Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat müsbət dəyərləndirildi

Tədbirdə AHİ-nin sədri, professor Habil Qurbanovun  hesabat məruzəsi dinlənilib. Sədr çıxışının əvvəlində qəhrəman ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb.

10.11.2021 10:45
17
A+
A-

Noyabrın 5-də AMEA-nın əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2021-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, I və II Qarabağ savaşı iştirakçıları, AMEA-nın institut və təşkilatlarının həmkarlar ittifaqı komitəsi sədrləri iştirak etmişlər.

Tədbirdə AHİ-nin sədri, professor Habil Qurbanovun  hesabat məruzəsi dinlənilib. Sədr çıxışının əvvəlində qəhrəman ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar nəticəsində ölkədə il ərzində çoxsaylı iş yerlərinin açılması, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Qeyd edib ki, ölkədə gedən sosial islahatlar Akademiyanın həyatında da özünü göstərir. Birbaşa bu missiyanı həyata keçirən AHİ elmi fəaliyyətlə məşğul olan əməkdaşların fəaliyyətinə dəstək vermiş, onların əməyini qiymətləndirmək üçün lazımi işlər görmüş, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımlar göstərmişdir. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədilə teatr və konsertlərə biletlərin verildiyini vurğulayıb.

Deyib ki, Azad Həmkarlar İttifaqı və ilk təşkilatlar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna - 74.000 manat, Yaşat Fonduna - 20.000 manat, Qarabağ Dirçəliş Fonduna 30.000 manat ianə edilmişdir. 2021-ci ildə ilk təşkilatlar tərəfindən Yaşat Fonduna  8500 AZN köçürülmüşdür. Azad Həmkarlar İttifaqı 124 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımları etmişdir.

Anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının və İnstitutun həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsi ziyarət olunub. Yeni dərs ilinin başlanğıcında şəhidin övladları Abbasov Feyruz və Abbasov Sirus Teymur oğlunun qayğıları və yaşayış şəraiti ilə tanış olublar. Şəhidin ailəsi və övladları göstərilən diqqət və qayğıya görə dövlət başçısına, onun tapşırıqlarını vicdanla yerinə yetirən hər kəsə və alimlərimizə minnətdarlığını bildirdi. Bundan başqa, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar İttifaqı Komitəsi institutun əməkdaşları ilə birlikdə Xətai rayonu ərazisində yaşayan bir qrup II Qarabağ döyüşlərinin iştirakçısı olmuş aztəminatlı şəhid və qazi ailələrini ziyarət edib, onlara ərzaq yardımı veriblər. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Həmkarlar İttifaqı Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasının kollektivi müharibə dövründə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmiş, ordumuza daşımalarda nəqliyyat dəstəyi göstərmiş, rəsədxana əməkdaşları və həmkarlar ittifaqı komitəsinin nümayəndələri Şamaxı rayonundan olan şəhid və qazi ailələrini ziyarət edərək onlara ərzaq yardımı etmişdir. Məruzədə onlarla belə faktlar diqqətə çatdırıldı. Vətən müharibəsi iştirakçısı olmuş ŞAR əməkdaşlarına Anım günü ilə əlaqədar maliyyə yardımı edilib.

H.Qurbanov qeyd etdi ki, Akademiyada çalışan əməkdaşların sağlamlığı və istirahəti daim diqqətimizdədir. Bu il də Akademiya əməkdaşlarına “Qaranquş”, “Bilgəh”, “Abşeron”, “Şıx”, “Günəşli”, “Naftalan” sanatoriyalarına, “Xəzər” və “Şəfa” istirahət evlərinə  güzəştli qiymətlərlə 209 yollayış verilmişdir. İş başında olan əməkdaşlar istirahət günlərində kollektiv şəkildə həmkarlar ittifaqı komitələrinin təşkilatçılığı ilə bir və ya iki gün ölkəmizin dilbər guşələrində dincəlmişlər.

AMEA Azad Həmkarlar İttifaqı 2021-ci ildə Vətən müharibəsindən sonrakı dövrdə və koronavirus (COVID-19) pandemiyası zamanı 104 nəfərə 9940 manat məbləğində maddi və ərzaq yardımı etmişdir. 1020 manat dəyərində 510 ədəd tibbi maska, 110 ədəd tibbi spirt, 10 qutu rezin əlcək alınıb ilk təşkilatlara paylanmışdır. Milli Elmlər Akademiyasının “Parlaq şəhər” MMC ilə bağladığı müqaviləyə əsasən, AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə Akademiya şəhərciyində yerləşən inzibati binaların 50 min kv.m sahəsi koronavirus pandemiyası əleyhinə dezinfeksiya, dezinseksiya, deratizasiya edilmişdir.

Azad Həmkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edib. Belə ki, 18-80 yaş qrupundan olan Akademiya əməkdaşlarının 70%-i birinci və ikinci doza vaksin olunmuşdur.

Məruzədə hesabat dövründə görülən digər işlərdən də danışıldı.

Məruzə ətrafında çıxışlar oldu. Sonda görüşə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə, həmçinin AHİK-in təsis etdiyi “İlin peşəkar gənci” nominasiyasının qaliblərinə mükafatlar təqdim edildi.

 

ETİKETLƏR: