Əlilliyi olan uşaqlar və onların valideynlərinə dəstək məqsədilə keçirilən layihə uğurla başa çatdırılıb
.
Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” layihəsi Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində uğurla başa vurulub.
Layihə 2023-cü ilin sentyabr ayından başlayaraq 2024-cü ilin avqust ayına qədər davam edib. Təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə həmin uşaqlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləmək, valideynlərin pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan övladlarının ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələrinə dəstək verməkdir. Təşəbbüs Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edib.
5 mart 2024-cü il tarixində baş tutan ilk tədbirdə layihəyə könüllü tərəfdaş kimi qoşulan “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu ilə birlikdə əlilliyi olan uşaqlar, onların valideynləri ilə daha yaxından tanış olmaq, layihə təşkilatçıları və layihə ekspertləri üçün əlilliklə bağlı dövlətin, cəmiyyətin onlara qarşı artan diqqətindən, hamımız üçün əlil olma riskinin mövcud olunması ilə bağlı geniş, maraqlı müzakirələr aparılıb.
Layihə proqramına uyğun olaraq 22-25 may 2024-cü il tarixlərində Gəncə şəhərində “Güclü valideynlər, Güclü uşaqlar: Əlilliyi olan uşaqların valideynləri üçün təlim” adlı 3 günlük tədbir həyata keçirilib. İştirakçılar- Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarından qatılan nümayəndələr, əlilliyi olan uşaqlar və 20 nəfər valideyn idi.
Tədbirdə əlillik və ona yanaşma növləri, vətəndaşların dövlət proqramlarına müraciət qaydaları, valideynlərin psixoloji və emosional sağlamlığı, ailədaxili münasibətlər, əlilliyi olan uşaqların adaptasiyasının yüngülləşdirilməsi yolları haqqında geniş maarifləndirici çıxış və təqdimatlar yer alıb. Təlim zamanı həmçinin “V-handmade accessories” qurumunun təsisçisinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqların motivasiyasını yüksəltmək üçün müxtəlif master klaslar da həyata keçirildi.Tədbirdən sonra təşkil olunan fiziki məhdudiyyətli uşaqların sərgiləri ilə yaxından tanış olundu, Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil edilib.
Layihə təlimlərindən toplanılan maraqlı materiallar əsasında “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünün “Güclü valideynlər, Güclü uşaqlar: Əlilliyi olan uşaqların valideynləri” adlı başlıqda hazırlanan videoçarx tədbir sonunda təqdim edilərək böyük rəğbət qazanıb.
Ümumilikdə layihə çərçivəsində 108 əlilliyi olan uşaqların valideynləri arasında sorğu həyata keçirilib. Sorğuda əlilliyi olan uşaqlar və onların valideynlərinin pandemiya zamanı qarşılaşdıqları çətinliklər müəyyən edilib.
Sorğunun nəticəsi olaraq “COVID-19 pandemiyasının Azərbaycanda əlilliyi olan uşaqlar və onların ailələrinə təsirinin öyrənilməsi” adlı elmi məqalə hazırlanıb. Elmi məqalə bu yaxında çapa qəbul edilmiş və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərlik etdiyi beynəlxalq statuslu, ingilisdilli “International Journal of Humanities and Social Development Research” (Beynəlxalq Humanitar və Sosial İnkişaf Tədqiqatları) adlı elmi jurnalın payız nömrəsində çap ediləcək. Əlavə məlumat üçün: www.ijhsdr.com
Digər layihə fəaliyyətimiz kimi əlilliyi olan uşaqların valideynləri üçün təlimat kitabçası da hazırlanıb. Təlimat kitabçası, əlilliyi olan uşaqların valideynləri üçün pandemiya və ya hər hansı bir qlobal sağlamlıq böhranı zamanı da daxil olmaqla, onlara dəstək və yardım olmaları üçün lazımi məsləhətləri özündə cəmləyir. Təlimat kitabçası çap edilərək 100-dən çox ailəyə və 40-a yaxın təşkilatlara paylanılıb.
07 avqust 2024-cü il tarixində layihənin əldə etdiyi nəticələrini ictimaiyyətə təqdim etmək üçün final hesabat-konfrans təşkil olunub. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri, ictimai xadimlər və fəal gənclər iştirak ediblər.
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Dr.Xəyalə Məmmədova əlilliklə bağlı dövlətin və ümumilikdə cəmiyyətin onlara qarşı artan diqqətinin, onların cəmiyyətə inteqrasiya prosesinin daha da sürətləndirilməsi üçün atılan vacib addımlar haqqında geniş məruzə etdi. Həyata keçirdikləri bu layihənin necə vacib rol oynadığını qeyd edərək iştirakçılara və layihə təşkilatçılarına uğurlar arzuladı. Açılışdan sonra layihə tədqiqatçısı Rima Məmmədova layihənin icrası və elmi araşdırmamız haqqında iştirakçılara məlumat verdi. Məruzədən sonra Azərbaycan Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Ramil Malikli, UAFA təşkilatının Uşaq inkişafı üzrə mütəxəssisi, Dr. Ülviyyə Mirzəyeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin endokrinoloqu, Türkiyə Endokrinologiya və Metabolizma dərnəyinin fəxri üzvü Dr. Nurani Alıyeva iştirakçılar üçün çox aktual, maraqlı mövzularla çıxış etdilər. Tədbirin sonunda layihənin hesabat işlərinə dair videoçarx nümayiş olunduqdan sonra iştirakçılar sertifikatlarla təltif olundu, hədiyyələrlə mükafatlandırıldılar. Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbərliyi tədbirin sonunda vəzifələrinin öhdəsindən layiqincə gəldikləri üçün çox sevincli, eyni zamanda çox qürurlu olduqlarını və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. Xüsusi olaraq qeyd etdilər ki, bundan sonra da əlilliyi olan şəxslərə ümid olacaqlarına bacardıqları qədər davam edəcəklər.
Əsli ƏHMƏDOVA