Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bu artım, az da olsa, əhalinin yarasına məlhəm olacaqmı?

Yaşayış minimumu artaraq 210 manat, ehtiyac meyarı həddinin isə 30 manat artaraq 200 manat olacağı nəzərdə tutulur.

17.11.2021 13:48
4
A+
A-

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən, 2022-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı həddi artırılacaq. Belə ki, yaşayış minimumu artaraq 210 manat, ehtiyac meyarı həddinin isə 30 manat artaraq 200 manat olacağı nəzərdə tutulur.

Bu artım, az da olsa, el dili ilə desək, əhalinin yarasına məlhəm olacaqmı? Nəzərə alsaq ki, ərzaq və qeyri-ərzaq məhsulları, kommunal xidmətlərin qiymətləri artıb. Orta qazanclı bir ailə qiymət artımından sonra aylıq tələbatın ödənilməsində çətinliklə qarşılaşır. Biz də araşdıranda görürük ki, təkcə kommunal artım minimum əməkhaqqının təxminən 20 faizə qədəri edir. Bu nə dərəcədə doğrudur? Yanvar ayından əməkhaqlarının, pensiyaların və müavinətlərin artımı bahalaşma ilə aradakı fərqi ödəyə biləcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, ümumiyyətlə götürəndə 2020-ci ildən etibarən Azərbaycanda yoxsulluq statistikası artıb: “Buna da səbəb yaradan iki amil var. Birincisi, faktiki olaraq pandemiya iqtisadiyyatda fasilələrin yaranmasına gətirib çıxarıb. Bu, bir sıra istiqamətlərdə dolayısı ilə həm biznesin, həm də muzdla çalışan və məşğul əhalinin gəlirlərinin azalmasına səbəb olub. Belə desək, bu, daha çox leqallaşma istiqamətində təzyiqlərdən formalaşan artımdır. İkinci səbəb isə qiymət artımlarıdır. Qiymət çox sürətlə artır. Qlobal səviyyədə bu problem müxtəlif formalarda müşahidə olunmaqdadır. Pandemiya, demək olar ki, istehsal prosesini pozub, nəqliyyat xərcləri çox sərt şəkildə bahalaşıb, eyni zamanda 2021-ci ildə quraqlığın müşahidə olunması və enerji qiymətlərinin də son aylarda bahalaşması nəticədə ərzaq məhsullarında 30 faiz və daha çox bahalaşmaya gətirib çıxarıb. Bütövlükdə götürəndə bir sıra ərzaq, qeyri-ərzaq, gündəlik tələbat məhsulları bazarında idxaldan asılı ölkə olduğumuz üçün də dolayısı ilə də inflyasiyaya səbəb olur. Və bu, son nəticədə gəlirlərin dəyərsizləşməsinə gətirib çıxardır. Təbii ki, Azərbaycan hökumətinin 2021-ci ildə qəbul etdiyi qərarlar da burda az rol oynamayıb. Sizin də qeyd etdiyiniz kimi, kommunal xidmətlər, yanacaq və sair hökumətin özünün birbaşa inhisarçı olduğu sahələrdə qiymətlər əhəmiyyətli səviyyədə artırılıb. Sadəcə, nümunə üçün deyim ki, Nazirlər Kabinetinin təsdiq etdiyi istehlak zənbilinə görə ayda bir nəfər üçün su norması 6 kubdur. Sadəcə, suyun qiymətinin artımından bir nəfər üçün ay ərzində 3 manat əlavə xərc yaranır. Nəzərə alsaq ki, orta statistik ailə Azərbaycanda 4,4 nəfərdir. Bu da o deməkdir ki, təkcə suyun qiymətində təxminən 13 manat artım var. Rəsmi statistikadan yola çıxmış olsaq görərik ki, muzdla çalışanların orta aylıq əməkhaqqı ilin ötən dövrü ərzində cəmi 2,2 faiz artıb ki, bu da gəlirlərin çox aşağı templə artdığının bariz göstəricisidir. Üstəlik də, məhdud imkanlar daxilində bir sıra məhsullar üzrə qiymətləndirmələr aparılması göstərir ki, indiki dövr ərzində inflyasiya səviyyəsi təxminən 15-18 faiz arasındadır. Bu göstərici reallıqda dövlətin açıqladığı statistikadan 2-3 dəfə çoxdur”.

“Yanvar ayından əməkhaqlarının, pensiyaların və müavinətlərin artımı bahalaşma ilə aradakı fərqi ödəyə biləcəkmi?” sualını cavablandıran ekspert bildirdi ki, bunun üçün reqressiv gəlirlərin artımı metodologiyasından istifadə olunmalıdır. Daha az gəlirlər daha yüksək faizlərlə artırılmalıdır: “Düşünmürəm ki, 20-40 faiz artım bütün sahələr üzrə olsun. Bu qədər artım sadəcə bir neçə indiqator üzrə, yəni böyük ehtimalla minimum pensiya və minimum əməkhaqqı üzərində nəzərdə tutulmuş artımdır. Ümumi götürəndə orta aylıq gəlirlərin səviyyəsinin ən yaxşı halda 5 faiz artacağı güman olunur. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun göstəricilərinə görə, 2022-ci ildə 1 milyon 205 min pensiyaçının orta aylıq pensiya artımı adambaşına 17 manat 50 qəpik olacaq ki, bu da pensiyaçıların gəlirlərinin ötən illə müqayisədə 5 faiz artacağı deməkdir. Onu da deyim ki, bu dağılımda ola bilsin ki, dediyimiz reqressiv yanaşma da ortaya qoyula bilər. Yəni daha çox pensiya alanlara, misal üçün, 5 manat, daha az pensiya alanlara isə 25 manat əlavə olunsun.Təbii ki, bununla bağlı hələlik dəqiq nəsə demək olmur. Bilinən odur ki, yüksək səviyyədə artımlar gözləmək, loru dildə desək, sadəlövhlük olar”.

R.Həsənov  onu da qeyd etdi ki, minimum istehlak səbətinin dəyərinə hər il mütəmadi olaraq baxılmalıdır: “Bununla bağlı əsas 2 məsələni vurğulamaq istəyirəm. Birincisi, bizdə istehlak səbətinin tərkib hissəsi çox zəif formalaşıb, belə ki, çox keyfiyyətsiz məhsullara üstünlük verilir. İkincisi isə, qanunvericiliyə görə istehlak səbətinin göstəricisinə 3 ildən bir baxılır. Nəzərə alsaq ki, minimum istehlak səbəti yaşayış minimumunun tərkibindədir, bu da həm icbari ödənişlərin, həm də vətəndaşların istehlak etdiyi ən zəruri məhsulların dəyərini ifadə edir. Ona görə də düşünürəm ki, bu məsələyə qanunvercilik çərçivəsində 3 ildən bir deyil, hər il baxılmalı və mütəmadi olaraq dəyəri və keyfiyyəti nəzərdən keçirilməlidir”.

 

Aliyə SƏMƏDOVA