Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gəncə Dövlət Universitetində Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir

Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

10.11.2021 10:52
13
A+
A-

Noyabrın 3-də Gəncə Dövlət Universitetində universitet rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə böyük bayram tədbiri keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər heyəti, şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən komandir və hərbçilər iştirak etmişlər.

Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra universitetin rektoru, professor Yusif Yusibov qonaqları salamlamış və bu əziz bayram münasibətilə tədbir iştirakçılarına xoş arzularını bildirmişdir. Diqqətə çatdırmışdır ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin 16 nəfər məzunu könüllü olaraq cəbhəyə getmiş və qəhrəmanlıqla vuruşaraq şəhid olmuş, 39 nəfər vətənpərvər isə müxtəlif medallarla təltif olunaraq Vətən müharibəsi iştirakçısı adını almışdır. Onlardan 33-ü tələbə, 6 nəfəri isə əməkdaş olmuşdur. Bu gün haqlı olaraq təhsil ocağının kollektivi bu insanlarla fəxr edir.

O demişdir ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən        8 Noyabr Zəfər Günü elan edilmişdir. Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, cəsur döyüşçü, Suqovuşanın azad olunmasında əsl şücaət göstərən polkovnik Qalib Cəfərov, universitetin fizika kafedrasının müəllimi, şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev, Vətən müharibəsi iştirakçısı, IV kurs tələbəsi Tural Zeynalov, Vətən müharibəsi qazisi, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş Ramin Şirinov çıxış edərək, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər.

Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə təqdim olunan böyük bayram konsertindən sonra universitetin əsas binasında və ikinci tədris korpusunda şəhidlərdən və Vətən müharibəsi iştirakçılarından bəhs edən guşələrin açılışı olmuşdur. İştirakçılar guşənin önünə tər qərənfillər düzmüşlər.

ETİKETLƏR: