Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Dünya Azərbaycana bu gənclərin gözü ilə baxacaq”

Onların  ölkəmizə geri qayıtmaması Azərbaycanın yenə də lehinədir.

13.10.2021 11:12
103
A+
A-

Prezident İlham Əliyev “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir.  Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır”.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Anar İsgəndərov mövzuya münasibət bildirdi. Dedi ki, bu, təqdirəlayiq bir hadisədir və birmənalı olaraq təqdir olunmalıdır. Hələ vaxtilə sovet dönəmində  ümumili liderimiz Heydər Əliyev azərbaycanlı  gəncləri SSRİ -nin  ən nüfuzlu ali məktəblərinə göndərməyə təşəbbüs göstərmiş və uğur qazanmışdı. O zaman gəncləri SSRİ-dən kənara təhsil almaq  üçün  göndərmək  mümkün deyildi. Mümkün olmayanı o, şəxsi nüfuzundan istifadə etməklə mümkün etdi. Öz şəxsi nüfuzundan istifadə edərək SSRİ-nin ən tanınmış ali məktəblərinə hər il minlərlə azərbaycanlı tələbə göndərirdi. Bu ənənə ölkə Prezidenti İlham Əliyev  tərəfindən də davam etdirildi. Azərbaycanlı gənclər artıq daha geniş coğrafi miqyasda dünyanın ayrı-ayrı universitetlərində təhsilalma şansı qazandı. Hesab edirəm ki, bu proqram digər bir aspektdən də ölkəmiz üçün faydalıdır. Hər bir gənc xarici ölkələrdə Azərbaycan Respublikasının mədəniyyətinin, əxlaqının, milli keyfiyyətlərinin canlı timsalıdır. Azərbaycan həqiqətlərinin carçısıdır. Azərbaycanın haqq işini, başımıza gətirilən bəlaları dünyaya çatdırırlar.

 Millət vəkili qeyd etdi ki, əgər xaricdə təhsil alan min nəfərdən iki yüz nəfəri orda qalırsa, bu bizi qorxutmamalıdır. Onların  ölkəmizə geri qayıtmaması Azərbaycanın yenə də lehinədir. Bizim üçün ən böyük uğur  odur ki, dünyanın harasında olursa-olsun, azərbaycanlı kimi ölkəmizi təmsil etsinlər. Biz cəmi 30 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstəririk və bizimlə bağlı dünyanın məlumatı azdır. Bu, Qarabağ problemində  də özünü  göstərdi. Dövlət başçısı bunu da nəzərə alaraq,  yenidən sərəncam imzaladı ki, azərbaycanlı gənclərin  xaricdə təhsil  alması davamlı olmalıdır. Bir təhsil işçisi kimi, mən əminəm ki, elə bu gənclərin köməyi ilə ölkəmiz gələcəkdə də dünyanın ən ədalətli və demokratik bir dövlət olmasını dünyaya  bəyan edəcək və dünya Azərbaycana o gənclərin gözü ilə baxacaq.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran   Əsədov isə qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın formalaşması üçün mütləq xarici ölkələrdə, xüsusən nüfuzlu universitetlərdə əmək bazarında tələb olunan ixtisaslarda təhsil alanlara ehtiyac var idi: “2007-2015-ci illərdə xaricdə təhsil proqramı ölkə Prezidenti   İlham Əliyev tərəfindən təsdiq edilmişdi və nəzərdə tutulmuşdu ki, 5 min azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa getməlidir. Amma bu proqram çərçivəsində 5 min adam nəzərdə tutulsa da, 2500 nəfər göndərildi. Onların sonuncusu  2022- ci ildə təhsilini başa vuracaq. Ümumilikdə bu proqrama 90 milyon manat vəsait ayrılmışdı”.

Nəyə görə  layihə dayandı? sualımıza cavab olaraq həmsöhbətim bildirdi ki, artıq bir nəslin, xaricdə təhsil almış şəxslərin əmək bazarına nə dərəcədə effektiv olduğunu yoxlayıb öyrənməliydik. Dövlət kifayət qədər vəsait sərf etmişdi və bunun həqiqətən də faydalı, yararlı olduğunu görməliydik. Hesab edirəm ki, nəticə ürəkaçan oldu. Hazırda təhsil, kənd təsərrüfatı və sairə digər nazirliklərdə, universitetlərdə, mərkəzlərdə proqram çərçivəsində xarici universitetlərdə oxuyub gəlmiş kifayət qədər vətəndaşlarımız var. Onların cüzi bir  hissəsi, orda daha perspektivli şərtlərlə işlərə cəlb edilənlər,  geri qayıtmayıb. Proqram yenidən ona görə başladı ki, ölkədə pandemiya dövründə xüsusən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, səhiyyə sistemində ciddi kadrlara ehtiyac yarandığını müşahidə etdik.

- Bu yeni proqramın  2007-2015-ci illərdəki layihədən fərqi nə olacaq?

-Yeni proqramda diqqət daha çox magistratura və doktoranturaya yetiriləcək. Ona görə ki, müddəti azdır. Eyni zamanda xərclər də bakalavrla müqayisədə daha aşağıdır. Məsələn, bakalavr üçün nüfuzlu universitetlərdə  4 illik təhsil 48-50 min dollara başa gəlirsə, 2 illik magistr və doktoranturada bu rəqəm 10-15 min dollar civarındadır. Pandemiyanın vurduğu zərərlərin aradan qaldırılması, ölkədə xidmət sektorunun keyfiyyətli və əlçatan olması üçün nüfuzlu universitetlərdə təhsil almış yeni nəsil gənclərə ehtiyac var.

-Əvvəlki proqramla müqayisədə nələrin dəyişməsini istərdiniz?

- İstərdim ki, bu məsələdə ötən illərdəki müəyyən qeyri-şəffaflıq aradan götürülsün.  Bəzi seçimlərə kənar müdaxilələr olurdu və nəticədə obyektivliyə xələl gəlirdi. İndi hesab edirəm ki, bu, təkcə Təhsil Nazirliyi tərəfindən deyil, digər müstəqil qurumlar və ekspertlər tərəfindən yoxlanılıb seçildikdən sonra  gənclərimiz xarici ölkələrə göndəriləcək və nəticə daha qənaətbəxş olacaq.

-Seçim edərkən əsas diqqət nəyə yönəldilməlidir?

- Bəli, qeyd edim ki,  seçim edərkən diqqəti  təkcə nüfuzlu universitetlərə  yox, eyni zamanda ölkədə əmək bazarında  ehtiyac olan nüfuzlu ixtisaslar üzrə kadr hazırlığına yönəltək lazım olacaq.   

Əsli TELMANQIZI

ETİKETLƏR: