Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkdilli dövlətlər təşkilatı

qlobal gücə çevrilmə yolunda...

17.11.2021 13:42
114
A+
A-

İstanbulda türkdilli dövlətlərin əməkdaşlıq şurasının sammiti başa çatdı. Görüşdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Macarıstanın liderləri və hökumət nümayəndələri iştirak edirdilər. 

Qeyd edim ki, Əməkdaşlıq Şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. Məhz bu təklifsonrası Türk Şurası 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan müqaviləsi ilə qurulub.

2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündən sonra isə Azərbaycan təşkilata sədrliyi üzərinə götürmüşdür. Coğrafiyası genişlənən Türk Dövlətləri Təşkilatının Azərbaycanın sədrliyi dövründə (2019-2021)  dünya ictimaiyyətində nüfuzunun artması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi ilə bağlı suallarımızı  millət vəkili  Tural Gəncəliyev cavablandırdı. Dedi ki, türkdilli dövlətlərin əməkdaşlıq şurasının sammitində çox vacib olan amillərə toxunuldu. İlk növbədə bu qurum artıq beynəlxalq təşkilata çevrildi.   Bu göstərir ki, türkdilli dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusilə 21-ci əsrdə inkişafda, artıq dünyada güc mərkəzinə çevrilməkdə olan türk dünyasının irəli sürdüyü bir layihə kimi nəzərdən keçirilir. Artıq  inkişaf strategiyası planlaşdırıldı:   “Türk dünyası vizionu -2040”.

 Millət vəkili qeyd etdi ki, təşkilatın 8-ci Zirvə Görüşünün ən əlamətdar hadisəsi  isə Azərbaycan Prezidentinin türk dünyasının Ali Mükafatına layiq görülməsi idi. Və ölkə Prezidenti bu ödülün Azərbaycan xalqına verildiyini, ümumilikdə xalqın mükafatı olduğunu söylədi. Azərbaycanın sədrlik etdiyi illərdə prosesləri təhlil etsək, bu dövrdə türkdilli ölkələrin həyatında yeni əməkdaşlıq səhifəsinin açıldığını görürük. Ölkəmizin bu təşkilata iki il sədrlik etməsi türkdilli dövlətlərin bir təşkilatda formalaşması prosesinə  çox güclü zəmin yaratdı. Türk Dövlətləri Təşkilatı xüsusilə Avrasiya qitəsinin ürək hissəsini əhatə edən türk dünyasında, Aralıq, Qara və hətta Xəzər dənizi regionunda qardaşlıq, əməkdaşlıq ittifaqı qurdu. Azərbaycan-Türkiyə platformasından çıxış edərək Türk dünyası Orta Asiya türkdilli ölkələrinin “Türk dövlətləri birliyi “adı altında daha da sıx inteqrasiya olmasına rəvac verdi. Ümumiyyətlə, “Türk dünyası vizionu-2040” adlı strateji konseptual yanaşmanın da məhz indi ortaya qoyulması və  türk ölkələrinin liderləri tərəfindən dəstəklənməsi təsadüfi hal deyildi. Bu dünyada artıq sürətlə  dəyişməkdə olan yeni münasibətlər sistemi, təhlükəsizlik arxitekturası, beynəlxalq münasibətlərdə daha əhatəli  bir səviyyəyə keçidin və türk dünyasının  çağırışlara hazır olması baxımından irəli sürülən çox ciddi bir konseptual yanaşmadır. Və burada böhranlı vəziyyətlərdə həmrəyliyin, birliyin, qardaşlığın  necə faydalı olacağı sərgilənir.

Türk Şurasının Qarabağ Zəfərindən sonra  siyasi fəaliyyətdə güc mərkəzinə çevrildiyini deyən millət vəkili vurğuladı ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən  qalib çıxmağımız türk dünyasına bir stimul oldu. Türkiyə- Azərbaycan qardaşlığını nümunə götürərək digər türk dövlətlərinin də türk dünyasında maraqlı olmalarına, hətta qeyri-türk dövlətlərinin də balkanlarda, Avropada və digər regionlarda türk dünyasının  artan nüfuzu səbəbindən bu quruma qoşulmaq, əməkdaşlıq istəkləri açıq-aydın özünü büruzə verir. Qardaş Türkiyə Cümhuriyyətinin Yaxın Şərqdə, Avropada , xüsusilə son zamanlar Afrikada artan nüfuzu, Müstəqil Dövlətlər Birliyi ölkələri ilə əməkdaşlıq əlaqələri, o cümlədən Orta Asiya regionuna Türkiyənin nüfuz etməsi bir daha onu göstərdi ki, Avrasiya İttifaqının gələcəyi türk dünyasının gələcəyi ilə çox bağlıdır.

Bildiyimiz kimi, Türkmənistan da bu təşkilata qədəm qoymaq üzrədir. Türkmənistan dövlət başçısı da həmin sammitdə iştirak edirdi. Eyni zamanda Macarıstanın, Ukraynanın da, qeyri-türk ölkələri olsalar da, bu təşkilatda müşahidəçi statusunda təmsil olunmaları diqqət cəlb edir. Hesab edirəm ki, türk ölkələri təşkilatının gələcəyi çox parlaqdır. İnanıram ki, artıq dünyanın güc mərkəzləri bu təşkilatla münasibətlər qurmaqda, əməkdaşlıq etməkdə maraqlı olacaqlar.

Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra artıq biz cari təhlükəsizlik sisteminin, beynəlxalq münasibətlər sisteminin dəyişikliyə məruz qaldığının şahidiyik. İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya sisteminin artıq müasir çağırışlara cavab vermədiyini hamımız müşahidə edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin kürsüsündən dəfələrlə çağırış edib ki, dünya 5-dən böyükdür. Yəni BMT-nin Təhlükəsizlik Şurasının  5 daimi üzvü artıq dünyanın taleyini həll etmək iqtidarında deyildir. Bu çağırış göstərir ki, dünyanın, xüsusən də beynəlxalq təhlükəsizlik sisteminin yenidən  nəzərdən keçirilməsinə ehtiyac vardır.

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto