İqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirməli
.
Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində COP29 Sədrliyi tərəfindən Pre-COP29 çərçivəsində “Dayanıqlı və Davamlı Gələcəyin Gücləndirilməsi: İqlim Fəaliyyətində İnsan İnkişafının Rolu” adlı tədbir təşkil olunub.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF, Beynəlxalq Əmək Təşkilatı və çoxtərəfli inkişaf bankları, eləcə də vətəndaş cəmiyyəti və xeyriyyəçilik təşkilatları da daxil olmaqla, qlobal tərəfdaşlarla məsləhətləşmələr yolu ilə hazırlanmış “İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü” təqdim olunub və həmin istiqamətdə müzakirələr aparılıb. Tədbirdə insan inkişafının iqlim dayanıqlığı strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsinin aparılması üçün hökumətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gəliblər.
Tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev həmin təşəbbüsün məqsədinin uşaqların və gənclərin diqqət mərkəzində saxlanılması ilə təhsil, səhiyyə, sosial müdafiə, yaşıl iş yerləri və bacarıqlar vasitəsilə insan inkişafına dəstək vermək və bununla iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilən birinci paneldə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullah, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dooley, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin təmsilçisi Kamran Maşhadi iqlim dayanıqlığının formalaşdırılmasında təhsil, yaşıl iş yerləri və sağlamlığın mühüm rolu, eləcə də uşaqların və gənclərin bu istiqamətdə dəstəklənməsinin vacibliyi ətrafında müzakirə aparıblar.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camalın moderatorluğu ilə keçirilən ikinci panel iqlim fəaliyyətində insan inkişafı üçün maliyyələşdirmənin artırılmasına həsr olunub. Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin direktoru Azər Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo, Dünya Bankının Cənubi Qafqazda insan inkişafı üzrə nümayəndəsi Ahmet Levent Yener, Qlobal Fondun özəl sektor üzrə rəhbəri Con Fairhurst, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq siyasət və əlaqələndirmə departamentinin rəhbəri Can-Villem van de Ven və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel davamlı və dayanıqlı gələcək üçün insan inkişafına investisiyaların genişləndirilməsi məqsədilə innovativ maliyyələşdirmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.