Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağ hər zaman investorların maraq dairəsində olacaq

Bu müqavilələrin Qarabağın yenidən qurulmasında daşıyacağı əhəmiyyəti mütəxəssislər yüksək dəyərləndirirlər.

06.10.2021 10:41
375
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında Qarabağda quruculuq və infrastrukturun bərpası ilə bağlı həyata keçirilən layihələr və investorların cəlb edilməsi məsələsinə də toxundu. O, beynəlxalq enerji şirkətlərini Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” layihələrinə sərmayə qoymağa dəvət etdiyini bildirdi. Onu da qeyd etdi ki, artıq 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb.

Bu müqavilələrin Qarabağın yenidən qurulmasında daşıyacağı əhəmiyyəti mütəxəssislər yüksək dəyərləndirirlər.

İqtisadçı-ekspert Elmir Səfərlinin dediyinə görə, noyabrın 10-da bağlanan üçtərəfli bəyanata əsasən, torpaqların boşaldılması aktı təmin edildikdən sonra iki əsas məsələ gündəmə gəldi: əhalinin rayonlara köçürülməsinin təmin edilməsi istiqamətində ilkin infrastruktur layihələrinin həyata keçirilməsi və regionun iqtisadi aktivliyini təmin üçün müxtəlif sahələr üzrə investisiyaların yatırılması: Hələ Qarabağ probleminin mövcud olduğu dövrlərdə belə, Azərbaycan dünyada investisiya qoyuluşuna görə ən cəlbedici ölkələr sırasında olmuşdur. 1995-2018-ci illər ərzində Azərbaycana ortalama olaraq 140 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb olunmuşdur. Bu sərmayələrin 30%-i Azərbaycan hökumətinin və eləcə də, ölkə sərhədləri içərisində fəaliyyət göstərən müxtəlif özəl qurumların beynəlxalq maliyyə təşkilatlarından aldığı kreditlərin payına düşür. İnvestisiyaların digər qismi isə birbaşa xarici sərmayələr olaraq qeydə alınmışdır. Belə qənaətə gəlmək mümkündür ki, Qarabağ münaqişəsinin həll olunması  ölkəyə olan investisiya marağını daha da artıracaq, yaxın bir neçə il ərzində regiona yatırılması planlanan sərmayələrin həcmi bir neçə dəfə böyüyəcəkdir. Onu da qeyd edim ki, regionun siyasi, coğrafi mövqeyi və eyni zamanda potensial resursları da həm yerli, həm də xarici investorların marağını çəkməkdədir.  Bu gün bir çox beynəlxalq təşkilatlar və bizneslər, öz fəaliyyət sahəsinə uyğun olaraq, azad edilmiş ərazilərə sərmayə yatırmağa hazırdır. Düşünürəm ki, ilkin mərhələdə, kiçik və orta biznes səviyyəsində ediləcək sərmayələr növbəti mərhələdə böyük həcmli investisiyalar üçün xüsusi təşviq rolunu oynayacaqdır. Lakin bir məsələ də var ki, investisiyaların cəlb edilməsindən öncə region üzrə prioritet yatırım planı və sahələri çərçivəsində xüsusi strategiyaların hazırlanması lazımdır. Belə ki, regionun potensial resursları yenidən araşdırılmalı, rayonların mövcud istehsal faktorları diqqətə alınmalı, investisiyalar üçün dövlət və özəl qurumlar tərəfindən təkliflər paketi formalaşdırılmalı və investorlara təqdim olunmalıdır. 

E.Səfərli işğaldan azad olunan torpaqlarda qurulan infrastruktur layihələrindən də söz açdı. Birdirdi ki, hazırda Qarabağda quruculuq işləri ən yüksək sürətlə davam etməkdədir: “Təbii ki, bu gün bütün rayon və qəsəbələrin ilkin infrastruktur layihələri həyata keçirilir. Öncədən də planlaşdırıldığı kimi, ağıllı kənd və ağıllı şəhər konsepsiyasının təməli də elə bu infrastruktur layihələrində nəzərə alınmalıdır. Belə ki, ağıllı şəhər və ağıllı kənd layihəsi vasitəsilə regionda yer alan bütün xidmət və obyektlər vahid sistemdə birləşdirilib idarə olunacaq. Bu isə öz növbəsində regionda ən güclü texnoloji layihələrin tətbiqinə imkan yaradacaqdır. Təbii ki, istər yerli, istərsə də xarici investorlar üçün ən mühüm göstəricilərdən biri də regionun texnoloji inkişaf perspektivinin olmasıdır. Qısacası, deyə bilərəm ki, ağıllı şəhər və ağıllı kənd layihələrinin tətbiqi gələcəkdə Qarabağa investisiya axını üçün xüsusi təşviq rolunu oynayacaq”.

Prezidentin çıxışı zamanı vurğuladığı Qarabağda külək və günəş elektrik stansiyalarının qurulması məsələsinə də toxunan ekspert bu layihənin ölkə iqtisadiyyatı üçün çox mühüm rol oynayacağını dedi: “Aydındır ki, hər bir ölkənin energetika sistemi onun iqtisadiyyatında çox mühüm rol oynayır. Danılmaz faktdır ki, elektrik enerjisinin təminatı ilə bağlı məsələlər olduqca mürəkkəbdir. Enerjinin istehsalı, istehlakı, nəqli, satışı və sairə kimi bu məsələlər digər sahələrdən olduqca fərqlidir. Onu da qeyd edim ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üçün yetəri qədər resurs vardır. Belə ki, aparılan araşdırmalara görə, ölkəmizdə illik 5 min meqavatadək günəş enerjisi, 4 min 500 meqavatadək külək enerjisi, 800 meqavata qədər geotermal yeraltı istilik enerjisi istehsalı potensialı mövcuddur. Onu da deyim ki, Qarabağ regionunun geoloji və coğrafi mövqeyi bu tip enerji mənbələrinin istehsalı üçün olduqca əlverişlidir. Yaxın gələcəkdə Qarabağda alternativ enerjinin istehsalı, külək və günəş enerji stansiyalarının açılması həmin ərazilərə qoyulacaq ciddi investisiyalardan xəbər verir. Bu tip layihələrin həyata keçirilməsi, eləcə də bu layihələr çərçivəsində investisiyaların yatırılması, xarici şirkətlərlə anlaşmalar öz növbəsində regionda “yaşıl iqtisadiyyat” sisteminin qurulmasına gətirib çıxaracaq.

Ümumiyyətlə, Qarabağın mövcud geoloji mövqeyi, iqlim şəraiti və potensial resursları diqqətə alındığında hansı sahələrin prioritet olduğunu aşkarlamaq mümkündür. Belə ki, Qarabağın Kiçik Qafqaz Dağlarında yerləşməsi, əlverişli coğrafi mövqeyə sahib olması turizm potensialının əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə təkan ola bilər. Əslində Qarabağ regionunun turizm potensialından əldə olunan gəlir ümumi ölkənin turizm potensialından əldə olunan gəlirdən çox ola bilər. Bunun üçün tarixi yerlərin, eləcə də regionun təbiəti və ekoloji potensialı bərpa olunmalı, beynəlxalq turizm təşkilatlarının müəyyənləşdirdiyi hədəflər tətbiq olunaraq modern turizm şəraiti formalaşdırılmalıdır.

Bundan başqa, regionda müxtəlif müalicə əhəmiyyətli resursların olması tibbi turizmin, əlverişli iqlim şəraitinə və kənd təsərüfatı üçün yararlı torpaqlara məxsus olması isə kənd təsərrüfatının, bitkiçilik, tərəvəz məhsullarının istehsalına, eləcə də heyvandarlıq sahələrinin inkişafına böyük təkan verəcəkdir. Sadəcə, 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 535 min hektar təşkil edir. Bu baxımdan, kənd təsərrüfatının ən son texnologiyalar vasitəsilə inkişaf etdirilməsi yerli tələbatın ödənilməsi istiqamətində töhfə verəcək, eyni zamanda məhsulların xarici ölkələrə ixrac olunması üçün dəyər formalaşdıracaqdır”.

E.Səfərli Qarabağda mədən, enerji və qida sənayelərinin, şərabçılıq, logistika sektorunun ən çox yatırım olunacaq sahələrdən hesab edildiyini bildirdi. Dedi ki, həmin ərazilərdə bu sahələrin inkişafı hər zaman investorların maraq dairəsində olacaqdır.

 

Aliyə SƏMƏDOVA