Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan beynəlxalq təşkilatları ekoloji terrorun qarşısını almağa çağırır

Oxçuçayda aparılan müşahidələrdən məlumdur ki, bu çayın rəngi tamamilə dəyişib və sanki, sadəcə, sənayə tullantılarının kollektoru rolunu oynayır.

06.10.2021 10:44
63
A+
A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 27 ildən sonra, nəhayət ki, Oxçuçayda monitorinqlər aparmağa başlayıb. Çayın uzunluğu 83 km.-dir. 43 km-i Ermənistandan, 40 km-i isə Zəngilan ərazisindən keçir. Monitorinq çayın təhlükəli səviyyədə çirkləndiyini ortaya çıxarıb. Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden kombinatının tullantı suları birbaşa, təmizlənmədən Oxçuçaya axıdılır. Çayın  suyunun rəngi tamamilə dəyişib. Bu çayda adı Azərbaycan “Qırmızı Kitabı”na düşən nadir balıq növləri yaşayır ki, ekoloji terror onların nəslinin kəsilməsinə səbəb olur. Rəsmi məlumatlara görə, 2019- cu ilə qədər kombinatın səhmlərinin böyük hissəsi Almaniyanın “CRONIMET” şirkətinə məxsus olub.   Azərbaycan beynəlxalq təşkilatları çayın çirkləndirilməsinin qarşısını almaq üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Məsələ ilə bağlı millət vəkili Naqif Həmzəyev ilə söhbət apardıq.

N.Həmzəyev dedi ki, 30 ilə yaxın Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər ilə yanaşı, ekoloji terror da həyata keçirmiş, cənnətməkan Qarabağımızın  meşə fondunu məhv etmiş, ağacları qırıb mebellər hazırlayaraq Avropa və dünya bazarlarında yüksək qiymətə satışa çıxarmışdır. Həmçinin işğal altında olan ərazilərimizin fauna və florasına vurduqları ziyanı saymaqla bitməz.  Eyni zamanda transsərhəd çaylarının çirkləndirilməsinə də öz töhfələrini  vermişlər ki, bu çaylardan biri də Oxçuçaydır. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər. Oxçuçayda aparılan müşahidələrdən məlumdur ki, bu çayın rəngi tamamilə dəyişib və sanki, sadəcə, sənayə tullantılarının kollektoru rolunu oynayır. Tədqiqatlara görə, çayın çirklənmə səviyyəsi normadan dəfələrlə çoxdur. Bu da vəziyyətin necə təhlükəli olduğunu dünyaya əyani şəkildə sübut edir. Belə ki, çaydan götürülən su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların , xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom və digərlərinin yüksək miqdarda olduğu aşkar edilib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan çox olduğu müəyyən edilib.

Millət vəkili bildirdi ki, 1992-ci ildə Finlandiyanın Helsinki şəhərində qəbul edilmiş beynəlxalq konvensiya transsərhəd çayların çirkəndirilməsini qadağan edir. Lakin, Ermənistan Helsinki kovensiyasına qoşulmayıb. Amma biz Ermənistanın çayı davamlı çirkləndirməsi nəticəsində yaranacaq ekoloji risklər barədə və bu çirklənmənin qarşısının alınması üçün təcili tədbirlər görülməsi tələbi ilə beynəlxalq təşkilatlara, o cümlədən  İran İslam Respublikası Ətraf Mühit İdarəsinin rəhbəri İsa Kalantariyə  məktublar göndərmişik. İrana göndərdiyimiz məktubda hər iki ölkənin ətraf mühitinə  təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyi xüsusi vurğulanıb. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupunun yaradılması təklif edilib.

N.Həmzəyev onu da qeyd etdi ki, qanun tanımayan, mentalitetdən uzaq mənfur düşmən suyu çirkləndirməklə həm də Azərbaycana qarşı dolayısı ilə soyqırımı tətbiq edir. Hərbi yol ilə uğur qazana bilmədikləri üçün, özlərinə yaraşan şəkildə belə aciz yollara əl atırlar. Yəni çirkləndirilən su hövzələri həm insan sağlamlığına ziyan vurur, həm də ki, orada yaşayan canlıları, adı “Qırmızı Kitab”a düşən nadir balıq növlərini məhv edir. Ermənilərin bu əməli təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilən ekoloji terrordur. Məhz buna görə də ermənilərin faktiki törətdiyi bu cinayətlərə təkcə Azərbaycan deyil, bütün dünya dövlətləri  öz etirazlarını bildirməlidir.

 

Gülöyşə MƏMMƏDLİ

Foto