Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kommunal xidmətlərin qiyməti artdı

Belə bir dəyişikliyə səbəb yaradan amillər nələrdir?

27.10.2021 11:01
10
A+
A-

Tarif Şurasının oktyabrın 16-da keçirilən növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200-300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir. Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Belə bir dəyişikliyə səbəb yaradan amillər nələrdir? Bu dəyişiklik digər sahələrdə də qiymət artımına gətirib çıxara bilərmi? Sosial rifahın yaxşılaşdırılması baxımından yanvar ayından əməkhaqları və sosial müavinətlərin artırılması kommunal xərclərin qiymət dəyişikliyini kompensasiya edə biləcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli qəzetimizə açıqlamasında bildirdi ki, rəsmi qurumlar əsas iki məsələni önə çəkdilər. Birincisi, dünya bazarlarında neft və qazın qiymətinin artmasını səbəb kimi göstərdilər. Dövlət büdcəsindən ayrılan dotasiyaların  yavaş-yavaş azaldığını və ümumiyyətlə, dövlət büdcəsinə yük olan inhisarçıların, təchizatçı şirkətlərin çıxarılması ilə bağlı qərarın olduğunu isə digər bir səbəb kimi söylədilər: “Amma hər iki söylənən fikirlərin özündə belə anlaşılmazlıq var. Belə ki, dünya bazarında enerji daşıyıcılarının qiyməti qalxıb, bunu qəbul edirik. Ancaq bu artım idxalçı ölkələr üçündür. Biz ki, ixrac edən ölkəyik. Qonşu ölkələrlə, xüsusən də bizə ən yaxın olan Türkmənistanla ölkəmizdəki kommunal xərcləri müqayisə etsək görərik ki, qiymət orada bizimlə müqayisə olunmayacaq dərəcədə ucuzdur. Eyni ilə Özbəkistanı, Qazaxıstanı və İranı da buna misal çəkə bilərik. Gürcüstan və Türkiyədə isə bizə nəzərən bahadır. Yenə deyirəm, adlarını sadaladığım ölkələrin bəzilərinə qaz və elektrik enerjisi məhz Azərbaycan tərəfindən ixrac olunur. Ona görə də düşünürəm ki, dünya bazarlarında gedən proseslərin birəbir ölkəmizdə təkrarlanması doğru deyil.

İkinci bir məsələ isə, dövlət şirkətlərinin rentabelli işləməsidir. Bu, hər kəsin istəyidir ki, dövlət şirkətləri rentabelli işləsin və dotasiyalara möhtac olmasın. Amma rentabelli çalışması üçün ilk növbədə həmin şirkətlərdə daxili audit aparılmalı və xərclər azaldılmalı idi. Yəni rentabelliyə çıxış üçün əsas elementlərdən biri məhz satınalmalardakı izafi, lazımsız və şişirdilmiş xərclərin azaldılması olmalı idi. Bundan sonra, yəni xərclərin optimallaşdırılmasından sonra, əgər yenidən də dotasiyaya ehtiyac yaranardısa, o zaman dotasiya əvəzinə qiymət artımına getmək olardı. Bunlarla bağlı problemlər əvvəlcədən həll olunmadan sırf qiymət artımı hesabına dotasiyaların ləğv edilməsi tamamilə yanlış bir yanaşmadır və bunu büdcədən ayrılan vəsaitin kəsilərək vətəndaşın çiyninə yüklənməsi kimi qiymətləndirmək olar”.

Ekspert bu artımın digər sahələrə də təsir edəcəyini qeyd etdi. Dedi ki, bu artımı biz növbəti aylarda daha çox hiss edəcəyik. Belə ki, mövsümi səbəblərə görə, noyabr ayından başlayaraq hər il Azərbaycanda onsuz da qiymət artımı sürətlənirdi. Yerli məhsulların bazardan azalması, xarici məhsulların üstünlük təşkil etməsi, üstəlik də Yeni il bayramı ilə əlaqəli əhalinin tələbatının artması qiymət artımına səbəb yaradan amillərdir. Nəzərə alsaq ki, artıq soyuq aylar yaxınlaşır və evlərin istilik enerjisi ilə təmin olunması məsələsi də gündəmə gəlir, o zaman biz növbəti aylardan daha ciddi qiymət artımı dalğalarının olmasını görəcəyik: “Nəqliyyatla bağlı məsələ də bu gün kifayət qədər aktuallaşıb. Artıq metropoliten rəhbərliyi dəfələrlə açıqlama verib ki, sərnişin daşınmasının maya dəyəri yüksəkdir. Yerüstü nəqliyyatda da bənzər problemlərin olduğu söylənilir. Və buna görə də avtobus və metropolitendə qiymət artımı və qiymətin dəyişməsi mümkündür. Hətta düşünürəm ki, yanvar ayına qədər bu məsələ tam təsdiqini tapacaq. Ancaq mən bu məsələ ilə bağlı təklif irəli sürmək istəyərdim. Düşünürəm ki, bu məsələlərlə məşğul olan müvafiq orqanlar nəqliyyatı bütöv bir sistem halına gətirməlidirlər. Bəli, bu gün ictimai nəqliyyatın kart sisteminə keçməsi yaxşı haldır. Amma bu da yetərli deyil. Dünyanın bir çox ölkələrində, hətta qonşu ölkəmiz olan Türkiyəni misal çəkə bilərəm, günlük, 6 aylıq və illik, eyni zamanda tələbələr və təqaüdçülər üçün gedişhaqlarının qiymətləri fərqli olur. Məsələn, illik gediş 6 aylıq gedişə, 6 aylıq gediş isə günlük gedişə nisbətən daha ucuz olur. Fikrimcə, bizdə də nəqliyyat sistemi bu cür differensial, çoxpilləli yanaşmaya keçirilərsə, həm insanları ictimai nəqliyyatdan istifadəyə təşviq edə, həm də defferensial yanaşmanı özündə ehtiva edə bilər. Bu da vətəndaşların kifayət qədər məmuniyyətinə səbəb olar”.

N.Cəfərli “əməkhaqları və sosial müavinətlərin artırılması kommunal xərclərin qiymət dəyişikliyini kompensasiya edə biləcəkmi” sualına da aydınlıq gətirdi: “Minimum əməkhaqqı, minimum sosial müavinətlər və təqaüdlərdə artımın 20-40 faiz arası nəzərdə tutulduğu elan edildi. Amma burada önəmli bir məsələ var. Əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artımı paralel olaraq iqtisadiyyatda rəqabətli mühitin gücləndirilməsi, məhsul bolluğunun olması ilə müşayiət olunmayanda, bu, ancaq, obrazlı desək, inflyasiyaya yem olmaqdan başqa bir şeylə nəticələnmir. Yəni problem ondan ibarətdir ki, maaşlar, təqaüdlər artdıqca, qiymətlər də ona paralel olaraq daha sürətlə artır. Ancaq, yuxarıda da qeyd etdiyim kimi, tərəzinin hər iki gözü sabit qalarsa, o zaman qiymətlər daha sürətlə artmaz və nəticə etibarilə insanların aldığı maaşların artımı onların ən azından kommunal xidmətlərinin ödənişlərini kompensasiya etmiş olar”.

 

Aliyə SƏMƏDOVA