Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəssisələrdə işçilərin sağlamlığına necə nəzarət edilir?

Hər üç müəssisədə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan hadisələrin və günlərin sayı 2-3 dəfə və bu hadisələrdən dəyən zərərə xərclənən əlavə ödənişlərin, xəstəlik vərəqələrinin sayı kəskin azalmışdır.

27.10.2021 06:23
22
A+
A-

AHİK-in Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika  Komitəsinin xidmət dairəsinə  daxil olan müəssisə və təşkilatlarda işçilərin sağlamlığının vəziyyətinə  baxış keçirilmişdir.

“Aztelekom” MMC-nin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Bəylər Qurbanovla birlikdə sənədlər araşdırılmışdır. Bir o qədər də böyük olmayan kollektivdə çalışanların əksəriyyəti qadınlardır. Yəni 695 nəfər işçidən 147 nəfəri kişi, 557 nəfəri isə zərif cinsin nümayəndələridir. Kollektivdə əlillər də işləyir. Onlardan 1 nəfəri II qrup, 6 nəfəri isə III qrup əlildir. İstər qadınlar, istərsə də əlillər üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün güzəştlər tətbiq olunur.  Əlillər yüngül işlə təmin ediliblər.

“Azərpoçt” MMC isə kollektiv üzvlərinin sayına görə nazirliyin böyük müəssisələrindən biridir. MMC-nin Azad Həmkarlar İttifaqı Komitəsinə uzun illərdir ki, Eldar Qasımov sədrlik edir. Araşdırmalarımız göstərdi ki, burada işlər düzgün, qaydalara uyğun qurulub. 6534 işçinin (onlardan 5 nəfəri II qrup əlildir) heç biri diqqətdən kənarda qalmır. Hər birinin sağlamlığı nəzarətdə saxlanılır. Kollektiv müqavilədə bu məsələ dəqiq, konkret maddələrlə əksini tapır. Bizə təqdim olunan protokollardan da məlum oldu ki, vaxtaşırı işçilərin sağlamlığı istiqamətində müdiriyyət tərəfindən görülən işlər, müvafiq komissiyaların yoxlamalarının nəticələri komitənin iclaslarında müzakirəyə çıxarılır. Əlil işçilər sağlamlıqlarına zərər gətirməyəcək və fiziki imkanları daxilində işlə təmin olunublar.

“Bakı Telefon Rabitəsi” MMC-də də işçilərin sağlamlığı sahəsində vəziyyət yaxşıdır. Müəssisədə çalışan 6 nəfər II qrup əlil öz işlərindən razıdır. Yüngül işlərdə çalışırlar. MMC Azad Həmkarlar İttifaqı Komitəsinin sədri İsrafil Bəkirovun təqdim etdiyi siyahıdan bəlli oldu ki, MMC-də 2600 işçi çalışır. Onlardan 1200 nəfəri qadın, 1600 nəfəri isə kişidir.

Hər üç müəssisədə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan hadisələrin və günlərin sayı 2-3 dəfə və bu hadisələrdən dəyən zərərə xərclənən əlavə ödənişlərin, xəstəlik vərəqələrinin sayı kəskin azalmışdır.

COVID -19 pandemiyası ilə əlaqədar, məlum səbəblərə görə, yaşlı işçilər evdən onlayn çalışıblar.

Bütün şöbələr  tibbi ləvazimat qutusu ilə təmin olunub.  Təəssüflər olsun ki, baxış keçirdiyimiz müəssisələrin heç birində tibb məntəqəsi yoxdur. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və sağlamlıqlarının qorunması məqsədilə  iş yerləri yaxşı təmin olunmuş və müasir isitmə-soyutma sistemləri ilə təchiz edilmişdir. Sanitar qovşaqlarının durumu qənaətbəxşdir. İstehsalat zədələnmələri və peşə xəstəlikləri qeydə alınmayıb.

İşə yeni qəbul olunan işçilər ərazi üzrə yerləşən sahə poliklinikalarında ilkin tibbi müayinədən keçirilir.

Bakı şəhərində icbari tibbi sığorta tətbiq olunandan sonra işçilərdən  sağlamlıqları ilə bağlı şikayət daxil olmamışdır.

Hər üç müəssisədə sahə poliklinikaları ilə sıx əlaqə  mövcuddur. İşçilərin sahə poliklinikalarında və özəl tibb müəssisələrində müayinə və müalicə ödənişləri, ehtiyac yarananda, həmkarlar ittifaqı komitələrinin  vəsaiti hesabına ödənilir. Mövsümlə əlaqədar zərərli işə cəlb olunan işçilər yaşayış yeri üzrə tibb müəssisələri tərəfindən dövri tibbi müayinədən keçiriliblər.

“Azərpoçt”  MMC-də zərərli iş sahələri yoxdur. “Aztelekom” MMC-də 32 nəfər akkumulyator və kabel işçisi, BTR MMC-də isə 27 nəfər kabel işçisidir. Onların hamısı ildə 1 dəfə, zərərli və təhlükəli işlərdə işlədikləri üçün, tibbi müayinəyə cəlb olunur. Lazım olan halda BTR MMC-nin də işçilərinin  tibbi ödənişi müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin hesabına həyata keçirilir.

“Aztelekom” MMC - nin Azad Həmkarlar İttifaqı Komitəsi rəhbərliklə  birlikdə işçilərin “Nabran” İstirahət  Mərkəzində, “Xəzər” ponsionatında, həmçinin sanatoriya-kurort müəssisələrində istirahətini, müalicəsini təşkil edir. Sanatoriyalara güzəştli qiymətlərlə yollayışlar verir. Kimlərinsə bundan sui-istifadə etməsinin qarşısını almaqdan ötrü işçilərdən tibbi arayış tələb olunur. Bizə təqdim olunan arayışlarda  qeyd olunur ki, işçilərə sanatoriyalara 2017-ci ildə 16, 2018-ci ildə 17, 2019-cu ildə 13, 2020-ci ildə isə 3 yollayış verilmişdir. 2021-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar HİK-ə istirahət və müalicə müəssisələrinə yollayışla bağlı müraciət daxil olmayıb.

“Azərpoçt” MMC HİK   2019-cu ildə 9 nəfəri,  2021-ci ildə 8 nəfəri “Günəşli”, “Şıx”, “Bilgəh”, “Şəfa”, “Xəzər”  sanatoriyalarına və Nabrandakı turist bazalarına göndərilmişdir. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar yollayışların verilməsi dayandırılmışdır. BTR MMC-yə 2018-ci ildə 73 nəfərlik 36 yollayış ayrılıb. Onlardan 27-si sanator-kurort yollayışıdır.

2019-cu ildə 56 nəfərlik  33 yollayış  verilib. Onlardan 25 - i sanator-kurortlaradır.

Hər üç MMC-də maliyyə imkanları daxilində əməkhaqları saxlanılmaqla, üzrlü səbəbdən işəçıxmama hallarına razılıq verilib. Uşaq anadan olduqda ataya 3 iş günü, işçilərin toyu olduqda 5 iş  günü, yaxın qohumu vəfat etdikdə 7 iş günü müddətində icazə verilir.

BTR MMC-də  çalışmış  10 sabiq rabitəçinin uşaqları himayəyə götürülüb və onlara ayda 200-350 manat arası pul vəsaiti ödənilir.

Çernobıl qəzası iştirakçısı  və Qarabağ müharibəsi əlili olan işçilərə hər il 200 manat məbləğində birdəfəlik maddi yardım göstərilir. İşçilərin xəstələnmə halları barəsində həmkarlar ittifaqı komitələrində müzakirələr aparılır, onların əmək qabiliyyətini itirdiyi günlər nəzərdən keçirilir və qərar qəbul olunur.

Hər üç təşkilatın həmkarlar ittifaqı komitəsində işçilərin sağlamlığının qorunması sahəsində iş qənaətbəxş təşkil edilib. İşlərini daha da gücləndirmək məqsədilə baxış keçirdiyimiz müəssisələrin HİK-lərin aşağıdakı tövsiyələrə əməl etməsini vacib sayırıq:

- müəssisələrdə ilkin tibbi yardım göstərilməsi üçün tibb məntəqəsi yaradılsın;

- tibb məntəqələri həkim və ya tibb ba

cısı ştatı ilə təmin olunsunlar;

- işçilərin əmək qabiliyyətinin təhlili müntəzəm aparılsın;

- işçilərin xəstələnmə halları barəsində həmkarlar ittifaqı komitələrində müzakirələr mütəmadi xarakter alsın;

- müəssisələrdə yeməkxanalar təşkil olunsun.

Qeyd etmək lazımdır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ilk təşkilat sədrlərinə lazimi tövsiyə və göstərişlər vermişdir. İş yerləri  dezinfeksiyaedici, tibbi maska, spirt, salfet, əlcək, digər vasitələrlə təmin olunmuşdur.

Sosial məsafə gözlənilmiş, bir o qədər də vacib olmayan görüşlər, ezamiyyətlər təxirə salınmışdır. İşçilərin vaksinasiya olunması prosesinə nəzarət gücləndirilmişdir. Hər bir işçidən vaksinasiya pasportu və immunitet sertifikatı tələb olunmuşdur.

 

Asəf İBRAHİMOV.

Emil HACIYEV.

AHİK-in Sağlamlığın mühafizəsi və sosial  təminat şöbəsinin etimadlı həkimləri

ETİKETLƏR: