Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


E.Hüseynov:“7 yaşına qədər ana südü ilə qidalanmışam,

70 yaşım var, bir dəfə də olsa üstümə təcili yardım çağırılmayıb”

27.02.2021 14:18
86
A+
A-

Hazırda genefondumuzu təhdid edən ən ciddi məsələlərdən biri ana südü ilə bəslədilməkdən imtina edilən körpələrin süni yeməklərlə qidalanmasıdır.  Bu qidaların tərkibindəki soyanın GMO (Geni Modifikasiya Olunmuş) bir komponent olduğu üçün körpələrə nə dərəcədə ziyanı barədə mütəmadi olaraq fikirlər səslənsə də, təəssüf ki, nəticə dəyişməz olaraq qalır. Belə ki, ölkədə  ana südü ilə qidalandırma faizi hətta Mərkəzi Avropa ölkələrindən də xeyli aşağıdır. Təxminən 44-45 faiz həcmindədir. Həkim -pediatr Rəşad Həsənov bu faizin reallıqda daha da aşağı olduğunu bildirdi: “Təbabətdə “ağız südü” deyilən bir anlayış var. Onun tərkibi uşağı xəstəliklərdən qorumaq və müqavimətini artırmaq üçün xüsusi inqiridentlərlə zəngindir. Bu süd mütləq yeni doğulmuş körpəyə verilməlidir.   Ana südünün olmaması və ya yeni doğulan körpə üçün azlıq təşkil etməsi qeyri-mümkündür. Müəyyən göstəricilər var ki, hipatit, spit və s. belə xəstəliklər olarsa, ana südü verilməməlidir. Bundan əlavə heç bir əks-göstəriş yoxdur. Şahidi oluruq ki, çox  vaxt uşaqda müəyyən narahatçılıq (köp, sancı, və sairə) yaranan kimi, bəzi uşaq həkimləri ana südünü əkdirir, sonra mikrob var deyib süd verilməsini dayandırırlar. Bu da yanlış yanaşmadır. Birmənalı olaraq ana südü əkilməməlidir”.

Rəşad həkim bildirdi ki, təbii minerallarla, vitaminlərlə zəngin olduğu üçün ana südü körpənin görmə qabiliyyətinin, zehni və fiziki inkişafının , həmçinin mənəvi-psixoloji durumunun sabitliyi baxımından çox vacibdir. Hətta bu uşaqlarda çox vaxt əmziyə də ehtiyac olmur. Əmzik yeni çıxan  dişləri əyir, çənəni  qabağa doğru meyilləndirir, boğaza, qulağa zərər verir deyə biz körpənin dişləri çıxandan sonra əmzikdən istifadənin əlehinəyik.  Minumum 2 yaşına qədər körpə ana südü ilə qidalanmalıdır. 6 ayından sonra isə südlə yanaşı, əlavə qidaların qəbuluna da başlanıla bilər.

 Gənc analar və xüsusilə ilk dəfə ana olmağa hazırlaşan xanımlar onları 9 ay müddətində müşahidə edən  ginekoloqlar tərəfindən maarifləndirilməlidir.  Bizim bəzi doğum evlərində həkimlər ananın südü ola-ola, süni qidadan da  istifadə təklif edirlər ki, bu da yolverilməzdir.  Bir çox dünya ölkələrində bununla bağlı kifayət qədər videoçarx hazırlanıb yayılır. Məsələn, həkim yeni doğulmuş körpənin yanına nəzarətə gəlir, ananın əlindən süni yemək qarışığı olan butulkanı alıb pəncərədən atır, və sairə. Əgər həkim anaya süni qidaları təklif edirsə, o zaman o  “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunu pozmuş sayılır. Bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov hazırda bu sahənin nəzarətsiz olduğunu və uşaqların gələcəyi üçün təhlükəli ola biləcəyini istisna etmir: “ Ölkədə ana südü ilə bağlı qidalandırmağa dair 4 sosial təşəbbüs var. Biz, birlik olaraqG onları toplayıb bu məsələni həll etməyə çalışdıq.  Burada ən başlıca problem doğum evlərində körpələrə ilk dəfə süni qidanın verilməsi məsələsidir. Ümumiyyətlə, pediatrlarla süni körpə qidası distribüterlərinin əlaqəsi yolverilməzdir. Biz bir neçə il öncə komissiya yaratdıq və bu komissiya ana südünün təbliği və körpə qidalarının araşdırılması ilə məşğul olurdu. Təəssüflər olsun ki, istənilən nəticə əldə edilmədi.  Analar onlara süni yeməkləri təbliğ edən həkimlərin, xəstəxanaların adlarını verməkdən çəkinir, şikayət etdikləri halda belə ad vermirdilər. Bu proses yenə də davam edir. Biz görürük ki, Azərbaycana hətta  3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. Qanunda da göstərilir ki, körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Süni uşaq qidalarının ixracı ilə məşğul olan əsas ölkələrdən biri olan Almaniyada ana südü ilə qidalanan uşaqların sayı Azərbaycandakılardan çoxdur: “Onlar süni uşaq qidaları istehsal edib başqa ölkələrə satırlar. Özlərində isə bu qidalardan istifadə yox dərəcəsindədir. Deməli, belə ölkələr qazanc əldə etmək və məhsullarını satmaq üçün xam müştəri axtarırlar. İnsanlar ayıq olmalıdırlar, xüsusilə də analar. Buna qarşı analarla yanaşı, bütün cəmiyyət mübarizə aparmalıdır. Təkcə həkimlərin deməyi bəs etmir. Körpə qidalarının ki tərkibində soya kompenenti var, bu, GMO kompenentidir. Mən özüm bir dəfə soya südünü içmişəm. Onu bir dəfə içən insan ayrılmaq istəmir. Xəfif şirin dadı olur. Bir sözlə, əhali bilməlidir ki, mümkün qədər körpə qidalarından uzaq durmaq lazımdır. Mən 7 yaşına qədər ana südü içmişəm və 70 yaşım var, bir dəfə də olsa üstümə təcili yardım çağırılmayıb”.

 

Əsli TELMANQIZI