Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan Respublikasında əməkhaqqı sahəsində vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri

Maaşların səviyyəsi böyük dərəcədə dövlət tərəfindən müəyyən edilən əməyin ödənilməsinin minimum ölçüsü üzrə təminatla bağlıdır.

17.11.2021 13:30
5
A+
A-

Məlum olduğu kimi, kişi və qadınların layiqli əməyi və bərabərsizliyin azaldılması BMT-nin ümumdünya siyasi proqramının 2030-cu il müddətinə dayanıqlı inkişaf sahəsindəki gündəliyinin prioritetlərinə daxil edilmişdir. Əməkhaqqının artırılması və əməyin ödənilməsində bərabərsizliyin azaldılması onun əsas tərkib hissələridir. 8-ci Dayanıqlı İnkişaf Məqsədi əhatəli və dayanıqlı artımı, tam və məhsuldar məşğulluğu dəstəkləyərək eyni dəyərli əmək üçün eyni əməkhaqqının təmin edilməsinin vacibliyini vurğulayır.

ÜDM-də əməyin ödənilməsi payı bu sahədə tərəqqinin ən mühüm göstəricilərindən hesab olunur və orta əməkhaqqı və əməyin məhsuldarlığı arasında qarşılıqlı əlaqəni əks etdirir. Aydındır ki, bərabərsizliyin artırılması sosial və siyasi birliyi zəiflədir, iqtisadi artıma ciddi zərər gətirir.

Məlumdur ki, artıma təkan vermək üçün istehlakı yüksəltmək lazımdır. Bu isə öz növbəsində əməyin ödənilməsi və sosial müdafiə sahəsində dayanıqlı tədbirlərin həyata keçirilməsini tələb edir. Əks təqdirdə dünya iqtisadiyyatında inkişaf, əməkhaqlarının artımı və layiqli əmək üçün imkanların genişləndirilməsi olmadan mümkün olmayacaq.

Son vaxtlar Azərbaycanda müşahidə olunan dayanıqlı iqtisadi artımı nəzərə alaraq, ölkədə əməkhaqqının yaxşılaşdırılması üçün əlverişli şəraitin yaranmasını qeyd etmək olar. 2019-cu ildə sosial islahatların iki paketi qəbul olunaraq həyata keçirilmişdir. Bunun nəticəsidir ki, pensiya və müavinətlərin həcmi orta hesabla 92%, pensiyaların minimum ölçüsü 72%, minimum əməkhaqqı 92%, dövlət qulluqçularının maaşları 50% artmışdır. 2020-ci ilin əvvəlində pensiya və sosial fondların Beynəlxalq Assosiasiyası tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan minimum pensiya və əməkhaqqı üzrə MDB ölkələri arasında və regionda birinci yerdə qərarlaşmışdır. Hazırda hökumət pensiya və əməkhaqlarının 2022-ci ildə əhəmiyyətli həcmdə artırılması istiqamətində hazırlıq işləri aparır.

Hesablamalara görə, 2020-ci ilin yekunlarına əsasən respublikada orta aylıq əməkhaqqı 707,7 manat (416,1 ABŞ dolları) təşkil etmişdir.

Orta aylıq əməkhaqqının iqtisadiyyatın sahələri üzrə təhlili göstərir ki, Azərbaycan Respublikasında son 10 il ərzində əksər sahələr sürətlə inkişaf etmiş, bu sahələrdə məvaciblər respublika üzrə orta göstəricidən daha yüksək olmuşdur. Məsələn, ötən il orta aylıq əməkhaqqı 707,7 manat olduğu halda, mədənçıxarma sənayesində 3278,6 manat, tikintidə 793,6 manat, nəqliyyat və anbar təsərrüfatında 886, 0 manat, informasiya və rabitə sahəsində 1082,6 manat, maliyyə və sığorta fəaliyyətində 1726,4 manat, peşə, elmi və texniki fəaliyyət üzrə 1188,4 manat, dövlət idarəetməsi və müdafiəsi, sosial təminat sahələrində  957,2 manat olmuşdur.

Son illərdə qeyri-dövlət sektorunda orta aylıq əməkhaqqının səviyyəsi dövlət sektorunun göstəricisini üstələmişdir. Belə ki, 2020-ci ildə qeyri-dövlət sektorunda orta aylıq əməkhaqqı (801,6 manat) dövlət sektorundan (631,4 manat) 27% yüksək olmuşdur, baxmayaraq ki, 2019-cu ildə bu fərqlənmə 44,4% təşkil etmişdir. Dövlət büdcəsindən maliyyələşən sahələrdə (təhsil, səhiyyə, mədəniyyət və s.) çalışan işçilərin tarif (vəzifə) maaşları respublika üzrə orta göstəricisinin 74-75%-ni təşkil edir.

Bu gün hamı dərk edir ki, büdcə sahələrinin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu, nəinki onların müasir elmi və texnoloji inkişafı üçün imkan yaradar, həmçinin həmin sahələrdə çalışan işçilərin layiqli əməkhaqları almasını da təmin edərdi.

Əməkhaqlarında təbəqələşmə amilini öyrənmək məqsədilə statistika orqanları tərəfindən vaxtaşırı iqtisadi fəaliyyət növləri üzrə müəyyən ayın iş günlərini tam işləmiş işçilərə hesablanmış əməkhaqqının ölçülərinə görə bölgüsünə dair müayinələr keçirilir. Belə müayinələr nəticəsində yüksəkmaaşlı və azmaaşlı işçilərin əməkhaqlarının nisbətini hesablamaq mümkün olur. Statistik məlumatlara əsasən, respublikada orta aylıq əməkhaqqından az maaş alanlar 2019-cu ildə 73,1% olmuşdursa, 2020-ci ildə bu göstərici 76,6%-ə qədər yüksəlmişdir. Əməkhaqqının səviyyəsini median göstəricisi daha adekvat təsvir edir. 2020-ci ildə Azərbaycanda median əməkhaqqı 343 manat, ya da təxminən orta əməkhaqqının 45 faizini təşkil etmişdir, yəni işləyənlərin yarısı əhəmiyyətli dərəcədə respublika üzrə orta əməkhaqqından az alır.

Belə bir vəziyyət yaranmışdır ki, iqtisadiyyatda əldə olunmuş uğurlu inkişaf işçilərin çoxuna əhəmiyyətli dividentlər gətirmir, əksinə, onlardan imkanlı şəxslər istifadə etmiş olur. Ona görə də müəssisə və təşkilatlarda əldə olunmuş gəlirlərin ədalətli bölüşdürülməsi, habelə vətəndaşların gəlirlərinin proqressiv vergiqoyma sistemi vasitəsilə dövlət miqyasında yenidən bölüşdürülməsi məsələsinin aktuallığı daha da artmış olur.

Maaşların səviyyəsi böyük dərəcədə dövlət tərəfindən müəyyən edilən əməyin ödənilməsinin minimum ölçüsü üzrə təminatla bağlıdır. Azərbaycan Respublikasında əmək qanunvericiliyinə əsasən, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla, qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ olmaqla ölkə başçısı tərəfindən təyin edilir. Hazırda bu göstərici 250 manat (147 ABŞ dolları) təşkil edir və bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında 6-ci yerə enmişdir. Beləliklə, minimum əməkhaqqının artırılması, onun beynəlxalq standartlara çatdırılması üçün təsirli tədbirlər görülməlidir. O da nəzərə alınmalıdır ki, Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131 saylı Konvensiyasının tələblərinin  yerinə yetirilməsi istiqamətində həmkarlar ittifaqlarının təkidlə apardığı iş respublika hökuməti tərəfindən dəstəklənmiş, bu problem Sosial və İqtisadi Məsələlərə dair Üçtərəfli Komissiyanın iclasında müzakirə edilmiş, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə təkliflər Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bununla yanaşı, xatırlatmaq yerinə düşərdi ki, Milli Məclis tərəfindən hələ 2005-ci ildə ratifikasiya edilmiş Avropa Sosial Xartiyasının mülahizələrinə görə minimum əməkhaqqı və yaşayş minimumu ölkə üzrə orta aylıq əməkhaqqının müvafiq olaraq 60 %-dən və 50%-dən aşağı olmamalıdır. Hesablamalar göstərir ki, Azərbaycanda hazırkı vaxta qədər bu öhdəlik yerinə yetirilməmişdir. Sosial Hüquqlar üzrə Avropa Komitəsi bu nisbətlərin respublikada aşağı səviyyədə olduğunu müşahidə edərək minimum əmək- haqqının aşkar surətdə ədalətsiz olduğunu qeyd edir. Ölkə Prezidentinin 16 oktyabr tarixli qərarına əsasən, ölkəmizdə orta aylıq əməkhaqqının 2026-cı ilə qədər 1000 manata çatdırılması planlaşdırılır. Hesab edirik ki, 2022-ci ildə minimum əməkhaqqı təqribən 400 manat səviyyəsində təyin  edilməlidir. Ölkəmizdə yaranmış iqtisadi imkanlar, əsas iqtisadi göstəricilərdə tarazlığı pozmadan və inflyasiyanın sıçrayışına yol vermədən, bu vəziyyətin öhdəsindən uğurla gəlməyə müsbət şərait yaradır.

Azərbaycan Respublikasının qanunvericiliyində qadın və kişilər üçün məşğulluq baxımdan bərabər imkanlar yaradılmışdır. Ölkədə tətbiq edilən əməyin ödənilməsi sistemində qadın və kişilər üçün bərabər əməyə görə bərabər əməkhaqqının verilməsi prinsipləri nəzərdə tutulur və əməyin ödənilməsində cinsi ayrı-seçkiliyə əsas etibarilə yol verilmir.

Mütəxəsislərin fikrincə, Azərbaycan xalqının milli xüsusiyyətləri ilə əlaqədar olaraq qadınlar ağır fiziki əmək tələb olunan, xüsusi geyimdən istifadə edilən və sair bu kimi sahələrdə işləməyə həvəs göstərmirlər. Azərbaycan qadınları ev qayğıları ilə daha sıx məşğul olduqları üçün yüngül və az məsuliyyət tələb edən işlərdə çalışmağı sərfəli sayırlar. Nəticədə respublikada kişilərin orta aylıq əməkhaqları qadınlara nisbətən yüksək formalaşır.

Rəsmi statistikaya əsasən, qadınların orta aylıq əməkhaqqı 2020-ci ildə 525,6 manat, kişilərdə isə 830,2 manat təşkil etmişdir. Beləliklə, qadınların əməkhaqları kişilərin maaşlarının 63,3 %-ni təşkil etmişdir.

Ölkə iqtisadiyyatının bir sıra sahələrində işçilərin çoxunu qadınlar təşkil edir. Belə ki, səhiyyə sahəsində çalışan muzdlu işçilərin 72,6 %-i, təhsildə 73,3%-i qadınlardır. İqtisadiyyatın bu sahələrində fəaliyyət göstərən mütəxəssislər əsasən dövlət büdcəsindən maliyyələşdirilir ki, burada tarif (vəzifə) maaşları nisbətən aşağıdır. O da qeyd olunmalıdır ki, qadın işçilərin çoxluq təşkil etdiyi təhsil və səhiyyə sahələrində kişilərin maaşları müvafiq olaraq 26,6% və 44,2 % çoxdur.

Əməkhaqlarının tənzimlənməsi Baş Kollektiv Sazişdə xüsusi yer tutur. Bu sazişdə minimum əməkhaqqı üzrə həmkarlar ittifaqlarının mövqeyinin müəyyən edilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, müəssisələrdə əməkhaqqının ölçüləri haqqında danışıqların aparılması üçün təkan nöqtəsidir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış və hazırda qüvvədə olan Baş Kollektiv Sazişdə əməyin ödənilməsi ilə bağlı əhalinin gəlirlərinin artmasını təmin edən siyasəti davam etdirmək, minimum əməkhaqqı, yaşayış minimumunun göstəricilərinin BƏT-in 131 nömrəli Konvensiyasının tələblərinə və Dəyişdirilmiş Avropa Sosial Xartiyasının tövsiyələrinə uyğun müəyyən edilməsini təmin etmək, minimum əməkhaqqı məbləğinin və pensiyaların, ehtiyac meyarının həddinin ölkə üzrə real yaşayış minimumunun səviyyəsinə yüksəldilməsi işini davam etdirmək, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək və s. bu kimi öhdəliklər əks olunmuşdur.

Əməkhaqqının tənzimlənməsi işinin əsasını sahə (tarif) sazişlər təşkil etməlidir. Bu sənədlərdə əməkhaqqı normalarını təyin etmək yolu ilə işəgötürən və muzdlu işçilər arasında sosial-əmək münasibətlərində aşağı hədd müəyyən olunur. Təsadüfi deyil ki, sazişlərin çoxunda “tarif” sözü mövcuddur. Qeyd etmək lazımdır ki, sahə (tarif) sazişlərin əksəriyyətində minimum əməkhaqqının miqdarı, kompensasiya və həvəsləndirici xarakter daşıyan ödənişlərin və digər əlavə haqların verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bu sazişlərə məhsulun maya dəyərində əməkhaqqı payının aşağı salınmasının yolverilməzliyi, əməkhaqqlarının indeksləşdirilməsi kimi məsələlərin daxil edilməsi tövsiyə oluna bilər.

Kollektiv danışıqlar aparılarkən əməyin ödənişinin strukturunda tarifin xüsusi çəkisinə aid məsələlərə baxılmasına və müvafiq öhdəliklərin qəbul edilməsinə xüsusi diqqət yetirilməlidir. Bu göstərici nə qədər çox olsa, əməyin ödənilməsi ölçüsü daha obyektiv olar, onun miqdarı müəyyən edilərkən subyektiv amillərin təsiri isə azalar. Lakin bu məsələ çox hallarda həmkarlar ittifaqlarının diqqətindən yayınır. Sahə sazişlərinin çoxunda tarifin tənzimlənməsi minimum tarifin (minimum əməkhaqqının) müəyyən edilməsi ilə məhdudlaşır. Əldə olunan məlumatlara əsasən, əməkhaqqında tarifin faktiki payı 45% belə təşkil etmir.

Sahə danışıqları prosesində çətinliklər əsas etibarilə işəgötürənlərin (sahibkarların) sahə qurumlarının ya zəifliyi və ya mövcud olmaması ilə, onların sosial dialoqda maraqsız olması ilə bağlıdır. Bu təşkilatlar kollektiv müqavilələrin müəssisə səviyyəsində bağlanmasını üstün tuturlar. Çünki burada onların mövqeləri daha güclüdür. Etiraf olunmalıdır ki, müvafiq həmkarlar ittifaqları da kifayət qədər fəal deyillər. Bütün bunlar əməyin ödənilməsi üzrə sahə danışıqlar prosesinin bundan sonra daha da inkişaf etdirilməsini və təkmilləşdirilməsini tələb edir.

Mövcud təcrübə göstərir ki, əməyin ödənilməsi məsələlərində muzdlu işçilərin və işəgötürənlərin maraqlarının toqquşması iqtisadiyyatın mikro səviyyəsinə təsadüf edir: əməyin ödənilməsinə dair şərtlər danışıqlar zamanı müəssisədə (təşkilatlarda) dəqiqləşdirilib kollektiv müqavilələrə daxil edilir, yerli əhəmiyyətli lokal normativ sənədlərdə və işçilərin əmək müqavilələrində əks olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bütün digər hallarda əməyin ödənilməsi ilə bağlı məsələlər kollektiv müqavilələrdə, onlar olmadıqda isə, əmək müqaviləsi ilə  və ya işəgötürənlərlə həmkarlar ittifaqı təşkilatı arasında razılaşmalarla müəyyən edilir.

Həmkarlar ittifaqları vasitəsilə maraqların kollektiv müdafiəsi, sözsüz ki, layiqli əməkhaqqı uğrunda mübarizədə muzdlu işçilərin imkanlarını daha da gücləndirir. Lakin o da bir həqiqətdir ki, müəssisələrin çoxunda həmkarlar ittifaqı təşkilatları mövcud deyil. Habelə həmkarlar ittifaqı təşkilatları olduğu müəssisələrdə də kollektiv müqavilələrin əhatə dərəcəsi qənaətbəxş hesab oluna bilməz. Təcrübə göstərir ki, iqtisadiyyatın həmkarlar ittifaqı təşkilatları təsis edilməyən və ya kollektiv müqavilələr olmayan sektorlarında əməkhaqlarının müəyyən edilməsi əmək qanunvericiliyinin pozulması ilə müşayiət olunur. Görünür ki, AHİK və onun üzv təşkilatlarında bu istiqamətdə  fəaliyyət gücləndirilməlidir.

Müəssisələrdə bağlanan kollektiv müqavilələrdə, bir qayda olaraq, əməyin ödənilməsi üzrə bölmə mövcuddur. Bir çox müəssisələrdə əməyin ödənilməsinə dair Əsasnamə işlənilmişdir və o, kollektiv müqavilənin tərkib hissəsidir.

Kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqları bu sənədə əməkhaqqında tarifin xüsusi çəkisini müəyyən edən maddənin daxil edilməsini, müxtəlif əlavələrin, güzəşt və kompensasiyaların təyin edilməsinə xüsusi diqqət yetirməlidir.

Təhlillər göstərir ki, Azərbaycanda mövcud əlverişli iqtisadi vəziyyət həm nominal, həm də real əməkhaqqının artırılması, onun minimum səviyyəsinin əhəmiyyətli dərəcədə qaldırılması üçün zəmin yaratmışdır. Əməkhaqqının olduqca aşağı baza səviyyəsini, məvaciblərdə kəskin fərqlənməni nəzərə alsaq, o zaman gəlirlərin və ilk növbədə əməkhaqqının səmərəli siyasətinin təkmilləşdirilməsinin zəruriliyindən danışmaq olar. Aşağı səviyyəli əməkhaqqı probleminin həlli əsas iqtisadi və sosial vəzifə kimi qalmaqdadır.

ETİKETLƏR: