Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yerli sahibkarlardan hökumətə çağırış

Onlar ət məhsullarının idxalına nəzarətin sərtləşdirilməsini təklif edirlər

06.08.2024 23:37
106
A+
A-

Azərbaycanda qida istehsalı ilə məşğul olan sahibkarlar və şirkətlər İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə müraciət ediblər. Onlar daxili bazarın qorunması məqsədilə xaricdən heyvan və ət məhsullarının idxalına nəzarətin sərtləşdirilməsini təklif ediblər. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari bildirib ki, ölkəmizin qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaq üçün idxal rejimini müxtəlif vasitələrlə gücləndirmək lazımdr. Bu mexanizm sayəsində yerli qida və içki istehsalı üzrə sahibkarların yerli bazarda payını daha da artırmaq mümkündür. Kənd Təsərrüfatı Nazirliyi yerli sahibkarların təkliflərinin müvafiq orqanlarla birgə müzakirə olunacağını, istehsal və emal fəaliyyəti ilə məşğul olan biznes icmasına zəruri dəstəklərin veriləcəyini bildirib.
Yerli istehsalın həcminin artırılması və idxaldan asılılığın azaldılması hökumətin də başlıca strateji maraqlarına daxildir. Çünki ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlı təminatı və qida bazarında xaricdən asılılığın minimallaşdırılması yerli bazar qiymətlərinin sabitliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yerli bazarda milli istehsalın həcmi bir çox mallar üzrə üstünlük təşkil etsə də, qida rasionunda xaricdən idxal olunan malların həcmi də az deyil. Belə ki, ölkəmizə xarici bazarlardan idxal olunan malların sırasında ət və ət məhsulları, bitki və kərə yağı, un məmulatları, müxtəlif növ konservləşdirilmiş mallar, süd və süd məhsulları, meyvə-tərəvəzlərin payı ümumi qida istehlakında 50 faizə bərabərdir. Məsələn, Azərbaycan bitki və kərə yağları ilə özünü 45 faiz təmin edir, qalan hissəsi xarici ölkələrdən gətirilir. Ancaq həmin 45 faizlik yerli istehsalda istifadə olunan komponentlərin də 80 faizi xaricdən gələn xammaldır. Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 80 faizdir. Ancaq bunun tərkibində 75 faiz xarici xammal var. Əksər hallarda idxal məhsulun istehsalı, emalı və qablaşdırılması üçün cəlb edilən texniki avadanlıqlarla bağlı olur. Halbuki bu imkanların ölkə daxilində yaradılması mümkündür. Bu sahədə görülən işlərin sürətləndirilməsi və sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün onlara yeni imkanlar yaradılıb.
Bundan başqa, yerli istehsalın stimullaşdırılması məqsədilə vergi ödəyicilərinə müvafiq vergi güzəştlərinin tətbiqi siyasətinin davam etdirilməsi də istisna edilmir. İndiyə qədər bu istiqamətdə təşviqedici vergi siyasəti yürüdülüb ki, bu da istehsalın böyüməsini stimullaşdırıb. Vergi Məcəlləsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər həmin fəaliyyətdən əldə edilən mənfəətin 50 faizi miqdarında - gəlir vergisindən 7 il müddətinə azaddırlar. Eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan əmlak vergisindən - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə, həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə isə torpaq vergisindən 7 il müddətinə gəlir vergisindən azad olunub.
Bütün bunlara baxmayaraq, yerli istehsalın xammal bazasının xarici bazarla bağlı olması məhsula çəkilən xərcləri artırır, bundan istifadə edən idxalçı şirkətlər isə birbaşa həmin tələb olunan məhsulun özünü nisbətən ucuz qiymətə gətirərək milli istehsalın qarşısıını alır. Yerli istehsal şirkətləri iddia edir ki, xaricdən idxal olunan eyni adda olan məhsulla yerli istehsalın keyfiyyətində xeyli fərq var. Belə ki, hansısa xarici ölkədən idxal olunan qida məhsulu, məsələn, şəkər tozu, yaxud süd məhsulu və yaxud da konservləşdirilmiş tərəvəzlərin keyfiyyəti yerli istehsal malların keyfiyyətindən aşağıdır. Ona görə də sahibkarlar müvafiq qurumlar qarşısında məsələ qaldıraraq idxalı əvəz edən yerli istehsala dövlətin daha əhatəli dəstək verməsini istəyirlər.
Hökumət bu imkanları dəyərləndirərək, bazar araşdırması apararaq perspektivli milli istehsal sahələrinə dəstəkləyici təşviqlərin davam etdiriləcəyini vəd edir. Xüsusilə də ət məhsulları istehsal edən fermer və sahibkarların təklifləri qiymətləndirilərək heyvandarlıq sahəsi ilə məşğul olanların yem tədarükü məntəqələrinin inkişaf etdirilməsi, örüş yerlərinin yaradılması, südçülük emalı müəssisələrinin yenidən formalaşdırılması üçün əlavə kredit resurslarının təmin edilməsi nəzərdə tutulur. Hazırda heyvandarlıq kompleksləri üçün ən münbit ərazi işğaldan azad edilmiş ərazilər hesab olunur. Bu ərazilərin minadan təmizlənməsi genişləndikcə heyvandarlıqla məşğul olanların köçünün artırılması planlaşdırılır. İndiyə qədər Laçın, Kəlbəcər və digər rayonların ərazilərinə mal-qaranın və arı ailələrinin yay köçürülməsinin təmin edilməsi də bu məqsədə xidmət edir. 2023-cü ildən başlanılan bu proses 2024-cü ildən daha da genişləndirilib və onlarla fermer təsərrüfatının Laçın və Kəlbəcər yaylaqlarına köç etməsi öz həllini tapıb. Belə ki, may ayından başlayaraq 9054 baş xırdabuynuzlu, 645 baş iribuynuzlu, 57 baş təkdırnaqlı heyvanların yaylaqlara köçürülməsi təmin edilib. Ötən illə müqayisədə cari ildə yaylaqlara 5357 baş çox xırdabuynuzlu, 469 baş çox iribuynuzlu heyvan aparılıb. Həmçinin cari ildə rayonda 37 arıçı 1 510 arı ailəsini işğaldan azad edilmiş ərazilərə köçürmək üçün müraciət edib ki, bu da ötən illə müqayisədə 673 arı ailəsi çox olub. Onlardan 32 arıçının 1302 arı ailəsi Cəbrayıl rayonuna, 5 arıçının 208 arı ailəsi isə Laçın rayonuna köçürülüb.
Azad ərazilərdə heyvandarlıq komplekslərinin yaradılması Azərbaycanda həmin məhsulların xaricdən idxalını da məhdudlaşdıracaq ki, bu da qiymət sabitliyinə müsbət təsir göstərəcək.

Elbrus CƏFƏROV

ETİKETLƏR: