Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ermənilərin revanş siyasəti də iflasa uğradı Azərbaycan Ordusu düşmənin qəfil hücumunun qarşısını sərtliklə aldı

Son məğlubiyyətdən sonra Paşinyan hansı addımlar atacaq?

17.11.2021 10:53
10
A+
A-

Qanunsuz separatçıların silahlı birləşmələri, Şuşanın Daşaltı kəndi yaxınlığında törətdiyi təxribatdan sonra, Ermənistan ordusu noyabrın 16-da yeni mövqelər əldə etmək məqsədilə Laçın və Kəlbəcər rayonları istiqamətində genişmiqyaslı hücumlar təşkil etdi və layiqli cavabını aldı. Əlbəttə, hazırkı vəziyyətdə ermənilərin hansısa hərbi uğura imza ata biləcəkləri absurddur. Bunu özləri də yaxşı bilirlər. Bəs təxribatlar, hücumlar törətməklə nəyə nail olmaq istəyirlər?

Politoloq İlyas Hüseynov bildirdi ki, düşmən tərəfinin bütün bu cəhdlərinin hədəfi göz qabağındadır. Onlar sərhədlərin delimitasiyası və demarkasiyası, bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərin intensivləşdiyi bir dönəmdə bu cür hərbi təxribatlar törətməklə, danışıqlar masasından yayınmağa çalışırlar. Digər səbəb isə, diqqəti ölkə daxilindəki çaxnaşmalardan, regionda heç də İrəvanın xeyrinə olmayan siyasi proseslərdən ayırıb sərhəddəki döyüşlərə yönəltməkdir.

Artıq regional güclər olan Rusiya, Türkiyə, eləcə də İranın bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı fikri qətidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı ilə görüşündə həmin fikirlər yenidən təsdiqləndi.

Daha bir məsələyə diqqət yetirək: 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın birinci ildönümündə 3 dövlət liderləri arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin Ermənistanın baş naziri, yenidən öz xislətinə sadiq qalaraq, bu görüşdən imtina etdi. Hətta bir sıra siyasi ekspertlər bu fikirdədirlər ki, noyabrın 16-da baş verən təxribatın tez bir zamanda dayandırılmamasının səbəbi Putinin Nikol Paşinyanı bir növ cəzalandırmasıdır. Başqa bir səbəb, yuxarıda da qeyd etdiyim kimi, Paşinyanın cəbhədə vəziyyəti daha da gərginləşdirməklə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağı olan təzyiqləri yubatmağa çalışmasıdır. Eyni zamanda maraqlı bir fakt da bundan ibarətdir ki, Paşinyan artıq yalnız özünə sədaqətliliyi ilə seçilən şəxslərə vəzifə verir və onların hər hansısa sahədə peşəkarlıq vərdişləri və təcrübələri nəzərə alınmır. Elə buna görədir ki, hərbi sahədə heç bir təcrübəsi olmayan bir şəxsi - Suren Papikyanı müdafiə naziri postuna təyin elədi. Daha sonra isə cəbhədə yaranan uğursuzluqları müəyyən qədər kompensasiya etmək üçün ani şəkildə Azərbaycan ərazisinə hücum etdi. Lakin heç bir uğur əldə edə bilmədi və hərbi kampaniyası iflasa uğradı.

Son məğlubiyyətdən sonra Paşinyan hansı addımlar atacaq? Ekspertə görə, o, baş nazir postunda qalmaq niyyətindədir. Bu niyyəti isə üçtərəfli birgə bəyanatın müddəalarının icra olunub-olunmamasından asılıdır. Paşinyan anlayır və tez bir zamanda bəyanata uyğun addımlar atması qaçılmazdır. Əks təqdirdə təxribatların həyata keçirilməsi Ermənistan üçün heç də yaxşı şeylər vəd etmir və onun hakimiyyətinin iflasını daha da gücləndirir.

Hərbi ekspert Şair Ramaldanova görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və konkret dayanıqlı sülhə nail olunmaması səbəbindən qarşı tərəf bu cür təxribatlara əl atır: “Məlumdur ki, Ermənistanda revanşist qruplar hələ də yetərli qədər təsirə malikdir. Onlar xaricdən maliyyələşirlər və müəyyən təxribat xarakterli sifarişlər alırlar. Ona görə də düşünürəm ki, bu, gözlənilən bir haldır və nə qədər ki, dayanıqlı sülh müqaviləsi bağlanmayacaq və Rusiya sülhməramlı qüvvələri də orda olan qanunsuz silah daşıyan erməniləri tərk-silah etməklə bağlı müəyyən addımlar atmayacaq, əlbəttə ki, istər Azərbaycan ərazisində, istərsə də dövlət sərhədində təxribatların bundan sonra da olacağı istisna deyil”.

Hərbi ekspert Üzeyir Cəfərov da məsələ ilə bağlı fikirlərini bildirdi. Dedi ki, Ermənistan belə təxribatları davam etdirəcəyi təqdirdə ən ağır formada cəzalandırılacaq: “Biz sülh və bölgədəki əmin-amanlıqla bağlı qarşı tərəfə kifayət qədər təkliflər verdik və bu məsələ ilə bağlı yetərincə kompromisə getdik. Amma Ermənistan hələ də ağılsızlığını davam etdirir, kimlərinsə sifarişini yerinə yetirir. Amma zərbə yenə də erməni vətəndaşlarına, hərbçilərinə dəyir. Guya hansısa əraziyə sahib oldular? Əlbəttə, yox, əksinə, 2 post belə itirdilər. Ermənistan bunu birdəfəlik dərk etməlidir ki, onlar ya bölgədə normal qonşuluq şəraitində yaşamalı, ya da ki, Azərbaycan onların edəcəkləri təxribatın cavabını yenə daha sərt və amansız şəkildə verəcək Əgər sənin gücün varsa, bir dövlət kimi özünə sahib çıxmalı və sözünü deməlisən. Yoxsa başqalarının sözü ilə oturub-duracaqsansa, ağır duruma düşəcəksən. Hazırkı durum onu göstərir ki, Ermənistan çox ağılsız siyasət həyata keçirir və təbii ki, bu siyasətin axırı yoxdur”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: