqurma və bərpa işləri aparılan “Xəzər”, Bilgəh qəsəbəsində yerləşən “Bilgəh” Kardioloji Sanatoriyası və Naftalanda yeni tikilməkdə olan sanatoriya haqqında da məlumat verib.
AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir. Azərbaycan həmkarlar ittifaqları tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 100 minə çatıb.
Eyni zamanda AHİK hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinə həssaslıqla yanaşır, müəyyən köməkliyin göstərilməsinə çalışır. Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə təmin olunurlar.
Şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində də işlər görülür. Eyni zamanda Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianələr edirik. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə də vəsait köçürülür.
Şəhid və qazi ailələrinə 4 milyon manatdan çox birdəfəlik yardım göstərilib. Həmçinin AHİK tərəfindən 400-ə yaxın şəhid övladı himayəyə götürülüb. Həm bayram günlərində, həm də uşaqların ad günlərində sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak edir, qayğı və diqqətlərini onlardan əsirgəmirlər.
Ölkə Prezidenti də həmişə şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərməyi tövsiyə edir. Azərbaycan həmkarlar ittifaqları da bu məsələyə həssaslıqla yanaşır.
S.Möhbalıyev sonra istirahət mərkəzinin ərazisini gəzib, tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya baxış keçirib. Məsul şəxslərə xidmətlərin yüksək səviyyədə göstərilməsini və hər hansı bir problemə yol verilməməsini tövsiyə edib.
Azər MUSTAFAYEV