Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqlim dəyişikliyi

həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələr

06.08.2024 23:23
136
A+
A-

Hər birimizə məlumdur ki, hazırda bəşəriyyətin ən böyük fövqəladə həyati problemi qlobal  iqlim dəyişikliyidir. İqlim dəyişmələri qlobal xarakter daşıdığından bütün dünya tərəfindən ona böyük diqqət ayrılır.

Təbii ki, biz  qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etmirik, əslində bu, ciddi mübahisə mövzusudur, əksinə, həmrəy olmağa çalışırıq  ki, istədiyimiz nəticəni əldə edə bilək.

Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə COP29 noyabrın 11-22-də  Azərbaycanda keçiriləcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan ölkələr vətənimizdə bir araya gələcək. Konfrans iştirakçıları yeni öhdəliklər götürəcək və iqlim böhranını həlletmə yollarını birlikdə axtaracaqlar. 

Azərbaycan bu tədbirə təkcə ev sahibi yox, həm də tərəf kimi qatılacaq, mövqeyini sərgiləyəcək, təkliflərini verəcək.

İqlim dəyişikliyi ilə mübarizədə, təbii ki, həmkarlar ittifaqları da dövlətimizin yanında olacaq. Məlumat üçün deyim ki, həmkarlar ittifaqları iqlim dəyişikliyi ilə bağlı ədalətli keçidin təmin olunması prosesində fəal iştirak edir. İşçilərin hüquqlarının qorunmasını, onların keçid prosesində işsizliklə üzləşməmələrini diqqətdə saxlayır.

Yay aylarında araşdırmalar aparılır. Əldə olunan nəticələrə görə, havanın temperaturu 30°C-dən yuxarı qalxdıqda iş yerlərində bədbəxt hadisələrin başvermə riski 5-7 faiz, temperatur 38°C-dən çox olduqda isə qəzaların başvermə ehtimalı 10-15 faiz artır.

Havalar Əmək Məcəlləsində nəzərdə tutulan normadan artıq olanda həmkarlar ittifaqı təşkilatının əməkdaşları müəssisə rəhbərliyi və işçilərlə görüşürlər. Məsləhətləşmələr aparır, işçilərin fasilələrlə işləmək imkanları araşdırılır. İçməli su təchizatı, kölgəli əraziyə giriş və qoruyucu geyimlə təminat, risk qrupunda olan işçilərə günəş şüalarından qorunmaqla bağlı təlim keçirilməsi mütəmadi yoxlanılır və maarifləndirici seminarlar təşkil edilir.

Əməyin mühafizəsi ilə bağlı qaydalara riayət  edilməsi nəzarətdə saxlanılır.

Həmkarlar ittifaqları ağacəkmə kampaniyasında iştirak edir. Təşkilat tərəfindən “Yaşıl Marafon” layihəsi çərçivəsində ölkədə 1 milyona yaxın ağac əkilməsi hədəflənir. Bu, ekoloji vəziyyətin yaxşılaşdırılmasında, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində mühüm rol oynayacaq, təbiətimizin yaşıl gələcəyini təmin edəcək.

“Ölkəmizi, yaşadığımız şəhəri, gələcəyimizi  hifz etmək hər birimizin vətəndaşlıq borcudur” şüarını daim xatırlatmaq üçün silsilə tədbirlər işlənib icra olunur. Bu tədbirlər mətbuatda mütəmadi olaraq işıqlandırılır.

İqlim dəyişmələri və bu proseslərin əsasında duran ekoloji problemlərin törənməsi əksər hallarda insanın sənaye və kənd təsərrüfatında fəaliyyəti ilə bağlıdır. Lakin insanların fərdi şəkildə bilərəkdən və ya bilməyərəkdən vurduğu ziyan da ekologiyanın çirklənməsində, fəsadlara məruz qalmasında az rol oynamır. Bu da əhalinin ekoloji problemlər və iqlim dəyişmələrini törədən səbəblər, həmin proseslərin real və potensial fəsadları haqqında məlumatlandırılması işini gücləndirməyi tələb edir.

Əhalinin bu aktual problemlər haqqında məlumatlandırılmasında mətbuatın rolu olduqca böyük və bir çox hallarda həlledici hesab edilə bilər.

Bu sahədə jurnalistlər çox fəal və çevik,  diqqətli olmalıdırlar. İqlim dəyişikliyi barədə mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqədə olub, baş verən dəyişiklikləri ictimaiyyətə çatdırmalıdırlar. İqlim dəyişikliyi ilə mübarizədə nə etməliyik? Nə etməməliyik? Hansı addımları atmalıyıq ki, gələcək nəsillər qlobal istiləşmə və iqlim dəyişikliyinin səbəb ola biləcəyi digər fəlakətlərlə üzləşməsin. Bütün bunları müzakirə edib həll yollarını bölüşməliyik. Bir sözlə, iqlim dəyişikliyinə qarşı mübarizədə həmrəy olmalıyıq.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: