Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünya bazarında neft və qazın qiyməti artır

artımın iqtisadiyyatımıza təsiri necə olacaq?

20.10.2021 10:49
10
A+
A-

Dünya bazarında neftin və qazın qiymətinin qalxmasının ölkəmiz üçün müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Belə ki, ölkəyə iri pul kütlələrinin daxil olması, gəlirin yüksəlməsi ölkə üzrə inflyasiyanın səviyyəsinin nəzərdə tutulandan daha çox artmasına gətirib çıxardır.

Bu prosesin qarşısının alınması üçün dövlət nə kimi addım atmalıdır? Nə etmək olar ki, ölkə az zərərlə problemin öhdəsindən gələ bilsin?

“Hökumətin bir nömrəli vəzifəsi sosial ehtiyacı olan vətəndaşların iqtisadiyyatda baş vermiş mənfi tendensiyalardan sığortalanmasıdır”. Bunu iqtisad elmləri doktoru, “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisi Nazim Bəydəmirli qəzetimizə müsahibəsində bildirdi. Dedi ki, inflyasiyadan qorunmanın ən başlıca yolu pensiyaların artırılması, eyni zamanda dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarının artırılmasından ibarətdir: “Eyni zamanda iqtisadi fəaliyyəti də stimullaşdırmaq lazımdır ki, ölkə daxilində daha çox mal bolluğu yaransın, insanlar xarici faktorlardan əziyyət çəkməsinlər. Çünki ölkədə istehlak mallarından ciddi asılılıq var. Bunun da qarşısını almağın yolu ölkənin daxilində iqtisadi prosesləri stimullaşdırmaq və sahibkarlığa dəstək olmaqdır. Onu da qeyd edim ki, dövlət şirkətlərinin   məhsulların maya dəyərinin şişirdilməsi nəticəsində tariflər yüksəlir. Tariflər yüksəlirsə, deməli, qiymət artımı yüksəlir, qiymət artımı da inflyasiyanı stimullaşdırır. Yəni bunların hamısı zəncirvari bir-birinə bağlıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov da məsələyə münasibət bildirdi: “Burda iki əsas istiqamətdə iş görülməlidir. Birincisi, bazarda neft, enerji pullarının daxil olması müəyyən qədər məhdudlaşdırılmalı, büdcə transfertlərinin həcmi azaldılmalıdır. Büdcə xərcləmələrinin azaldılması isə inflyasiya təzyiqlərini müəyyən qədər neytrallaşdıra biləcəkdir. İkincisi isə, bazarın liberallaşdırılmasıdır. Liberal iqtisadi modelə keçid, bazarın liberallaşdırılması, rəqabətin dərinləşdirilməsi dolayısı ilə bazarda qiymətlərin optimal səviyyəsinin əldə olunması deməkdir.

Çünki bu gün bazarda qiymətlər kifayət qədər yüksək mənfəət norması tətbiq edilməklə formalaşır. Bu isə inhisarçılığa gətirib çıxarır. Belə bir misal çəkim, bu gün 10 manatlıq  məhsul bazarada 6 manata satılır, yəni 40 faiz artığına. Əgər rəqabət olsa hətta inflyasiya şəraitində qiymət artımı bu səviyyəyə yüksələ bilməz.

R.Həsənov dedi ki, dünya üzrə neft və qazın qiymətinin qalxması büdcəyə təsir edə bilər. Bu təsir nəticəsində də hökumət ekspansiya siyasətinə keçə bilər: “Amma deyim ki, neftin qiymətinin  bahalaşmasının büdcə xərclərinə təsirləri çox cüzidir. Çünki bu, daha çox məhz neft sektorundan daxil olan vergilərdən yaranmış artımdan qaynaqlanan bazadır. Bu, büdcənin təxminən 6-7 faizini təşkil edir. Neft sektorundan daxil olan pullar, belə deyək, dolur hovuza, hovuzdan müəyyən edilmiş həddə transfert olunur Neft Fonduna, ordan da  büdcəyə. Hökumət də daha çox ehtiyatlı davrandığı üçün büdcəyə ayrılmaları ilin yarsında deyil, növbəti ilin başlanğıcında həyata keçirə bilər.

Aliyə SƏMƏDOVA