Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial iş yeri nədir? Bu barədə məlumat verməyinizi xahiş edirəm.

Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının Agentlik tərəfindən maliyyələşdirilən hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmur.

20.10.2021 10:14
647
A+
A-

Sosial iş yeri nədir? Bu barədə məlumat verməyinizi xahiş edirəm.

Ramin MƏMMƏDOV, Qəbələ rayonu.

- “Məşğulluq haqqında” qanunun 1.1.21 -ci maddəsinə əsasən, sosial iş yeri - işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən iş yeridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na əsasən əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının Agentlik tərəfindən maliyyələşdirilən hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmur.

Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 (on) faizindən çox fərqlənə bilməz.

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 (bir) işəgötürən üzrə 10 (on) sosial iş yerindən çox ola bilməz.

Onu da qeyd etmək lazımdır ki, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

 

İşlədiyim müəssisədə ixtisar aparılır. Mənə də xəbərdarlıq edilib, 4 həftə ərzində özümə iş tapmalıyam. Amma mən maraqlanmışam, deyirlər ki, xəbərdarlıq 2 ay qabaqcadan edilməli idi. Bu məsələni mənim üçün aydınlaşdırmağınızı xahiş edirəm.

Sevda HƏSƏNOVA, Bakı şəhəri.

- Əmək Məcəlləsinə  31 may 2017-ci ildə edilən dəyişikliyə qədər işçilərə edilən xəbərdarlıq, müddətli iş saatında asılı olmayaraq, iki il idi. Bu dəyişikliklə  işçilərin sayı azaldığı və ya ştatları ixtisar olunduğu zaman işçilərə tətbiq edilən  həm rəsmi xəbərdarlıq müddəti, həm də ödənilən  işdənçıxarma müavinətinin məbləği  dəyişdirildi. Belə ki, Məcəllənin 77-ci maddəsinə əsasən,  işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

-bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;

-bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;

-beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;

-on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

Qeyd edilən   səbəbdən əmək müqaviləsi ləğv edildikdə işçiyə işəgötürən tərəfindən onunla  bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: 

-bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;

-bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

-beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

-on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Sizə 4 həftə xəbərdarlıq müddəti əmək stajınıza uyğun olaraq edilib.

Tətilin dayandırılması barədə razılığa gəliblər

ETİKETLƏR: