Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

AHİK sədri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

17.11.2021 10:48
4
A+
A-

Noyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında olan qardaşlıq münasibətlərindən, bütün sahələrdə inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəkdən söz açılıb.

AHİK sədri bildirib ki, Azərbaycan bayram əhval-ruhiyyəsindədir: “Xalqımız Zəfər Gününü, Dövlət Bayrağı Gününü, Konstitusiya Gününü qeyd edir. Bu ərəfədə türkiyəli qardaşlarımızın bizi ziyarət etməsi bayramlarımızı daha da şərəfləndirir”.

O qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə hərtərəfli əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının daha da sürətlə yüksəlməsində prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri, əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

S.Möhbalıyev vurğulayıb ki, ötən il bütün dünya Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə və xalqın sarsılmaz birliyinə şahid oldu: “Vətən müharibəsində qələbənin qazanılmasında ulu öndər Heydər Əliyevin qoyduğu təməllər mühüm rol oynadı. Məhz qalib Azərbaycan Ordusunun əsası Ulu Öndər tərəfindən qoyulub”. Konfederasiya sədri əlavə edib ki, Vətən müharibəsində Türkiyə dövləti və onun Prezidenti Azərbaycana mənəvi dəstək oldu, qardaş ölkənin dövlət orqanları zəfərimiz üçün bütün müstəvilərdə böyük səy göstərdilər: “Bu gün türkiyəli şirkətlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edir”.

Sonra AHİK sədri Azərbaycan həmkarlar ittifaqlarının yaranma tarixindən, funksiyalarından, bu illər ərzində gördüyü işlərdən, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan həmkarlar ittifaqları İkinci Qarabağ müharibəsində, ictimai təşkilat olaraq, səlahiyyətləri çərçivəsində bütün köməyi və yardımı göstərib, dövlətin hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını diqqətində saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə münasibətlə təbriklərini çatdırıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

O bildirib ki, ölkələrimiz arasında mövcud münasibətlər bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf edir və bu münasibətlər hər bir ölkəyə nümunə ola biləcək səviyyəyə çatıb. Ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi unikal müttəfiqlik nümunəsidir və əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra da artıracağını diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasında mövcud əlaqələri, aparılan təcrübə və fikir mübadilələrini əhəmiyyətli hesab edib.

Daha sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda AHİK sədri Səttar Möhbalıyev tərəfindən qonaqlara “Azərbaycan Həmkarlar İttifaqları - 115 illik” yubiley döş nişanı təqdim olunub.

ETİKETLƏR:

Foto