Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Eşitmişəm ki, müdiriyyət işçiləri kütləvi ixtisar etməmişdən 3 ay qabaqcadan həmkarlar ittifaqlarına məlumat verir, bu, doğrudurmu?

Eşitmişəm ki,  pensiyaçılar əmlak vergisindən azaddırlar. Bu barədə harada qeyd olunub?

27.10.2021 07:51
21
A+
A-

Eşitmişəm ki, müdiriyyət işçiləri kütləvi ixtisar etməmişdən 3 ay qabaqcadan həmkarlar ittifaqlarına məlumat verir, bu, doğrudurmu?

 

Sənubər VERDİYEVA, Bakı şəhəri.

 

- Qanunvericiliyə əsasən, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Bu tələbləri pozan işəgötürənlər üçün inzibati sanksiya müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin  540.4 -cü maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə -beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Eşitmişəm ki,  pensiyaçılar əmlak vergisindən azaddırlar. Bu barədə harada qeyd olunub?

Sahib ƏLİZADƏ, Şirvan şəhəri.

 

- Vergi Məcəlləsinin 199- cu  maddəsində əmlak vergisindən  güzəştlər və azadolmalar göstərilmişdir.

Məcəllənin 199.3.  maddəsinə əsasən,  binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Göründüyü kimi, Siz əmlak vergisindən tam azad deyilsiniz, ancaq güzəşt hüququndan istifadə edə bilərsiniz.

 

Uşağım 1 yaş 6 aylıqdır. Öz hesabıma məzuniyyət götürmüşdüm. İndi işə qayıtmaq istəyirəm. İstədim ki, uşağın yedizdirilməsi ilə əlaqədar fasilə versinlər mənə. Amma işdən dedilər ki, sənə düşmür. Bu, düzdürmü?

 

  Aynur BAXIŞOVA, Bakı şəhəri.

 

  - Əmək Məcəlləsinin 244 -cü maddəsinə görə, yaşyarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarımına çatmamış iki və daha çox uşağı olduqda, hər fasilənin müddəti azı bir saat müəyyən edilir.

Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır.

Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Amma bu güzəştlər yalnız yaşyarımına çatmamış uşağı olan qadınlara şamil edilir.

 

Müəssisəmizə cərimə tətbiq edirlər. Deyirlər ki, xarici vətəndaşla əmək müqaviləsini pozduqda miqrasiya xidmətinə məlumat verməlisiniz, bu, düzdürmü?

 

   Sevda SƏFƏROVA, Yevlax şəhəri.

 

-Bəli, İnzibati Xətalar Məcəlləsinin 578.5.-ci maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur.

ETİKETLƏR: