Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zəfər Muzeyi” konsepsiyası dünyada ilkdir

Memar muzeyin xüsusi guşəsinin “Şəhidlər Zirvəsi” adlı zalı olacağını xüsusilə vurğuladı.

06.10.2021 10:39
166
A+
A-

Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində “Vətən Müharibəsi Memorial Kompleksi”nin və “ Zəfər Muzeyi”nin yaradılması haqqında Sərəncam imzalayıb. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi,  şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə -kompleks ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb və uğurla davam etdirilir. Layihə ilə bağlı millət vəkili Fazil Mustafa və memar Muxtar Ərturan bizə məlumat verdi.

Memar Muxtar Ərturan müəllifi olduğu layihə haqqında  dedi ki, konsepsiya azərbaycanlı və türkiyəli memar, mühəndis və dizaynerlər tərəfindən qarşılıqlı dostluq rəmzi olaraq işlənib hazırlanır. Bu layihələr özündə ən son texnologiyaları tərənnüm edir və bugünkü muzey konsepsiyasının smart versiyasıdır. Yəni gözlərimizin öyrəşdiyi muzey və eksponatlar kimi olmayacaq. Gələcək nəsillərə daha dolğun məlumat ötürmək və zamanın nəbzini tutmaq üçün hazırlanmış “ağıllı muzey” layihəsidir. Layihənin üstün özəlliklərindən biri də odur ki, bütün binada heç bir bələdçiyə ehtiyac olmayacaq. Bina bir növ süni intellektdir. Muzey özü qonaqları qarşılayır, hər bir eksponat özü haqqında məlumat verir. Həmçinin eksponatlar “3D” formatında, hollaqram şəklində hazırlanır.

 M.Ərturan dedi ki, layihə Azərbaycan bayrağının simvollarını öz üzərində daşıyır. O, milli atributlarımızdan olan və Türk dünyasının simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz şəklində, ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilmişdir. Layihə ilk Müstəqillik Bəyannaməsi elan edilən tarixdən bu günə kimi baş vermiş  bütün tarixi hadisələri özündə canlı olaraq əks etdirir. Memorial kompleksin ətrafında landşaft dairəvi formadadır. Buna səbəb isə 8 Noyabr zəfər marşı üçün hərbi, zirehli texnikaların və insan kütləsinin rahat hərəkətidir.

Memar bildirdi ki, binanın birinci mərtəbəsində “Turan Birliyini” əks etdirən gerb vardır. Bu gerb Türk dünyasının simvolikasıdır. Onu üçrəngli bayrağımız əhatə edəcək. Bayrağın üzərində isə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adları xüsusi neon, fosforlu boyalar ilə yazılacaq.  Burada ulu öndər Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin “7D” formatlı holoqrafik təsvirləri ilə, 30 metr hündürlükdən seçilmiş nitqləri səsləndiriləcək. Adi vaxtda burada dünyanın ən böyük holoqram məşəli yanacaqdır. Həmçinin burada “Hərbi Sənaye Muzeyi” fəaliyyət göstərəcək. Muzeyin daxilində müharibədə istifadə olunan silahlar və texnikalar nümayiş olunacaq. Bundan əlavə, “smart rəsm qalereyası”, “smart kitabxanalar” yaradılacaq. Ziyarətçi “smart voice” texnologiyası vasitəsilə, konkret eksponat barədə məlumat ala biləcək. Binanın daxilində “7D” sinema zalı mövcud olacaq.

M.Ərturan onu  da qeyd etdi ki, layihənin başqa üstün cəhətindən biri də  ulu öndər Heydər Əliyevin irsinin araşdırılması muzeyinin orada olmasıdır. Həmçinin binanın daxilində 2 böyük zal nəzərdə tutulub. Burada 20 Yanvar qətliamı və Xocalı soyqırımı hadisələri öz əksini tapır. Ziyarətçilər xüsusi texnologiya vasitəsilə 99% canlı görüntülərlə üzləşəcəklər. Misal üçün, Xocalı zalına daxil olan insan 1 dəqiqə ərzində həmin gün baş vermiş bütün dəhşətləri görmüş olacaq. Bu, vizual  qrafika deyil, canlı 3D holoqramıdır. Hansı ki, dünyanın ən inkişaf etmiş ölkələrində yeni istifadə edilməyə başlayır. Muzey konsepsiyası isə dünyada ilkdir və əminlikə deyə bilərəm ki, bu layihə dünyanın heç bir yerində yoxdur.

Memar muzeyin xüsusi guşəsinin “Şəhidlər Zirvəsi” adlı zalı olacağını xüsusilə vurğuladı. Əlavə etdi ki, burada Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canından keçmiş bütün milli qəhrəmanlarımızın holoqramı yaradılacaq. Biz normal insanları necə görürüksə, holoqram vasitəsilə şəhidlərimizi də canlı görə biləcəyik.

Millət vəkili Fazil Mustafa isə dedi ki, bu layihələr tariximizin ən şanlı  səhifəsi olan Vətən müharibəsinin bir  simvolikasıdır. Ölkə Prezidentimizin bu məsələyə xüsusi diqqət yetirməsi bizim üçün çox sevindirici haldır. Çalışmalıyıq ki,  ölkəmiz üçün xüsusi önəm kəsb edən belə layihələr hərtərəfli şəkildə xarici protokollara da salınsın. Düşünürəm ki, “İstiqlal Muzeyi”ni  ziyarət edənlərin sayı da kifayət qədər çox olacaq və böyük maraq ilə qarşılanacaq. Həmçinin xaricdən gələn qonaqların da Azərbaycanın möhtəşəm qələbəsi haqqında təsəvvürləri daha geniş olacaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımız ilə sanki canlı şəkildə tanış olacaqlar. Bütün bunlar bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün çox qürurverici addımdır. Ümid edirəm ki, yüksək səviyyədə yeni bir arxitektura modelində abidə ucaldılacaq  ki, bu abidə dünyada öz möhtəşəmliyi ilə seçiləcək.

 

Gülöyşə MƏMMƏDLİ