Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Araz Vadisi İqtisadi Zonası”bu layihənin gələcək strateji əhəmiyyəti olduqca böyükdür

Şərqi Zəngəzur bölgəsinin xüsusi əlverişli coğrafi  mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və eləcə də digər işğaldan azad edilmiş rayonlarla logistik əlaqəyə malik olması bu layihənin zərurətini ortaya qoyur.

13.10.2021 11:14
35
A+
A-

Prezident İlham Əliyev oktyabrın 4-də  Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq  “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və sair mühüm obyektlərin təməllərini qoyub. Bu obyektlərin bölgənin iqtisadi inkişafına  hansı töhfələri olacaq? Bu sualla millət vəkili Vüqar Bayramova və iqtisadçı Elmir Səfərliyə müraciət etdik.

 

V.Bayramov dedi ki, torpaqlarımız işğaldan azad edildikdən sonra sənaye potensiallarının reallaşdırılması, xüsusən həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən hesab olunur. Cəbrayılda yeni sənaye parkının yaradılması Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya, eləcə də tranzit imkanlarının artması ilə bağlıdır. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqi Zəngəzur və bütövlükdə Azərbaycanın Qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yol vasitəsilə birləşmək imkanı qazanacaq. Digər tərəfdən isə, Xudafərində gömrük məntəqəsinin fəaliyyətə başlayacağı gözlənilir. Bu da bir tərəfdən həmin ərazilərdə istehsal edilən məhsullar üçün yeni ixrac imkanları deməkdir. Cəbrayılın, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonu ərazisinə daxil olan rayonların təbii ehtiyatları kifayət qədər böyükdür. Bu da, təbii ki, sənaye məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Sənaye Parkının yaradılması sənayeləşmə siyasətidir və işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir. İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla həmin ərazilərimizdə istehsal edilən məhsulların daha geniş bazarlara ixracına imkan yaradır.

E.Səfərli isə  dedi ki, Şərqi Zəngəzur bölgəsinin xüsusi əlverişli coğrafi  mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və eləcə də digər işğaldan azad edilmiş rayonlarla logistik əlaqəyə malik olması bu layihənin zərurətini ortaya qoyur. Sənaye parkının yaradılması, sadəcə, regionun deyil, eləcə də ətraf rayonların uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərini, müxtəlif sahələr üzrə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılmasını, sənaye potensialının inkişaf etdirilməsini ön plana çıxarır. Azərbaycanda bu kimi sənaye parklarının yaradılması, sahibkarlığın, özəl sektorun və xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları nəticəsində yeni zavod, fabrik və istehsal müəssisələrinin yaradılması ölkənin iqtisadi potensialını gücləndirir, iqtisadi rifahın formalaşmasına təkan verir, işsizlik dərəcəsinin azaldılmasına təsir göstərir.

İqtisadçı onu da qeyd etdi ki, bu layihənin gələcək strateji əhəmiyyəti olduqca böyükdür. İlkin olaraq Sənaye Parkının yaradılması regionda digər iqtisadi layihələrin həyata keçirilməsi  üçün böyük motivasiya  rolunu oynayacaqdır. Çalışmalıyıq ki, regionun iqtisadi bərpası və eləcə də müxtəlif sektorlar üzrə yerli və xarici investisiyalar cəlb edərək prosesləri daha sürətli həyata keçirək.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: