Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Peşə təhsil sistemində yenilik müasir çağırışlara cavab verəcək

 2020-2021-ci tədris ilindən təhsilalanlara peşə təhsilini seçmək üçün daha bir keçərli səbəb verilib.

20.10.2021 10:51
38
A+
A-

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq. Onun sözlərinə görə, Milli Məclisin növbəti iclaslarında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanun layihələrinə dəyişikliklər ediləcək. Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək.

 İ.Orucov əlavə edib ki, vacib dəyişikliklərdən biri də kredit sisteminin tətbiqi ilə bağlıdır. Yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin (yəni dərs saatlarının həcmi- bir dərs 20 saatdırsa, bu 20 kredit deməkdir)  tətbiqini zəruri edir. Ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov  bildirdi ki, peşə məktəbini bitirənlərə bu imkanın yaradılması kadr hazırlığında keyfiyyəti yaxşılaşdıracaq.Təbii ki, burada həmin tələbələrdən tələb olunan şərt yükək akademik göstəricilərə sahib olmaqdır. Yəni onların ümumi ortalama göstəricisi nə qədər yüksək olarsa, onların ali təhsil müəssisələrinə, yəni öz ixtisaslarına uyğun yerlərə qəbul olmaq imkanları o qədər artıq olacaq. Artıq qarşıdakı illərdə biz peşə təhsili üzrə maraqların həddən artıq artacağını müşahidə edəcəyik. Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir. Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Hazırda edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır.

Təhsil eksperti əlavə etdi ki, əvvəl qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olurdu. 1 il ərzində peşə təhsili alan tələbə İKT-dən istifadə etmək bacarığına, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi. Komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacarmırdı. Bunlara səbəb müddətin az olması idi. Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhsilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi. İndi tətbiq olunacaq qanunda müddətin artırılması peşə təhsilinin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Peşə təhsilinin üç pilləsi var: ilkin, texniki və yüksək peşə təhsili. Dəyişikliyə əsasən, hər üç mərhələni bitirənlər universitetə imtahansız qəbul olmaq imkanı qazanacaq. Peşə məktəblərinə  9-cu sinifdən qəbul olunanlar bu üç mərhələni 4 ilə, 11- ci sinifdən qəbul olunanlar isə 3 ilə başa vuracaq. Hər bir dərs yükü nəticəsində toplanan kreditlər yekunda orta müvəffəqiyyət göstəricisi olacaq. Kredit sistemi universitetlərdə və kolleclərdə tətbiq olunurdu, peşə təhsilində isə indiyədək tətbiq olunmurdu. Ona görə ki, burda daha çox praktik təhsildir. Məsələn, bənnalıq, saç ustalığı, dülgərlik, zərgərlik, maşın ustası, aşpaz və sairə bunların dərs krediti yox idi, müddətsiz idi. İndi isə bunları öyrənmək üçün konkret vaxt ayrılacaq. Kredit isə hamısına yox, yalnız texniki və texnologiya ixtisaslarına aid olunacaq. Heç də bütün ixtisaslar üzrə peşə məzunları universitetlərə qəbul olunmayacaqlar. Bu, yalnız texnologoya ixtisaslarını bitirənlərə aiddir. Attestat qiymətlərinə görə şagirdlər ödənişli də qəbul oluna bilərlər, ödənişsiz də.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: