Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda keyfiyyətli internet infrastrukturu yetərincə inkişaf etməyib

Eyni zamanda əlçatan yerdə də keyfiyyət yoxdur, internet zəifdir, qırılmalar da çox olduğu üçün vətəndaşlar müqavilədə göstərilən sürəti əldə edə bilmir

20.10.2021 10:53
46
A+
A-

Bir istifadəçi olaraq, hamımız bilirik ki,  ölkə ərazisində verilən internetin sürəti qənaətbəxş deyil. Vətəndaşlarımız bu məsələdə bəzən provayder şirkətləri günahlandırır, bəzən isə  kommunikasiya xətlərinin müasir standartlara cavab verməməsini problemin təməli kimi görürlər. Azərbaycan İnternet Forumunun prezidenti (AİF), Multimedia Mərkəzinin direktoru Osman Gündüz də internetin sürəti ilə bağlı problemin olduğunu və hələ də həllini tapmadığını təsdiqlədi.  Bildirdi ki, beynəlxalq təşkilatların statistikalarına baxdıqda adambaşına düşən orta sürətə görə Azərbaycan elə də yaxşı yerdə deyil. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanda həm internetin əlçatanlığı ilə bağlı problemlər var.  Yəni Bakıda keyfiyyətli internetə əlçatanlıq var, amma Bakı ətrafında, rayon mərkəzlərində belə əlçatanlıq yoxdur.  Eyni zamanda əlçatan yerdə də keyfiyyət yoxdur, internet zəifdir, qırılmalar da çox olduğu üçün vətəndaşlar müqavilədə göstərilən sürəti əldə edə bilmir və sair. Bunun digər səbəblərindən biri də odur ki, Azərbaycanda keyfiyyətli internet infastrukturu yetərincə inkişaf etməyib. Böyük əksəriyyət, demək olar ki,  90 faiz  köhnə texnologiyaların üzərindədir.   Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi indi bu istiqamətdə ciddi işlərə başlayıb, yəni əvvəl əsasən inhisarçılıq, monopoliya var idi. Belə ki, yalnız özləri bu problemi həll etmək istəyirdilər, özəl provayderlərin resurslarından istifadə olunmurdu. Amma indi  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özəl provayderlərə çağırış edib ki, gəlin birlikdə bu problemi həll edək. Hazırda bu istiqamətdə şərtlərin dəqiqləşdirilməsi prosesi gedir. Özəl provayderlər ilə müqavilələr bağlanır ki, kəndlərdə və Bakı ətrafında dövlət provayderlər ilə birlikdə xidmət göstərsin. Düşünürəm ki, bu istiqamətdə belə  addımlar atılsa, biz bu problemi tezliklə həll edə bilərik. Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi 2 ilə bu problemin birdəfəlik həll olunacağını bildirib.

Düşünürəm ki, burada  dövlət  provayderlərin üzərində nəzarəti gücləndirməlidir. Yəni  dövlət müstəqil qurumlar ilə bir yerdə monitorinqlər keçirməli, istehlakçıların hüquqlarını qoruyan antiinhisar qurumlar artırılmalıdır. Vətəndaş gedir provayder ilə müqavilə bağlayır, gəlir ofisinə, evinə baxır ki, müqavilədə göstərilən sürəti əldə edə bilmir, vətəndaş sanki çəkidə aldadılır. Belə olan halda ən əsası da ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.  Vətəndaş öz hüququnu qorumaq üçün provayderlərə, dövlət qurumlarına, nazirliyin qaynar xəttinə müraciət edə bilər. Rəqəmsal İnkişaf və  Nəqliyyat Nazirliyi bu istiqamətdə də bir rəqəmsal həll, vahid portal hazırlayır. Yəni vətəndaşlar öz provayderini və  əldə etdiyi sürəti dəyişmək üçün bir şəxsi kabinetdən istifadə edəcəklər. Belə ki, bütün provayderlərin xidməti bir nöqtədən alına biləcək və dəyişilə biləcək. Beləliklə, artıq  vətəndaşın internet xidmətini, sürətini dəyişmək imkanı əldə etməsi internetin keyfiyyətinin artmasına müsbət təsir göstərən amil olacaq.

-Osman müəllim, internet şirkətləri ödəniş qarşılığında 2, 4, 8, hətta daha çox sürət vəd etsələr də, reallıq bu rəqəmləri əks etdirmir. Buna səbəb nədir?

-Bəli, bununla bağlı narazılıqlar çox olur.  Amma vətəndaşın müqavilədə göstərilən sürətləri əldə edə bilməməsi müxtəlif səbəblərdən ola bilər. Birincisi, provayder çəkidə aldadır, müqavilədə göstərilən sürəti vətəndaşa açıq-aşkar vermir.  Yəni vətəndaş 4 alacaqsa, 3 verir və sair. Bu, rəsmən qanun pozuntusudur. Və vətəndaş bununla bağlı nazirliyin qaynar xəttinə, hətta  məhkəməyə də müraciət edə bilər. İnternetin sürətini ölçərək  müqavilədə onlara vəd edilən internet sürətini və onlara verilən real internet sürətini ekran çəkimi etməklə, məhkəməyə sübut kimi göstərə bilər.

Vətəndaş telefon xəttinin üzərindən xidmət alırsa, onda tək provayder yox, həm də telefon xəttinin sahibi olan operator da günahkardır. Bizdə bir çox telefon xəttinə cavab verən dövlət,  özəl operatorlar var. Vətəndaş birinci telefon xəttini qaydaya salmalıdır ki, normal internet ala bilsin.

Onu da qeyd edim ki, ölkənin bir sıra yerlərində yüksəksürətli internet olmadığı üçün məcburi şəkildə telefon kabellərindən istifadə edirik. Bu isə standartlara uyğun deyil. Çünki telefon kabellərinin keçirə biləcəyi maksimum sürət 6-8 meqabit səviyyəsindədir. Dünya artıq çoxdan optik xətlərə keçib. Ona görə aydın məsələdir ki,  oradakı orta sürət 60 meqabit səviyyəsindədir. Elə buna görə də digər ölkələrdən geri qalırıq. Bunun çıxış yolu isə bizdə monopoliya tamamilə aradan qaldırılmalıdır və bir çox şirkətlərə öz internet xətlərini çəkmək üçün icazə verilməlidir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: